Elm və təhsilimizin böyük dostu Heydər Əliyev

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Prezident İlham Əliyevin imzaladığı 29 sentyabr 2022-ci il tarixli Sərəncam siyasi olmaqla bərabər, böyük mənəvi əhəmiyyəti olan dövlət sənədidir.

 

Söhbət təkcə müasir deyil, ümumilikdə Azərbaycan tarixində özünün yerini müəyyənləşdirən, adını əbədi həkk edən böyük dövlət xadimi və siyasətçidən - qüdrətli şəxsiyyət Heydər Əliyevdən gedir. Zəngin həyat yolu və məhsuldar fəaliyyətinin bütün mərhələləri üzvi şəkildə bir-birini bağlayan, unikal şəxsiyyəti ilə həmin bağlantılar arasında həyat fəlsəfəsini ehtiva edən Ümummilli Liderin gördüyü, artıq tarixə çevrilən müstəsna dərəcədə əhəmiyyətli işlər gəncliyin öyrənməli olduğu irsdir. Bu irsin elmi şəkildə araşdırılaraq gəncliyə çatdırılması isə mütəxəssislərin üzərinə düşən vəzifədir. Gəncliyimiz məhz fundamental əsasları elə Heydər Əliyev tərəfindən qoyulan, sonradan Heydər Əliyevin iradəsi ilə qorunaraq saxlanılan, ayaq üstə dayanan və Azərbaycan gəncliyinə əmanət verilən azad, müstəqil, suveren Azərbaycan Respublikasında böyüyüb yetişibdir.

 

Buna görədir ki, Azərbaycan gəncliyi üçün örnək olan xarakterik xüsusiyyətlərin qabarıq şəkildə yer alması qətiyyən təsadüfi hesab oluna bilməz. Yeni yetişən gənc nəslin təhsili ilə bərabər, onların mənəvi cəhətdən kamilliyinə çalışan təhsil işçiləri müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin titanik əməyi və iradəsi sayəsində ayaq üstə dayanan dövlətin qiymətini hər məqamda xatırlatmalı, onu qorumağın nə qədər həyati məsələ olduğunu diqqətdə saxlamalıdır.

 

Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci mərhələsində, 1969-1982-ci illərdə və ondan sonra, Sovet İttifaqının siyasi rəhbərliyində olduğu dövrlərdə və nəhayət, müstəqil Azərbaycan dövlətinin Prezidenti olduğu zamanlarda təhsil, ədəbiyyat və incəsənət, mədəniyyət məsələlərinə hansı həssaslıqla yanaşdığı belə məsələlərdən biridir.

 

Bircə o faktı qeyd etmək kifayətdir ki, Ümummilli Liderin rəhbərlik etdiyi ilk beş ildə, 1969-1974-cü illərdə ölkədə 198 elmlər doktoru, 1781 elmlər namizədi hazırlanmış, elmi-tədqiqat institutları, ali məktəblər, elm və təhsil müəssisələri yüksək ixtisaslı peşəkar elmi kadrlarla təmin edilib. Bu illər ərzində ali təhsil müəssisələrinin sayı Azərbaycan Xarici Dillər İnstitutu, İnşaat Mühəndisləri İnstitutu, Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutunun yaradılması ilə genişlənmişdir. Birbaşa Heydər Əliyevin təşəbbüsü və qətiyyəti ilə ölkədə yaradılan, gələcək azərbaycanlı hərbi zabitlərin yetişməsində müstəsna rol oynayan Cəmşid Naxçıvanski adına hərbi liseyin təşkil edilməsi Ümummilli Liderin həyatımızın bütün sahələrinə həssaslıqla yanaşmasının nümunəsidir. Bu gün onlarla azərbaycanlı generalın hərbi karyerasında mühüm yer tutan Cəmşid Naxçıvanski adına hərbi liseyin məhz Stalin repressiyasının qurbanı, sovetləşmədən sonra ilk azərbaycanlı general, Azərbaycan hərb sənətinə şərəfli generallar bəxş etmiş Naxçıvanskilər nəslinin sonuncu general nümayəndəsinin adı ilə adlandırılmasının çox böyük siyasi və mənəvi yükünün olması da danılmazdır. O mərhələdə Azərbaycanın ali təhsil müəssisələrində 80 mindən artıq ali təhsilli gəncin hazırlanması ilə bərabər, ölkənin peşə məktəbləri şəbəkəsində 95 mindən artıq gəncin orta-ixtisas təhsili alması ilə yanaşı, Ümummilli Liderin azərbaycanlı gənclərin ölkəmizdən kənarda müxtəlif profilli ali məktəblərdə təhsil almasına çalışması və buna nail olmasını onun təhsil strategiyasının diqqətəlayiq tərkib hisssəsi idi. Heydər Əliyevin birbaşa təşəbbüsü ilə o zamankı SSRİ-nin Moskva, Leninqrad, Kiyev, Tartu, Odessa, Kazan, Minsk, həmçinin digər şəhərlərində fəaliyyət göstərən 151 nüfuzlu ali məktəbə təhsil almaq üçün göndərilən gənclərin yüksək ixtisaslı kadrlar kimi vətənə qayıtması Ümummilli Liderin Azərbaycanın gələcəyi ilə bağlı planlarından xəbər verirdi.

