Terrordan zərər çəkən tələbənin təhsil haqqı bu il də universitet tərəfindən qarşılanacaq

Məlum olduğu kimi, 2020-ci ilin 17 oktyabrında gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Gəncəyə növbəti 2 raket hücumu nəticəsində dinc sakinlərin yaşadığı evlər yerlə-yeksan oldu, dağıntılar altında qalan 15 mülki şəxs həyatını itirdi, 55 nəfər isə yaralandı. Həmin gecə dağıntılar altından çıxarılanlar arasında Azərbaycan Texnologiya Universitetinin tələbəsi Gülçin Ağayeva və onun ailəsi də var idi. O gecə Gülçinin babası Nurəddin Ağayev şəhid olub, özü və digər ailə üzvləri isə müxtəlif xəsarətlər alıblar.
 

Hadisənin ildönümündə Gülçin və atası Ramiz Ağayevlə görüşən Azərbaycan Texnologiya Universitetinin rektor əvəzi, dosent Yaşar Ömərov universitet rəhbərliyinin və dövlətin hər zaman onların yanında olduğunu diqqətə çatdırıb.


Gülçinin təhsil haqqının universitet tərəfindən qarşılanacağını bildirən Y.Ömərov qeyd edib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət hər bir kəsin vətəndaşlıq borcudur.
 

Gülçinin atası R.Ağayev göstərilən diqqət və qayğıya görə təşəkkür edib.
 

Qeyd edək ki, Gülçin Dizayn ixtisasının 4-cü kurs tələbəsidir.

 



18.10.2022 | 10:14