“Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika elmi konfransı

Sumqayıt Dövlət Universitetində (SDU) Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.

 

Konfransda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzov və bir sıra ali təhsil müəssisələrinin görkəmli iqtisadçı alimləri iştirak ediblər.

 

Əvvəlcə rektor, professor Elxan Hüseynov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Rektor Prezident İlham Əliyevin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb. Bildirib ki, bu diqqət sayəsində bu gün Sumqayıt Dövlət Universiteti ölkənin və regionun nüfuzlu elm-tədris mərkəzinə çevrilib. Müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyən müəssisələr üçün ixtisaslı kadr ehtiyacını təmin etmək məqsədini hədəf tutan Sumqayıt Dövlət Universiteti bir çox layihələrə imza ataraq əlaqələrini yüksək səviyyəyə çatdırıb. SDU respublikanın və dünyanın bir çox nüfuzlu universitetləri ilə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq müqavilələri imzalayıb.

 

Daha sonra çıxış edənlər  SDU-nun təhsilimizin inkişafına verdiyi töhfələrdən danışıblar. Bildiriblər ki, ölkəmizdə və Sumqayıt şəhərində fəaliyyət göstərən müxtəlif müəssisələrin yüksək hazırlıqlı, bilikli kadrlarla təmin olunmasında universitetin rolu danılmazdır.

 

Konfransda universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Ramazan Məmmədov çıxış edərək  mövzunun aktuallığından  danışıb. Qeyd edib ki, bu gün ölkəmiz dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik müstəqil respublika kimi tanınır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi nəticəsində 2003-cü ildən başlayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə bir çox uğurlara imza atılıb, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə edilib.

 

Prorektor onu da qeyd edib ki, işğaldan azad olunan ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası, burada əhalinin məşğulluğunun təmin edilməsi, istehsal, xidmət, ticarət, nəqliyyat, logistika və digər sahələrin yaradılması da diqqət mərkəzində olan əsas məsələlərdən biridir:”Əminik ki, bütün bunlar ümumilikdə Azərbaycanın iqtisadi potensialının daha da güclənməsinə, ümumi daxili məhsul istehsalında ciddi artıma səbəb olacaq”.

 

İqtisadiyyat İnstitutunun rəsmisi, iqtisad elmləri doktoru, professor  Müşfiq  Atakişiyev çıxış edərək bildirib ki, regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının icrası nəticəsində iqtisadiyyatın infrastrukturu tamamilə yenidən qurulub və modernləşdirilib.

 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Qlobal çağırışlar şəraitində Azərbaycanın sosial-iqtisadi inkişaf perspektivləri”, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycanda sosial-iqtisadi inkişafın yeni səviyyəyə qaldırılmasında aqrar sahənin rolu”, Auditorlar Palatasının sədri Vahid Novruzov “Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyasının şəffaflıq amili”, SDU-nun Maliyyə və mühasibat uçotu kafedrasının müdiri  Loğman  Abdullayev “Azərbaycan  Respublikasında  kredit  münasibətlərinin inkişafında zəmanət mexanizminin rolu” mövzularında məruzə ediblər.

 

Konfransın sonrakı işi haqqında məsul katib, Biznesin təşkili və menecment kafedrasının müdiri Qalib Hüseynov məlumat verib. Bildirib ki, konfransın Təşkilat Komitəsinə respublikanın 33 elm və ali təhsil müəssisəsindən 165 məruzə və tezis daxil olub. Onlardan 149 məruzə və tezis Proqram komitəsi tərəfindən seçilərək və antiplagiat proqramı ilə yoxlanılaraq konfransın gündəliyinə daxil edilib.

 

Elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.

 



21.10.2022 | 13:00