Elm və təhsilin inkişafı ölkənin sosial-iqtisadi strategiyasının prioritet sahəsi kimi

Azərbaycanda elm və təhsilin təkmilləşdirilməsi və inkişafı istiqamətində aparılan islahatlar mühüm əhəmiyyət kəsb edir. Burada əvəzolunmaz halqa elm və təhsilin inteqrasiyasıdır. Dünyada elmin, xüsusən də fundamental elmin inkişafı daha çox ali təhsil ocaqlarında aparılan tədqiqatlardan asılı olduğu üçün, Azərbaycanda elm və təhsil siyasətinin birgə əlaqələndirilməsi müasir dövrün başlıca tələblərindən biridir. Azərbaycanda elm və təhsilin vəhdətinin ölkənin gələcək inkişafına verdiyi töhfə çox önəmlidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi islahatlar ölkədə tədqiqat universitetlərinin inkişafı üçün dövlət səviyyəsində atılan mütərəqqi addımlardan ən önəmlisidir. Təhsil sisteminin elmi gücünü artırmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının potensialından səmərəli istifadə edilməsi müsbət nəticələr verəcəkdir. Elm və təhsilin inteqrasiyası sahəsində zəruri vəzifələrdən biri də ölkəmizin ali təhsil müəssisələrinin tədris proqramına müasir elm sahələri ilə bağlı fənlərin daxil edilməsidir.

 

Sosial-iqtisadi inkişafın başlıca meyarları

 

Hər bir ölkənin sosial-iqtisadi inkişafının mühüm meyarı da vardır. İctimai təfəkkürdə, inzibati, sosial və elm-təhsil müstəvisində baş verən dəyişikliklər, insan resurslarının inkişafı, gəlirlərin artması, əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşması və onun təhsil potensialının yüksəldilməsi kimi komponentlər sosial-iqtisadi inkişafın əsas göstəriciləridir. Eyni zamanda insan hüquq və azadlıqlarının inkişafı, xüsusilə iqtisadi azadlığın təmin olunması cəmiyyətin inkişafında rol oynayan əsas amillərdəndir. Beynəlxalq təcrübədə qəbul olunmuş anlayışa görə, cəmiyyətin intellektual potensial indeksi əhalinin savadlılıq dərəcəsini və ölkədə elmin inkişaf səviyyəsini özündə əks etdirir. Ölkənin iqtisadi inkişaf dərəcəsini müəyyən edən ənənəvi göstəricilərdən biri də təhsilin inkişafıdır. Beləliklə, əhalinin sosial-iqtisadi inkişafı təhsilin inkişafı ilə, təhsilin inkişafı isə əhalinin sosial-iqtisadi rifahı ilə sıx bağlıdır. Bu iqtisadi və intellektual münasibətlər zənciri ilk növbədə ölkənin maliyyə potensialına təsir edir. Savadlı və zəngin cəmiyyət hər bir dövlətin sahib olmaq istədiyi milli və bəşəri dəyərdir. Ümumilikdə ölkənin inkişafı dedikdə, ilk növbədə iqtisadi sahədə baş verən müsbət dəyişikliklər nəzərdə tutulur. Kəmiyyət baxımından dəyişikliklər maddi gəlir mənbələrinin artması kontekstində iqtisadi inkişaf olaraq adlandırılır. Keyfiyyət baxımından dəyişikliklər yeni ictimai xüsusiyyətlərə malik iqtisadi sistemin əldə olunmasından ibarətdir və sosial-iqtisadi inkişaf olaraq qəbul edilir.

Təsadüfi deyildir ki, dövlət başçısının 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə görə, rəqabətə davamlı təhsil sisteminin davamlı inkişafı təmin edilməli, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalı, ölkədə rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı formalaşdırılmalıdır.

