Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş | |
Naxçıvan Dövlət Universitetinin (NDU) Tələbə Gənclər Təşkilatının fəal üzvləri ilə görüş keçirilib.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, qabaqcıl təhsil ənənələrinə malik NDU-nun tələbələrinin istər universitet, istərsə də muxtar respublikanın sosial-ictimai həyatında könüllülük fəaliyyəti diqqət mərkəzindədir. Ətrafında yüzlərlə tələbəni birləşdirən Tələbə Gənclər Təşkilatı 2018, 2019-cu illərdə muxtar respublikanın, 2022-ci ildə isə həm muxtar respublika, həm də ölkə miqyasında “İlin ən yaxşı Tələbə Gənclər Təşkilatı” adına layiq görülüb.
Rektor söyləyib ki, bu il tələbələrin Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsində dörd layihə üzrə qalib gəlməsi universitet tarixində bir ilkdir və təqdirəlayiqdir.
Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ölkə üzrə qalib olan layihələr və onların rəhbərləri barədə məlumat verib. Vurğulayıb ki, Tələbə Gənclər Təşkilatının qalib 4 layihəsi üçün, ümumilikdə 8800 manat qrant ayrılıb.
Görüş Tələbə Gənclər Təşkilatı tərəfindən birinci kurs tələbələrinin iştirakı ilə yaradılan klubların fəaliyyətinin təqdim olunması ilə davam edib. Ekologiya, Rəsm, Şahmat, Kitab, Oriqami, İntellektual oyunlar klubu, Layihə müzakirə, İdeyadan biznesə, ENACTUS, Conversation club kimi təlim otaqlarında tələbələrin maraqlarına uyğun təşkil olunmuş təlimlər böyük maraqla qarşılanıb.
Sonda görüş iştirakçıları universitetin İdman Kompleksində tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə təşkil olunmuş basketbol, voleybol, həndbol, futbol, tenis komandalarının oyunlarını izləyiblər.
|
|
12.10.2022 | 14:15 | |
|
|
|