AZAD Zəngilan-abadlaşan doğma YURD

Bu gün Zəngilan şəhərinin Ermənistan işğalından azad edilməsinin iki ili tamam olur. Azərbaycan Ordusunun Cəbrayılda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurması və 30-dan çox yaşayış məntəqəsini işğaldan azad etməsi Silahlı Qüvvələrimizin  Zəngilanın inzibati hüdudlarına çatmasına şərait yaratdı. Sərhəd Qoşunlarının Komandanlığı altında aparılan bu əməliyyat qısa müddətdə uğurla nəticələndi. Oktyabrın 20-də Zəngilanın mərkəzi, kənd və qəsəbələri işğaldan azad olundu.  

 

QISA ARAYIŞ

 

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən işğalından sonra aparılmış yeni inzibati ərazi bölgüsünə əsasən, Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilib. Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın buraya daxil olunub. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. 1920-ci ilin 28 aprel işğalından sonra bolşeviklərin köməyi ilə qədim türk torpaqları hesabına ilk dövlətlərini quran ermənilər Zəngəzur qəzasını işğal ediblər. Bu zaman bolşevik Rusiyasının təkidi ilə Zəngəzur Azərbaycanın əlindən alınaraq Ermənistana birləşdirilib. Nəticədə, qəzanın yuxarı hissəsi Ermənistanın, Laçın, Qubadlı və Zəngilan bölgələri isə Azərbaycanın tərkibində qalıb. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.

 

İŞĞAL TARİXÇƏSİ 

 

Zəngilan rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il oktyabrın 30-da işğal edilmişdi. O zaman 45 mindən çox əhali məcburi olaraq respublikanın 43 rayonunda müvəqqəti məskunlaşdı. 730 kvadrat kilometr sahəsi olan rayon işğal edilərkən 1 şəhər, 5 qəsəbə və 83 kənddən ibarət idi. Şəhərin mərkəzi və kəndləri ermənilər tərəfindən ciddi dağıntılara məruz qalıb. Düşmən yurdumuzun bu parçasında da demək olar salamat heç nə saxlamayıb.  

 

Daha təəssüfləndirici olan odur ki, tarixi və dini memarlıq abidələri yerlə-yeksan edilib.

 

Onlar hansılardır, gəlin tanıyaq.

 

Tarixi-dini abidələr: İmam Hüseyn məscidi (XVII əsr), Məscid (XIX əsr) – Malatkeşin kəndi, Məscid (XIX əsr) – Qırıq Muşlan kəndi, Məscid (XIX əsr) – Muşlan kəndi, Məscid (XIX əsr) – Rəzdərə kəndi, Alban kilsəsi – Xanazor və Yeməzli kəndləri.

 

Ziyarətgahlar: Səkkizguşəli türbə (XIV əsr) – Məmmədbəyli kəndi, Ziya Baba ocağı – Ağkənd kəndi, Xanazur türbəsi – Bartaz kəndi, Xanazor piri – Bartaz yaxınlığında, Soltan Heydər piri – Bartaz dağında,  Günqışlaq piri – Günqışlaq kəndi, İzzə piri – Hacıllı kəndi, Hacallı (Hacıallı) günbəzi – Hacıllı kəndi, Buqakar piri – Leyfaz kəndi, Məlikli Hacı Mir Məhəmməd ocağı – Məlikli kəndi, Veysin piri – Pirveyis kəndi, Seyid Musa ocağı – Sobu kəndi, Qaradağlı piri – Şəfibəyli kəndi, Yal piri – Vejnəli kəndi, Yel piri – Vejnəli kəndi, Soltan ocağı – Yeməzli kəndi, Şəhid Məhəmməd yeri – Yeməzli kəndi, Dəvəcüneyt piri – Zəngilan şəhəri, Məmməd bəyin türbəsi – Məmmədbəyli kəndi.

 

Tarixi memarlıq abidələri: Şərifan abidələri (IX-XVI əsrlər) – Şərifan kəndi, Şəhri Şərifan yaşayış yeri (orta əsrlər) – Hacallı kəndi,
Ağca Aşıq yaşayış yeri (orta əsrlər) – Qumlaq kəndi, Qız qalası (orta əsrlər) – Qumlaq kəndi, Qəsr qalası (orta əsrlər) – Oxuçuçayı, Sərdabə (XIII əsr) – Şərikan kəndi, Sərdabə (XIV əsr) – Yenikənd kəndi, Hacallı dairəvi bürcü (XIV əsr) – Hacallı kəndi, Körpü (XIX əsr) – Hacallı kəndi, Hacalı qülləsi (XIV əsr) – Məmmədbəyli kəndi, Nekropol (e.ə VI-IV əsrlər) – Quyudərə Xəştab kəndi, Küp qəbirlər (b.e.ə. IV-II əsr­lər) – Yeməzli kəndi, Koroğlu daşı (VII-VIII əsrlər) – Ağ oyuq düzü, Bartaz Qız qalası (XIV əsr) – Bartaz kəndi, Şərifan sərdabəsi (XII əsr) – Şə­rifan kəndi, Tağlı körpüsü (XVI əsr) – Sobu kəndi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi – Məmmədbəyli kəndi.