Təqdirəlayiq haldır ki, “Milli Prioritetlər”in icrasını təmin etmək məqsədilə 22 iyul 2022-ci il tarixli Sərəncam ilə “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. Həmin Strategiyanın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə çərçivə” bölməsində qarşıdakı illərdə elm və təhsilin inkişafı üzrə strateji hədəflər (məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsildə səriştəəsaslı məzmunun yaradılması, peşə təhsilinin əhatə dairəsi və keyfiyyətinin artırılması, gəlirindən asılı olmayaraq bütün ailələrin övladları üçün ali təhsilə əlçatanlığın təmin olunması, elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi. innovativ və rəqəmsal bacarıqlar üzrə təhsilin inkişafı və b.) müəyyənləşdirilmişdir.

 

Təhsil xidmətlərinin ictimai və sosial əhəmiyyəti

 

Təhsil sahəsində xidmətlərin göstərilməsi istər icbari təhsil, istərsə də ödənişli və könüllü təhsil istiqamətlərində yalnız bazar dəyərlərinə və iqtisadi fəaliyyət meyarlarına xidmət göstərə bilməz. Cəmiyyətin mədəni və demokratik inkişafı üçün təhsil sisteminin hər bir fərd üçün əlçatan olması önəmlidir. Azərbaycanda cəmiyyətin bütün təbəqələri üçün əlçatan təhsil sisteminin təşkili ölkəmizi əhalinin savadlılıq dərəcəsinə görə dünyanın qabaqcıl ölkələrindən birinə çevirmişdir. Lakin təkcə bu göstərici ilə kifayətlənmək olmaz. Məhz bununla əlaqədar olaraq, dövlət başçısı tərəfindən 2015-ci ildə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” na əsasən təhsilin uzunmüddətli və mərhələli inkişafına dövlət dəstəyi çərçivəsində vəsait qoyuluşu nəzərdə tutulmuşdur. Bu “Fəaliyyət planı”nın mühüm strateji istiqamətlərindən biri də təhsilin dayanıqlı və müxtəlif mənbələrdən maliyyələşdirilməsinin yeni mexanizminin yaradılmasıdır. Təhsil sahəsində xidmətlərin təkmilləşdirilməsi üçün maliyyələşmə proseduru ən önəmli amillərdən  biridir. Bu maliyyələşmə proseduru təhsil strategiyasının iqtisadi əsasını təşkil edir. Burada mühüm strateji istiqamətlərdən biri kimi  təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə 5-6 faizə çatdırılması nəzərdə tutulur. Bu addım bütün inkişaf etmiş ölkələrin təhsil strategiyasının mühüm komponentini təşkil edir. Təhsil sahəsində xidmətlərə qoyulan vəsait gələcəkdə ölkənin sosial rifahının yaxşılaşdırılmasında katalizator rolunu oynayacaqdır.

 

Beynəlxalq təcrübəyə əsaslanan maliyyə mexanizmləri

 

Dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi, ödənişli təhsil xidmətlərinin göstərilməsinin dəstəklənməsi qeyd etdiyimiz iqtisadi azadlığın təmin olunması istiqamətində mühüm addımlardan biridir. Son dövrlər bir sıra ali təhsil ocaqlarının publik hüquqi şəxsə çevrilməsi buna əyani sübutdur. Bu gün bütün dünyada biznes klasteri daxilində yüksək texnoloji klasterlərin yaradılması elm və təhsilin inkişafında, həmçinin ölkənin bütövlükdə iqtisadi inkişafında mühüm rol oynayan amillərdəndir. Yüksək texnologiyalara hesablanmış, bilik iqtisadiyyatına uyğunlaşdırılmış və mahiyyət etibarilə təhsil ocaqlarının elmi-tədqiqatlarına söykənən şirkətlərin cəmləşdiyi qruplardan təkcə ABŞ-da yerləşən “Silikon Vadisi”ni qeyd etmək kifayət edər. Dünya texnologiyasına böyük ölçüdə təsir göstərən bu klaster məhz təhsilə və biliyə (elmə) qoyulan vəsait hesabına bu gün texnologiya bazarında hegemon mövqelərdən birini tutur. Qardaş Türkiyədə də bu modelə rast gəlmək mümkündür. Rəqəmsal biznes klasterlərindən biri olaraq bilinən “Bilişim Vadisi” adlı bu texnoloji nəhəng məhz elm və iqtisadiyyatın vəhdəti üzərində qurulub. Azərbaycanın iqtisadi potensialı daxilində bu beynəlxalq nümunələrin kiçik də olsa modellərinin yaradılması elm və təhsilin gələcəkdə ölkəmizin sosial-iqtisadi inkişafında böyük ölçüdə pay sahibi olmasına rəvac verə bilər. “Yüksək Texnologiyalar Parkı”, Müdafiə Sənayesi Nazirliyinin istehsal müəssisələri, kənd təsərrüfatı sahəsində yaradılan tədqiqat mərkəzləri bu istiqamətdə atılan ilk addımlardandır. Hamıya bəllidir ki, bu müəssisələrdə aparılan tədqiqatların mütləq əksəriyyəti dövlət sifarişi hesabına həyata keçirilir.

