ADPU-da Müstəqilliyin Bərpası Günü ilə bağlı bayram tədbiri: “Can Azərbaycan”

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş “Can Azərbaycan” adlı tədbir keçirilib.

 

Tədbirdə universitet və fakültə rəhbərliyi, habelə fakültənin professor-müəllim və tələbə heyəti, ADPU-da təhsil alan əcnəbi tələbələr iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov Müstəqilliyin Bərpası Gününün böyük tarixi əhəmiyyətinə toxunub, 1918-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini yenidən bərpa etdiyini vurğulayıb.

 

Bədii hissə ilə davam edən tədbirdə fakültədə fəaliyyət göstərən “Meh” ədəbi dərnəyinin üzvlərindən Cəmilə Məmmədova, Zəhra İskəndərli və İlqar Cabbarov vətənpərvərlik mövzusunda şeirlər, o cümlədən, tanınmış şairə Mahirə Nağıqızının, “Salam olsun”, “Vətən, ay, Vətən”, “Sərhəd qapısı “  kimi şeirlərini  ifa ediblər.

 

Daha sonra isə ADPU-da təhsil alan Türkiyə və Pakistandan olan əcnəbi tələbələr Müstəqilliyin Bərpası Gününə həsr olunan bədii kompozisiya ilə çıxış edib, “Qarabağ Azərbaycandır!” nidasını səsləndiriblər.

 

ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, Filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova tədbir iştirakçılarına minnətdarlığını bildirərək, xüsusən əcnəbi tələbələrin qısa müddətdə Azərbaycan dili və mədəniyyətini yaxından mənimsəmələrini olduqca yüksək qiymətləndirib.

 

Sonda əcnəbi tələbələrə Azərbaycan dili üzrə hazırlıq dərsləri keçən fakültənin müəllimi Aynurə Əliyevaya universitet rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub.

 



18.10.2022 | 18:48