 

Bunlar bizim Zəngilana aid bilməli olduğumuz tarixin bir parçasıdır və dağıdılması erməni vəhşiliyini bariz ifadə edir. 

 

Vətən müharibəsinin gedişatında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi, Zəngilanın azadlığı ilə Azərbaycan özünün İranla olan sərhədini tam bərpa etdi. İşğal altında qalmış 132 kilometr sərhədə nəzarət təmin olundu. Müharibədən dərhal sonra sərhəd boyunca bütün lazımi istehkam, mühafizə işləri görüldü.

 

Zəngilan azad olunandan bir neçə ay sonra burada ermənilər tərəfindən vurulan zərərin dəyərləndirilməsi işləri də aparıldı, üstəlik, Zəngilan abadlıq mərhələsinə qədəm qoydu, onun yenidən qurulması, inkişafı üçün strategiya müəyyənləşdirildi.

 

Qısa müddətdə hansı işlər görüldü və görülməkdədir? 

 

Məlumdur ki, “Böyük Qayıdış” ın birinci pilot layihəsi Zəngilanda, Ağalı kəndində icra edildi. 200 evdən ibarət gözəl kənd salındı. Bu ilin may ayında Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarına qayıtdı. Azərbaycan xalqı bu hadisəni sevinclə qarşıladı. Xüsusən zəngilanlılar. Çünki bunun adı 30 illik yurd həsrətinin bitməsidir; doğma yurdu qucaqlamaqdır; onun tərtəmiz havası ilə, buz kimi şəfalı suyu ilə yaşamaq gerçəyinin baş verməsidir.

 

Qeyd edək ki, kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi də nəzərdə tutulur. Bu, oraya köçən zəngilanlıların sayının yaxın zamanlarda artacağı deməkdir. Məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bütün bunlar məskunlaşma üçün rahat şərait yaradır.   

 

Bundan başqa, Azərenerji” ASC-nin 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışı oldu. Zəngilan Beynəlxalq Hava Limanı, həmçinin ötən il təməli qoyulmuş “DostAqropark”ı  açılışa hazırlanır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə aparılır.   

 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın iqtisadi inkişaf planı davamlı və dinamik bir prosesdir. Ötən gün Zəngilanda səfərdə olan Prezident İlham Əliyevin və  birinci xanım Mehriban Əliyevanın bir sıra açılışlarda və yeni infrastruktur layihələrin təməlqoymasında iştirakları bunu bir daha təsdiqlədi.  

 

Zəngilan şəhərində təməli qoyulan 960 şagird yerlik tam orta məktəbin binası şəhərin mərkəzində, yaşayış kompleksinin yaxınlığında inşa olunacaq və 1,6 hektar sahəni əhatə edəcək. Üçmərtəbəli məktəb modul siniflərdən, böyük amfiteatrdan, açıq sinif otaqlarından, oyun, idman meydançalarından və giriş hissədən ibarət olacaq.

 

Şəhərdə təməli atılan ilk yaşayış binası üzrə 6 binanın ikimərtəbəli, 4 binanın isə üçmərtəbəli olması planlaşdırılır.

 

Ötən gün, həmçinin Arximed turbini tipli Su Elektrik Stansiyası işə salındı. Həkəri çayı üzərində Almaniyanın “Rehart GmbH” şirkəti tərəfindən istehsal olunan və hər biri 212 kilovat olmaqla 3 hidravlik turbindən və müvafiq hissələrdən ibarət Arximed turbini tipli Su Elektrik Stansiyası Ağalı kəndini dayanıqlı enerji ilə təmin edəcək.

 

Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisi böyük potensiala malikdir. Artıq ilkin tədqiqatlar aparılıb və azad edilmiş torpaqlarda enerji generasiya gücləri, ötürücü xətlərin yenidən qurulması sayəsində bitkiçilik, meyvəçilik, heyvandarlıq daha sürətlə inkişaf edəcək.

 

Zəngilandan keçən loqistik layihələrə baxaq:

 

Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşasının böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa edilən hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq. Təməli qoyulmuş  Zəngilan-Horadiz avtomobil yolu strateji əhəmiyyəti ilə seçilir.

 

İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra Azərbaycanın nəqliyyat-kommunikasiya, logistika imkanlarını genişləndirməsi üçün çox əlverişli imkan yaranıb. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları birgə Bəyanatda Zəngəzur dəhlizinin açılması da müddəa kimi qeyd edilib. Dəhlizin açılması isə uzun illər blokadada olmuş Naxçıvanı bu şəraitdən çıxarmaqla yanaşı, xalqımızın tarixi ərazisi olan qədim Zəngəzura yenidən qayıdışını təmin edəcək. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizinin bərpa olunması yeni iqtisadi perspektivlər yaradacaq. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti tarixi nailiyyəti olacaq.

 

2020-ci ilin dekabrın 23-də Prezident İlham Əliyevin azad Zəngilana ilk səfərində göyə qaldırdığı dövlət bayrağımız bu tarixi dədə-baba yurdumuzda əbədi və hər zaman qürurla dalğalanacaq.   

 

V.ALLAHVERDİYEVA

 



20.10.2022 | 11:27