 

Elm və təhsil sahəsində qarşıda duran sosial-iqtisadi vəzifələr

 

Hər bir dövlətin ən mühüm strateji ehtiyatı insan kapitalıdır. Elm və təhsil sahəsində insan kapitalının inkişafı bu sahəyə ayrılan vəsaitin həcmindən və səmərəli istifadəsindən asılıdır. Bunun üçün təhsilin modernləşdirilməsi çərçivəsində prioritet mövqedə olan elm sahələrinin tədrisi və təhsil müəssisələrinin məhz keyfiyyət göstəricilərinə əsaslanan investisiya xərcləri sisteminin müəyyən olunması və tətbiqi çox önəmlidir. Ümumi təhsil müəssisələrindən başlayaraq, tətbiq olunan bu strategiya dövlət tərəfindən müxtəlif kredit və qrantların tətbiqini labüd edir. Eyni zamanda təhsil sahəsinə özəl sektordan və xaricdən investisiya qoyuluşunun cəlb olunması gələcəkdə “beyin axını”nın qarşısını ala biləcək mühüm önləyici amillərdəndir. Bütün bu mexanizmlərin tətbiqi zamanı mütləq şəkildə insan amili, onun sosial şəraiti, gəlirləri və yaşam meyarları nəzərə alınmalıdır. Regionlarda təhsil ocaqlarının yaradılması, təmiri və bərpası, zəruri avadanlıqlarla və peşəkar müəllim heyəti ilə təmin olunması təkcə dövlətin qarşısında duran vəzifə deyil. Regionların sosial-iqtisadi inkişafında, xüsusilə aqrar sahədə mütəxəssislərin yetişməsində təhsilə ayrılan vəsaitin qeyd etdiyimiz istifadə meyarları (həcmi və səmərəli istifadəsi) çox önəmlidir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yeni yaradılan Elm və Təhsil Nazirliyi tərkibində yer alan agentliklər ölkənin elmi elitası ilə ictimaiyyət arasında bir növ körpü rolunu da oynayaraq, elm və təhsilin qarşısında duran sosial-iqtisadi vəzifələrin həllinə böyük ölçüdə yardım edə bilər. 44 günlük Vətən müharibəsindən sonra postkonflikt ərazilərin bərpasına yönəlmiş layihələrdən biri də smart tipli yaşayış məntəqələrinin tikintisidir. Burada beynəlxalq təşkilatların və transmilli şirkətlərin marağını və investisiya dəstəyini cəlb edə biləcək bir çox amillər var: yeni geoloji yataqların kəşfi; işğaldan azad olunmuş ərazilərin su və külək enerjisi ehtiyatlarından səmərəli istifadə; son iki yüz ildə burada aparılmış elmi tədqiqatların fundamental bazası əsasında müasir texnologiyaların köməyi ilə yeni tədqiqatların aparılması; ərazinin antropoloji identikliyinin müəyyən edilməsi və milli-mədəni potensialının (muğam sənətinin və sənətkarlıq nümunələrinin inkişafı) dünyaya çatdırılması  və s. Bütün bu amillər təkcə lokal çərçivədə elm və təhsilə qoyulan vəsaitin hansı ölçüdə ölkə büdcəsinə geri dönüş edə biləcəyini əyani şəkildə sübut edir.