 

Heydər Əliyev fəaliyyəti boyu Azərbaycan dilinə sevgisi və diqqəti ilə fərqlənib. 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə müttəfiq respublikalarda da analoji sənədin hazırlanaraq qəbul edilməsinə start verildiyi vaxt Azərbaycanda gedən proseslər nəinki İttifaq dövlətində, bütün dünyada müzakirə predmetinə çevrildi. Onu qeyd edək ki, Sovet Sosialist Respublikalar İttifaqının subyekti olan 15 müttəfiq respublika nominal dövlətçilik atributlarına malik idi və həmin o atributlardan biri də hər bir respublikanın Konstitusiyası sayılırdı. Buna baxmayaraq, 30-cu illər Stalin konstitusiyasında rus dilinin dövlət dili kimi təsbit olunması müttəfiq respublikalar üçün də dəyişilməz, prinsipial qaydalardan biri idi və Stalinin ölümündən sonra belə, həmin prinsip toxunulmaz olaraq qalırdı. Belə bir zamanda, SSRİ-nin əbədi göründüyü vaxtlarda, 1978-ci ildə Azərbaycan SSR-nin Konstitusiya layihəsi hazırlanaraq ümumxalq müzakirəsinə verildi. Müzakirələr bitdikdən sonra ölkənin Ali Sovetinin sessiyasında  Konstitusiya Komissiyasının Sədri Heydər Əliyev “Azərbaycan Konstitusiyasının (Əsas Qanunun) layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə ilə çıxış etdi. Məruzədə diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Əsas Qanunun təməl prinsipləri arasında respublikanın milli, tarixi xüsusiyyətləri ilə bərabər, Azərbaycan dilinin dövlət dili statusunun da yer alması heyrətamiz faktlardan oldu. Ümummilli Liderin şəxsi təşəbbüsü və qətiyyətli, inandırıcı səyləri nəticəsində Konstitusiyanın 73-cü maddəsində yazılırdı; “Azərbaycan Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Xatırlatmaq yerinə düşər ki, SSRİ respublikalarının böyük əksəriyyəti üçün əlçatmaz görünən bu hadisə bilavasitə Heydər Əliyev cəsarətinin gerçəkliyi kimi tariximizə yazıldı. Aradan 17 il keçəndən sonra, 1995-ci ilin oktyabrında, müstəqil Azərbaycan dövlətinin Prezidenti Heydər Əliyev suveren bir dövlətin, Azərbaycan Respublikası Konstitusiya Komissiyasının Sədri kimi, komissiya iclaslarının birində tarixə dönmüş o günləri yada salıb həmin 73-cü maddədə yazılanları nəzərdə tutaraq deyəcəkdir: “Ancaq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Belə izah edirdilər ki, başqa respublikalarda bu yoxdur, buna ehtiyac yoxdur... Ancaq o vaxt mən Sovetlər İttifaqının rəhbərliyi ilə, Kommunist partiyasının rəhbərliyi ilə çox gərgin danışıqlar apardım. Sübut etməyə çalışdım ki, biz dövlət dilinin Azərbaycan dili olduğunu da öz konstitusiyamıza yazmalıyıq və yazacağıq”.

