Azərbaycan və Türkiyə arasında ümumi və peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi məqsədilə Ankara, İstanbul, Antalya və İzmir təhsil idarələrinin rəhbərləri ölkəmizdə səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanı ziyarət edərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb. Həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Heydər Əliyev adına Müasir Təhsil Kompleksini və Bakı şəhərində yerləşən 17 nömrəli bağçanı ziyarət edib. Qonaqlar təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsində türkiyəli qonaqlarla görüş keçirilib. Görüş zamanı iki ölkənin məktəbəqədər və ümumi təhsil müəssisələri arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri, həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda Bakı Şəhər Təhsil İdarəsi ilə İstanbul, Ankara, İzmir və Antalya Şəhər Təhsil İdarələri arasında Niyyət Protokolu imzalanıb.
Səfər zamanı Türkiyədən olan nümayəndə heyəti 20 nömrəli məktəb-liseydə “STEAM” və “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu siniflərlə tanış olub, habelə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini də ziyarət edib.
Səfər çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin Ankara, İstanbul, Antalya, İzmir təhsil idarələrinin rəhbərləri ilə görüşü baş tutub. Görüş zamanı Türkiyə Respublikası ilə təhsil sahəsində həyata keçirilən birgə fəaliyyət haqqında geniş məlumat verilib, təhsil sahəsində mövcud təcrübə mübadiləsindən məmnunluq ifadə olunub. Emin Əmrullayev Azərbaycanın ümumi və peşə təhsili müəssisələri rəhbərlərinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində keçirilmiş təlimlərdə iştirakını dəstəklədiklərinə görə nümayəndə heyətinə təşəkkürünü bildirib.
|