Hədəf tədris-tərbiyə sahəsində yeni uğurlara imza atmaqdır | |
Sentyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) Bilik günü ilə bağlı təntənəli tədbir keçirilib. Tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin universitetin foyesində yerləşən büstü önünə əklil qoyulub.
BSU-nun rektoru, professor Nurlana Əliyeva tələbələri yeni tədris ili münasibətilə təbrik edərək onlara dərslərində uğurlar arzulayıb. Azərbaycan təhsil sisteminin müasir dövrdə çox böyük nailiyyətlər əldə etdiyini diqqətə çatıdıran rektor bəşər sivilizasiyasına böyük töhfələr bəxş etmiş Azərbaycan xalqının zəngin maarifçilik ənənələri, pedaqoji fikir tarixi ilə qürur duyduğunu dilə gətirib. Professor N.Əliyeva bildirib ki, son illər ölkəmizdə humanitar sahədə qazanılan uğurların dövlət başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatların, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsil obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir. Rektor qeyd edib ki, Bakı Slavyan Universitetində təhsilin səviyyəsi, burada tələbələrin biliklərə yiyələnməsi üçün yaradılan şərait hər zaman diqqət mərkəzində olub, universitetin potensialı istiqamətində mütəmadi olaraq işlər görülüb. N.Əliyeva bu il BSU-ya qəbul sayının ötən illərlə müqayisədə daha da artdığını diqqətə çatdırıb. Rektor universitetin qarşıda duran məqsədlərindən söz açaraq deyib: ”Hazırda Bakı Slavyan Universiteti regionun xarici ölkə universitetləri ilə beynəlxalq əməkdaşlıq quran ən fəal universitetlərindən birinə çevrilib. Bu əlaqələri inkişaf etdirməklə dünya təhsilinin ən mütərəqqi ənənlərini universitetimizdə tətbiq etmək, tədris və tərbiyə sahəsində yeni uğurlara imza atmaq, universitetin maddi-texniki bazasını beynəlxalq standartlara uyğunlaşdırmaq başlıca məqsədimizdir”.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxışında ölkədə təhsil məsələləri ilə bağlı görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilə diqqət və qayğısından danışaraq bildirib ki, Nəsimi rayonu ərazisində yerləşən ali və orta məktəblərdə həm təhsil səviyyəsinə, həm də müəssisələrin vəziyyətinə ciddi fikir verilir. Təhsil ocaqlarında yaradılan münbit şərait, onların texniki avadanlıqlarla təmin olunması müasir təhsil sisteminin ölkəmizdə inkişafının göstəricisidir.
BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinə 622 balla qəbul olan birinci kurs tələbəsi Sitarə Şahmuradlı, 599 bal toplayan Aytac Hüseynli qazandıqları müvəffəqiyyətlə bağlı öz təssüratlarını bölüşüblər.
Millət vəkilləri Qənirə Paşayeva və Elman Nəsirov BSU-ya yüksək göstərici ilə qəbul olan gəncləri təbrik edərək olara təhsil sahəsində uğurlar arzulayıblar.
Tədbirdə Qırğızıstan Respublikasının Azərbaycandakı sabiq səfiri Ayciqit Buranov, millət vəkilləri Sahibə Qafarova, Kamilə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, təhsil ekspertləri Şahlar Əsgərocv, Nadir İsrafilov və mətbuat nümayəndələri iştirak ediblər.
Tədbir konsert proqramı ilə davam edib. |
|
17.09.2018 | 16:48 | |
|
|
|