Müdrikliyin zirvəsi - müəllim ömrü

Atam məni bu dünyaya gətirib, amma müəllimim mənə bu dünyada həqiqi səadət yolunu tapmağı öyrədib.

Aristotel

 

Müəllim... bu sadə sözün arxasında böyük məna dayanır. Peşələrin ən çətini, ən məsuliyyətlisi və ən şərəflisi məhz müəllimlikdir. Bəlkə də əsl müəllimlik, pedaqoqluq anadangəlmə bir istedaddır, vergidir, sonra elmlərə yiyələndikcə bu adı sənəd üzərində qazanırsan. Hər birimizdə müəllimlərimizdən zərrələr var - onlar zaman-zaman gözünün nurunu, qəlbinin hərarətini, könlünün istisini bizə verirlər.

 

Təkcə bilik öyrətmir müəllim, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur. Keçdiyimiz həyat yolunda çoxlu insanlarla qarşılaşırıq. Bəzilərini unuduruq yaddaşımızın labirintində, amma elə insanlar var ki, onları xatırlamamaq mümkün deyil. Müəllimlərimiz - bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutan doğmalarımız! Onlar bizim parlaq sabahımızın təməlidir!

 

Belə müəllimlərdən biri - 70 illik həyatının 45 ilini sevə-sevə bu peşəyə həsr edən Əşrəf müəllim haqqında danışmaq istəyirik. 

 

Əşrəf Saleh oğlu Hüseynov 1948-ci ilin sentyabrında İsmayıllıda doğulub. İlk təhsilini əvvəlcə Mican kənd məktəbində, sonra isə İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Müəllim olmaq istəyi onu o vaxtkı  Pedaqoji İnstituta (indiki  ADPU) gətirib. 1973-cü ildə universiteti bitirdikdən sonra artıq ailə başçısı olan Ə.Hüseynov Bakıda qalıb işləmək imkanı olsa da doğma İsmayıllıya qayıdır və Aşağı Cülyan kənd səkkizillik məktəbində coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayır.

 

Bir il sonra fəaliyyətini 6 nömrəli məktəbdə davam etdirir. Doğma təbiətə vurğunluq, vətənin hər qarışını sevməsi, coğrafiyasına yaxşı bələd olması onun 1978-1983-cü illərdə İsmayıllı Rayon Gənc Təbiətçilər Stansiyasının müdiri vəzifəsində çalışmasına səbəb olur.

 

Əşrəf müəllim 1983-1986-cı illərdə İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbdə direktor, sonra rayon təhsil şöbəsində metodist, rayon qiyabi orta məktəbində direktor, şəhər 3 nömrəli tam orta məktəbdə müəllim, tədris işləri üzrə direktor müavini, daha sonralar isə şəhər 6 nömrəli tam orta məktəbdə tədris işləri üzrə direktor müavini işləyib. 

 

Ə.Hüseynov şanlı müəllim ordusunun bütün pillələrindən şərəflə keçib - sıravi müəllimlikdən tutmuş, direktoradək... Getdiyi məclislərdə, qatıldığı tədbirlərdə hər kəs onu doğması kimi salamlayır. Şagirdləri, işlədiyi məktəblərin bütün məzunları onu sevgi ilə, ehtiramla xatırlayırlar. 45 illik pedaqoji fəaliyyəti dövründə İsmayıllıda yüzlərlə gəncin yetişməsində, vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında Əşrəf müəllimin rolu danılmazdır. Bu gün də gənclərdən öz tövsiyələrini, dəyərli məsləhətlərini əsirgəmir o.

 

“Əgər hər yerdə “o mənim müəllimim olub” - deyərək hörmətlə, təbəssümlə salamlayanım varsa, hər məclisdə “müəllim, bura buyurun” - deyib başa dəvət olunuramsa, demək böyük sərvətim var” - belə düşünür Əşrəf müəllim.

 

Bəli, 70 ilin zirvəsindən boylananda geridə böyük bir sərvət görəcəksiniz, əziz müəllim.

 



16.09.2018 | 14:56