 

Heydər Əliyev böyük dövlət adamı olaraq dilin inkişafını şərtləndirən amilləri bilir və həmin amillərin bərqərar olması üçün bütün maksimum imkanlardan yararlanmağa çalışırdı.

 

Heydər Əliyevin ölkəmizə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra təşəbbüskarı olduğu Dünya Azərbaycanlılarının I qurultayının ruhunu ifadə edən fikirləri ibrətamizdir. Dünya Azərbaycanlılarının Bakıya toplaşan nümayəndələrinə müstəqil dövlətin rəhbərinin söylədiyi ən dəyərli tövsiyə soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, milli dəyərlərimizi və dilimizi qorumaq idi: “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.

 

Həmin tarixi hadisədən, Dünya Azərbaycanlılarının I qurultayından altı il sonra dilimizlə bağlı ölkə Prezidentinin 9 avqust 2001-ci il tarixdə imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında”  Fərman irəliyə atılmış yeni və tarixi bir addım oldu.

 

Heydər Əliyevin dil siyasətində sərhəd məhdudiyyəti yoxdur. XXI əsrdə dünya türklərinin lideri, ağsaqqalı H.Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənmir, o, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görürdü. Ümummilli Lider 6 fevral 2003-cü ildə Bakı şəhərində TÜRKSOY  təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19- cu toplantısının iştirakçılarını qəbul edərkən türk xalqlarının birliyi ilə bağlı olan çox mühüm məqamı bu cür ifadə edirdi: “...Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi vacib məsələdir. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur. Bizi bir-birimizə bağlayan nədir? Bu dilimizin eyni kökdən olmasıdır. Düzdür, bəziləri bir-birlərini başa düşmürlər, amma biz dilimizə görə bir kökdən gəlmiş xalqlarıq. İkincisi, bizim müstəqil mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar türkdilli xalqları həmişə, əsrlər boyu bir-biri ilə bağlayıb, birləşdirib, bir-biri ilə yaxınlaşdırıbdır”.

 

Belə bir faktı qeyd etmək yerinə düşər ki, bu, Heydər Əliyevin bir insan, vətəndaş, xalqının oğlu olaraq qürur duyub xatırladığı yeganə hadisə deyildi və həmin hadisələrin spesifik metodologiya ilə tədqiqatı bunu təsdiq edir. Bu, böyük dövlət adamının, Azərbaycan mədəniyyəti və ədəbiyyatının, incəsənətinin dostu olaraq ömrünün sonuna qədər də o cür qalan siyasət nəhənginin həyat və fəaliyyətinin mənası idi.

 