 

Təhsil strategiyasının əmək bazarına təsiri

 

Təhsil strategiyasının önəmli komponentlərindən biri əmək bazarı ilə qarşılıqlı əlaqədir. Burada tələb və təklif balansı çox önəmlidir. Elmi-texniki inkişafın fonunda əmək bazarının işçi qüvvəsinə olan tələbini məhz təhsil strategiyası müəyyən edir. Azərbaycanda bu istiqamətdə bir sıra problemlərin mövcudluğu müəyyən amillərə əsaslanır: ölkə üzrə peşə məktəblərinin fəaliyyəti əl əməyi sahəsində əmək bazarı tələbini tam ölçüdə qarşılaya bilmir. Dünyada isə formal tədris üsullarından daha çox informal tədris üsullarına meyllilik sürətli şəkildə davam etməkdədir; yəni ənənəvi bir neçə illik bakalavr və magistr təhsilindən daha çox qısamüddətli kurslarda bilik və bacarıqların əldə olunması tendensiyası sürətlə inkişaf etməkdədir. Bu prosesin iki cəlbedici tərəfi vardır: birinci müsbət tərəf təhsilə ayrılan zaman və qüvvənin daha qısamüddətli olmasıdır; ikinci müsbət tərəf isə daha çox gəlir gətirən sahələrlə bağlı kursların və seminarların təşkilidir. Müasir dünya gəncliyi sosial şəbəkələrin gücü vasitəsilə daha çox və tez bir şəkildə gəlir əldə etmək üçün qısamüddətli tədrisə meyl edirlər. Lakin bütün bunlar uzunmüddətli inkişaf baxımından böyük fəsadlara da yol aça bilər. Fundamental peşələr üzrə biliklərə yiyələnmək daha çox zaman tələb edən bir prosesdir. Bu sahədə reqressiyanın sürətli şəkildə getməsi gələcəkdə fundamental peşələr üzrə mütəxəssis çatışmazlığına böyük ölçüdə yol aça bilər. Məsələn, kənd təsərrüfatı sahəsində yüksəkixtisaslı aqronomların yetişməməsi gələcəkdə ölkəni kənd təsərrüfatı məhsulları və heyvandarlıq sahəsində digər ölkələrdən asılı vəziyyətə sala bilər. Yaxud neft-qaz sektorunda çalışan mütəxəssislərin müasir qazma və emal texnologiyaları ilə tanışlığında yarana biləcək boşluqlar daha sürətli istehsal potensialını zəiflədə bilər. Təbii ki, bütün bu amillər Azərbaycan dövləti, xüsusilə də ölkə rəhbərliyi tərəfindən daim nəzarətdə saxlanılır. Əmək bazarında ali təhsilə olan tələbatın statistikasını müəyyən etmək üçün ən mühüm faktor istehlakçıların tələbini mütəmadi olaraq öyrənməkdir. Burada tələb və təklif regionlar, təşkilatlar, ətraf mühit üzrə dəyişə bilər. Məsələn, urbanizasiya prosesinin sürətlə getdiyi bir mühitdə istehlak tələbləri şəhər həyatına uyğun təmin olunmalıdır. Burada təhsilin sosial-iqtisadi inkişaf strategiyasının regional bölgü prinsipi ön plana çıxır. Ali təhsil müəssisələri məzunlarının gələcəkdə əmək bazarına inteqrasiyası hər bir dövlət qarşısında duran çətin, lakin  önəmli prosesdir. Burada inklüziv təhsil sistemi və bu kriteriyalar üzrə təhsil alanların əmək bazarına inteqrasiyası xüsusilə qeyd edilməlidir. Sağlamlıq imkanları dərəcəsindən asılı olmayaraq, hər bir vətəndaşın ictimai əmək bölgüsünə layiqli inteqrasiyası dövlətin bu sahədə başlıca sosial siyasətini təşkil edir. Azərbaycanda təhsilin idarə edilməsində dövlət və əmək bazarı tənzimləyicilərinin balanslaşdırılmış birləşməsinə əsaslanan təşkilati və iqtisadi mexanizmlər, təhsil sənayesində iqtisadi vəziyyətin sabitləşməsini və bazar münasibətlərinin formalaşması şəraitində onun innovativ inkişafını təmin edir.

