“Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans | |
Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti (MDU) və Lənkəran Dövlət Universitetinin (LDU) birgə təşkilatçılığı ilə 18 oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Davamlı inkişaf edən müstəqil Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
MDU-nun ev sahibliyi etdiyi konfransa LDU-nun rəhbər və akademik heyət üzvləri, şəhər icra hakimiyyətinin nümayəndələri, MDU-nun əməkdaşları, tələbə və magistrantları qatılıblar. Eyni zamanda, hər iki universiteti təmsil edən müəllim və tələbələrin konfransda onlayn formatda iştirakları təmin edilib.
Konfrans iştirakçılarını Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə təbrik edən MDU-nun rektoru Ş.Bayramov bir il əvvəl Lənkəranda LDU ilə birgə belə bir konfransın keçirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bildirib ki, ötən əsrin 90-cı illərində Sovet imperiyasının dağılması, dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişilməsi ilə yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyi məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter alıb. Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirildiyini deyən Ş.Bayramov Azərbaycanın yeni geosiyasi reallıqlar şəraitində qalib və qüdrətli dövlətə çevrildiyini xüsusi vurğulayıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfəri müstəqillik tariximizin ən şanlı səhifəsi adlandıran MDU rəsmisi ölkənin davamlı inkişafında ali təhsil müəssisələrinin rolunu da yüksək dəyərləndirib.
Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edən Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov davamlı müasirləşən və yeniləşən iki region universiteti ilə birlikdə Mingəçevirdə keçirilən konfransda iştirakdan məmnunluğunu bildirib. Tədbirin elmi-nəzəri konfrans formatında birgə təşkilinin önəmini diqqətə çatdıran İ.İsmayılov müstəqillik tariximizin araşdırılması və tarixi həqiqətlərin gənc nəsillərə olduğu kimi çatdırılıması işlərini ali təhsil müəssisələri qarşısında duran başlıca vəzifərərdən biri kimi dəyərləndirib.
Mingəçevirdə və tərəfdaş MDU-nun kollektiv üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən LDU-nun rektoru, professor Natiq İbrahimov tarixi Zəfərin qazanılmasında və müstəqilliyimizin gücləndirilməsində vətənpərvər, qəhrəman gənclərin rolundan danışıb. Professor tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsinin universitetlərin əsas vəzifələrindən biri olduğunu vurğulayıb və bu baxımdan elmi-nəzəri konfransın xüsusi rol oynadığını deyib. 44 günlük Zəfər yürüşündən sonra Azərbaycanın daha sürətli və yeni inkişaf yoluna qədəm qoyduğunu deyən rektor N.İbrahimov müstəqillik tariximizin şanlı səhifələrinin yazılmaqda davam etdiyini bildirib. Qeyd edib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda böyük quruculuq və abadlıq işlərinin həyata keçirilməsi ali təhsil müəssisələri qarşısında yeni çağırışlar və vəzifələr qoyur. Bu baxımdan hər iki tərəfdaş universitet arasında birgə fəaliyyətlərin davamlı olmasının zəruriliyini diqqətə çatdıran N.İbrahimov hər iki ali təhsil ocağına bu sahədə uğurlar arzu edib.
Birgə konfransda həm MDU-nun, həm də LDU-nun təmsilçiləri məruzələrlə çıxış ediblər.
Xatırladaq ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin də tərəfdaşlıq etdiyi birgə konfrans 2021-ci ilin 15 oktyabr tarixində MDU və LDU arasında Əməkdaşlıq Memorandumunun imzalanması ilə əsası qoyulan işbirliyi çərçivəsində təşkil olunub.
|
|
17.10.2022 | 19:40 | |
|
|
|