Ümummilli Liderin adını Azərbaycan xalqının ədəbiyyat və ictimai fikir tarixinə əbədi həkk etdirmiş, Azərbaycan Sosialist Respublikası Xalq Komissarları Sovetinin ilk sədri, görkəmli yazıçı və dramaturq Nəriman Nəcəf oğlu Nərimanovun adının əbədiləşdirilməsi istiqamətində gördüyü işlər də onun həyat fəlsəfəsindən xəbər verir. Azərbaycanda ilk kommunistlərdən biri olan, xalqının nicat və xoşbəxtlik yolunu sosializmdə görən doktor Nəriman Nərimanov hələ Xalq Komissarları Sovetinin sədri olarkən Bakıda yüksək partiya və hökumət vəzifələrində çalışan erməni millətçilərinin və onların təsiri altındakı digər millətlərin nümayəndələrinin (təəssüf ki, onların arasında azərbaycanlılar da az deyildi) qərəzli hücumuna məruz qaldı. Əlbəttə, hücum edənlərin xalqını göz bəbəyi kimi sevən bir insana “millətçi” damğası vurması elə bir çətinlik tələb etmirdi və bu, belə də oldu. Nəriman Nərimanova hücumlar elə bir həddə çatdı ki, nəhayət, onu şəxsən tanıyan Vladimir İliç Lenin çıxış yolunu doktor Nərimanovu Moskvaya aparmaqda gördü. Mərkəzi İcraiyyə Komitəsinin dörd sədrindən biri olan Nəriman Nərimanov burada da kommunist partiyasının baş katibi olan, intriqalar içində hakimiyyətini genişləndirməklə bərabər, dərinləşdirməyi də bacaran İosif Stalinin hədəfinə çevrildi. 54 yaşında həyatdan gedən, Kreml divarları yanında dəfn edilməyə layiq görülən Nəriman Nərimanovun fiziki ömrünün Stalin repressiyasının qurbanına çevrilməsi mümkün olmasa da onun ölümündən sonra, “xalqlar atası”nın birbaşa göstərişi ilə Nəriman Nərimanova  “millətçi” damğası vurularaq adının çəkilməsi yasaqlandı. İllər sonra Stalinin ölümünə, repressiya qurbanlarının reablitasiya olunmalarına baxmayaraq, Nərimanovun adı üzərindən qara pərdə qalmaqda davam edirdi. 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsindən 5-6 ay sonra, Nəriman Nərimanovun anadan olmasının 100 illiyi ərəfəsində o, xalqının maariflənməsi yolunda sonuncu imkanlarını belə əsirgəməyən böyük maarifçi və ədəbiyyat adamının, görkəmli dövlət xadiminin müdafiəsinə qalxdı. Heydər Əliyev vaxtilə Nəriman Nərimanova atılan böhtan və iftiraların əsassızlığını ortaya qoyaraq, Kremlin o zamankı ideoloqlarını, həmçinin Siyasi Büronun rəhbərliyini Nərimanovun haqsız yerə təqib olunduğuna inandıra bildi. Ümummilli liderin Kremlin müqavimətini qırmağı iki il vaxt aparsa da uğurla nəticələndi və Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun anadan olmasının 100 illiyi vaxtında, 1970-ci ildə deyil, iki il sonra, 1972-ci ilin iyununda keçirildi. Bu, Heydər Əliyevin təkcə Nərimanovun bədxahları üzərində deyil, bədxahların söykəndiyi şər üzərindəki möhtəşəm qələbəsi olmaqla bərabər, ədalətin çaldığı zəfər idi.

 

Bunlarla belə, onun fəaliyyətində ədəbiyyata və ədəbiyyat xadimlərinə münasibəti, həmin münasibəti şərtləndirən qayğısı hər məqamda görünür. Bu, böyük vətəndaş yanğısının simvolu olan ölməz əməllərdəndir. Onlardan biri kimi, Azərbaycan poeziyası və dramaturgiyasının görkəmli nümayəndələrindən birinin, ədəbiyyat tariximizdə olduğu kimi, xalqımızın maarifçilik tarixində də silinməz izlər qoyan, yaradıcılığı ilə bərabər, şəxsi həyatında da əyilməzlik simvoluna çevrilən Hüseyn Cavidə münasibətin təqdimatıdır. Ötən əsrin 30-cu illərinin qanlı repressiya maşınının qurbanı, uzaq Sibirdə, Kalımdakı düşərgədə həyatını faciəli şəkildə bitirən Hüseyn Cavidin anadan olmasının 100 illiyi ərəfəsində Heydər Əliyev ancaq onun edə biləcəyi addımı atır. Böyük şair və dramaturqun yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı qərarın qəbul edilməsindən sonra o, Sibir həbsxanasında vəfat etmiş şairin qəbrini axtarıb tapdırır və nəşinin Azərbaycana gətirilməsinə nail olur. Böyük ehtiramla Vətənə gətirilən Hüseyn Cavid ilə Bakıdakı vida mərasimindən sonra o, doğulduğu torpağa verilmək üçün Naxçıvana yola salınır.

