Qarabağ Dirçəliş Fondu tərəfindən görüş keçirilib | |
Oktyabrın 8-də Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə ali və özəl təhsil müəssisələrinin rəhbərləri, eləcə də ölkənin aparıcı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib.
Görüş çərçivəsində Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu, bu sahədə əməkdaşlığın inkişafı və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsi ilə bağlı müvafiq layihələrin həyata keçirildiyini, təhsil müəssisələri ilə bağlı bərpa-quruculuq işlərinin davam etdiyini diqqətə çatdırıb. Nazir bildirib ki, işğaldan azad edilən ərazilərə qayıdan insanların ilk növbədə bilik və bacarıqları nəzərə alınmalıdır. Emin Əmrullayevin sözlərinə görə, həmin ərazilərdə proqressiv şəhər modelini qurmaqla və yeni iş yerləri yaratmaqla gənclərin ora daha tez qayıtmasına nail olmaq mümkündür.
Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Rəhman Hacıyev işğaldan azad edilmiş ərazilərin bərpasında təhsil müəssisələrinin böyük rolunun ola biləcəyini vurğulayıb. Sədrin sözlərinə görə, bu sahədə təhsil müəssisələrinin əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi bərpa prosesini sürətləndirə bilər.
Tədbirdə ideya müəllifi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın olduğu, “Karabakh.Center” internet-resursunun (https://karabakh.center/az) materialları əsasında hazırlanan “Qarabağda urbisid” videoçarxı nümayiş etdirilib.
Görüşdə Fondun ianəçiləri sırasında olan Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktoru Aygün Mikayılova “Qarabağa hərəmizdən bir fidan” adlı xeyriyyə konserti haqqında məlumat verib.
Çıxışlardan sonra görüş müzakirələrlə davam edib. Müzakirələr zamanı Qarabağın bərpa və quruculuq prosesində təhsil müəssisələrinin rolu ilə bağlı fikirlər səsləndirilib, həmin fikir və təkliflər ətrafında müzakirələr aparılıb.
Müzakirələrdən sonra Qarabağın bərpası və yenidən qurulması istiqamətində görülən işlərə dəstək göstərən donorlara - Bakı Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Musiqi Kolleci, Kaspi liseyi, İ.Əfəndiyev adına Elitar Gimnaziya, Təhsil Nazirliyinin təsərrüfat hesablı ATTİ, Astara rayonu Pedoqoji Kolleci və "Landau School"a “İanə sertifikatı” təqdim olunub.
|
|
10.10.2022 | 16:20 | |
|
|
|