Əcnəbi tələbələrin hüquq və vəzifələri ilə bağlı maarifləndirici tədbir

Naxçıvan Dövlət Universiteti və Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin birgə təşkilatçılığı ilə “Əcnəbilərin hüquqi vəziyyəti” mövzusunda əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib.

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov və Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov tədbirin keçirilmə məqsəd və əhəmiyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, bu gün Naxçıvanda müasir təhsil sisteminin formalaşdırılması və inkişafı, eyni zamanda, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən sistemli tədbirlər, nəticə etibarilə əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Vurğulanıb ki, əcnəbi tələbələrin öz hüquq və vəzifələri, həmçinin miqrasiya qanunvericiliyi ilə bağlı məlumatlı olmaları da diqqətdə saxlanılan vacib məsələdir.

 

Sonra Dövlət Miqrasiya Xidmətinin baş inspektoru Elnur Zellabdinov ölkə ərazisində müvəqqəti olma və yaşama proseduru barədə ətraflı məlumat verib. Qeyd edib ki, Miqrasiya Məcəlləsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti olma və yaşama icazəsinin verilməsi ilə bağlı kifayət qədər geniş əsaslar mövcuddur. Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də nəzərdə tutulub ki, bu da ölkəmizdə əcnəbi tələbələrə humanist yanaşmanın daha bir ifadəsidir.

 

E.Zellabdinov miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyətlə bağlı nəzərdə tutulan mühüm məqamlara toxunub, slayd vasitəsilə tələbələrə geniş məlumat verib.

 

Sonra universitetdə təhsil alan bir qrup əcnəbi tələbəyə müvəqqəti yaşamaq üçün icazə vəsiqələri təqdim edilib.

 



20.10.2022 | 17:43