 

Heydər Əliyevin obrazını təşkil edən qatlar istər İmadəddin Nəsimi, ya Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, yaxud Müslüm Maqomayev, Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabir, Səməd Vurğun, Məmməd Səid Ordubadi, Aşıq Ələsgər, Molla Pənah Vaqif və onlarla digər yaradıcı insanlara münasibətdə açılır. Bu obrazın hər bir qatında xalqının bu günü ilə çuğlaşan tarixi keçmişinə hörmətlə bərabər, gələcək nəsillər qarşısında məsuliyyət hissini görmək mümkündür.

 

Bu, o vaxtkı Sovetlər İttifaqında Azərbaycanın rəhbəri Heydər Əliyevin misilsiz cəsarətinin nəticəsi idi.Yada salaq ki, 30-cu illər Azərbaycan poeziyasının gənc olmasına baxmayaraq, ən istedadlı nümayəndələrindən biri, repressiya qurbanı olmuş Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsi də Ümummilli Liderin bu sahədəki xidmətlərindən biridir.

 

Görkəmli dramaturq Cəfər Cabbarlının ədəbi irsini nəyə görə xüsusi qiymətləndirməsi Heydər Əliyevin xalqımızın ən gözəl keyfiyyətlərinin ədəbiyyatda bərqərar olunması işinin davamı sayıla bilər. Məhz həmin keyfiyyətlərdir ki, millətin gələcək yolunu uzadır, onu mənalı və qaynar cəmiyyətə aparır: “Cabbarlının həyatı öz böyük istedadını xalqa... xidmət göstərməyə həsr etmiş möhkəm əqidəli və coşqun ehtiraslı döyüşçünün, alovlu vətəndaşın həyatıdır”.

 

Heydər Əliyev zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyən etmiş, milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçmişdir.

 

İstər sovet Azərbaycanının rəhbəri, istərsə də müstəqil ölkənin Prezidenti kimi, əlbəttə, Ümummilli Liderin işi başından aşır, lakin bu “başdan aşan” işlərin məcrasında xalqının vətənpərvərliyini, mənəvi tərbiyəsini önə çəkən rəhbərin parlaq obrazı dayanırdı. Azərbaycan Yazıçılar İttifaqının qurultaylarında, ayrı-ayrı ədəbiyyat və mədəniyyət xadimlərinin yubiley tədbirlərində, söz demək üçün imkan yaranan hər məqamda Heydər Əliyev “insan qəlbinin mühəndisi olan yazıçılara” sadə bir oxucu olaraq müraciət edir, gələcək nəslin tərbiyə işində onların missiyasını yada salırdı: “Sizin əsərləriniz adamları keçmişin qalıqlarına, bunlara laqeyd münasibətə qarşı barışmaz mübarizəyə səsləməli və qaldırmalıdır, həyatımızda işıqlı, fərəhli qüvvələri və hadisələri təsdiq etməli, ucaltmalıdır”.

 

Gəncliyin niyə istənilən prosesin “vintciyi və təkərciyi” olmadığını, əksinə, bir sıra hallarda onun lokomotivinə çevrildiyini xatırladan Heydər Əliyev həmin gəncliyə qayğının vacibliyi ilə bərabər, onlardan məsuliyyət tələb edilməsinin xüsusi əhəmiyyətindən danışmaqla bəşəriyyətin formalaşdığı zamandan bəri onun vacib “atalar və oğullar” polemikasının əhəmiyyətini yada salırdı. Həmin polemikanın əbədi sualları gündəmdə olduğu qədər hər bir cəmiyyət inkişafa doğru gedəcək- deyən Ümummilli Liderimiz bu zaman mənəvi məsuliyyəti də yada salırdı:

 

“Yalnız o yazıçının insan zəkasına və qəlbinə təsir göstərmək kimi böyük mənəvi hüququ var ki, o, ictimai həyatda da, şəxsi davranışı ilə də öz oxucusuna doğrudan da nümunə ola bilər, yəni xalq qarşısında öz mənəvi məsuliyyətini bütün dərinliyi ilə dərk edir”.

 

Dünyaya yeni baxış ona görə lazım deyil ki, keçmişdə olanların üstündən xətt çəkəsən, əksinə, yeni baxış ona görə lazımdır ki, keçmişdə olan ən yaxşıları yaradıcılıqla inkişaf etdirib yeni nəfəs verəsən. Bu, tərəqqiyə çəkən sadə yollardan biridir və Ümummilli Lider həmin yolla getməyi məqbul sayır, bu yolda ədəbiyyatı yaradan müasirləri qarşısında duran vəzifələri bir daha yada salırdı.

 

Yazıçının “özü, onun istedad və məsuliyyəti” ilə yanaşı, ədəbiyyatın bütün mənalarda, inkişafında  ədəbi tənqidin yerini və oyanayacağı rolu xatırladırdı. O, hesab edirdi ki, bu inkişafda tənqidçilərin missiyası ancaq yaranmış və yaranan ədəbiyyat nümunələrindəki ideya xəttinin deyil, həmin xəttin oxucunun həyatında yerini müəyyənləşdirmək də olmamalıdır; ədəbi tənqidin vəzifəsi “oxucu və yazıçı” tandeminin düzgün qurulması işində ən qərəzsiz arbitr rolunu oynamaqdan ibarətdir.  Bunlar sovet Azərbaycanına rəhbərlik etmiş müdrik rəhbərin gələcək nəslin tərbiyə işi ilə bağlı keçirdiyi narahatlıq hissləridir. Bu, ancaq böyük vətənpərvər insanlara xas olan narahatlıq duyğularıdır, vətənin sabahı üçün məsuliyyət daşıyan, xalqının daha işıqlı gələcəyi üçün əsaslı zəminlər yaratmaq istəyi ilə ifadə olunan sözlərdir.

 

Heydər Əliyevin siyasi varisi, xalqımızın son 250 illik tarixinin ən böyük Qələbəsinin memarı Prezident İlham Əliyev Ulu Öndərin müstəqil Azərbaycana rəhbərlik etdiyi illəri belə xarakterizə edir: "Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bugünə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı”.

 

Onu vurğulayaq ki, günümüzdə Ulu Öndərin milli dövlətçilik ideologiyasını doğma Azərbaycanın uğur faktoruna çevirən Prezident İlham Əliyevin qətiyyətli və düşünülmüş siyasəti sayəsində ölkəmizin müstəqil dövlət kimi beynəlxalq arenada mövqeləri daha da möhkəmlənmiş, regionda liderliyi təmin edilmişdir. Əgər müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və sosial inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü idisə, İlham Əliyevin rəhbərliyi dövrü həmin kursun daha da genişlənməsi, sürətlənməsi və innovasiyalı inkişaf mərhələsinə qədəm qoyması dövrü kimi xarakterizə edilir.

 

Ümummilli Liderin təkcə adını deyil, onun əməllərini yaşadan, siyasi arzularını həyata keçirən Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi altında elm və təhsilin hamisi, müxtəlif sosial layihələrin müəllifi kimi ancaq Azərbaycanda deyil, onun hüdudlarından kənarda da tanınır.

 

Bu, ümumilikdə Heydər Əliyevin siyasətdə və dövlət idarəetməsində yaratdığı kursun, varislik prinsipinin görünən tərəfləridir. Apardığı böyük işlərin miqyasını aydın təsəvvür edən və onunla haqlı olaraq qürur duyan Ümummilli Lider qazandığı hər bir uğuru şərtləndirən faktor kimi, yeganə dayaq nöqtəsi olaraq doğma xalqını görürdü. Buna görədir ki, dünyanın ən nüfuzlu siyasət adamları cərgəsinə qatılan, xalqının böyük sevgi ilə ümummilli adlandırdığı böyük şəxsiyyət qürurla deyirdi: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.

 

Mahirə HÜSEYNOVA,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor

 



21.10.2022 | 11:18