 

Elm və təhsilin inteqrasiyası iqtisadi inkişafın tərkib hissəsi kimi

 

Hər bir ölkənin iqtisadi qüdrəti onun regional və beynəlxalq hadisələrə təsir rıçaqlarının önündə gəlir. İqtisadiyyatı güclü olan dövlət daim geopolitik müstəvidə öz sözünü diqtə etmək səlahiyyətinə malikdir. Maddi dəyərlər bolluğunun üstünlük təşkil etdiyi bir dövrdə, mənəviyyatın və milli kimliyin daim diqqətdə saxlanılması strateji insan kapitalının artması ilə düz mütənasiblik təşkil edir. Yəni yüksək mənəvi keyfiyyətlərə malik, milli kimliyini unutmayan və iqtisadi müstəqilliyə sahib olan cəmiyyət daim digər cəmiyyətlər arasında üsünlüyü ilə seçiləcəkdir. Elm və texnologiyanın bütün fiziki sərhədləri aşdığı bir dövrdə ölkələr təkcə öz hərbi və sənaye gücü ilə deyil, həm də elmi potensialı ilə də diqqət mərkəzində ola bilər. Ölkəmizin elmi tədqiqat potensialının yüksəldilməsində dünya elminə inteqrasiya çox önəmli rol oynayır. Azərbaycanın elm xadimlərinin müxtəlif beynəlxalq qrant layihələrində iştirakı ilə yanaşı, əcnəbi mütəxəssislərin marağını cəlb edə biləcək elmi layihələrin Azərbaycan dövləti tərəfindən reallaşdırılması da öz müsbət təsirini göstərəcəkdir. Elm və təhsilin inteqrasiyası təkcə ölkə daxilində yeni müsbət göstəricilərin yaranması ilə deyil, beynəlxalq elmi cəmiyyətə inteqrasiya ilə də paralel şəkildə aparılmalıdır. Gənclərin elmə marağının artırılması üçün müxtəlif təşviqedici layihələrin yaradılması və ən əsas bu istiqamətdə ayrılan investisiyanın səmərəli şəkildə istifadəsinə nəzarət mexanizmlərinin də təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Elm və təhsilə ictimai nəzarətin gücləndirilməsi bu sahədə ilkin addımlardan biridir. İqtisadiyyatda istehsal nəzəriyyəsini elmi müstəvidə nəzərdən keçirdiyimiz zaman keyfiyyət göstəricilərini daim diqqət mərkəzində saxlamaq başlıca vəzifələrdəndir. Hər hansı tətbiqi elm sahəsində güclü mütəxəssisin yetişməsi yetərli deyil. Həmin mütəxəssisin əldə etdiyi bilik və bacarıqların pedaqoji yöndən paylaşılması da inteqrativ inkişafın əsas göstəricisidir. İqtisadiyyatın tərkib hissəsi olaraq elm və təhsilin maliyyəşdirilməsi ilə bağlı həll yolları bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də öyrənilməkdədir. İqtisadiyyatın “dövlət-özəl” sektorları arasında innovativ tərəfdaşlığın genişləndirilməsinə diqqət yetirməklə gəlir mənbələrinin şaxələndirilməsi probleminin həlli maliyyə idarəetməsinin nəzəri müddəalarının və metodlarının işlənib hazırlanmasında və tətbiqində, göstəricilər və meyarlar sisteminin qurulmasında axtarılmalıdır. Dövlətin müasir iqtisadi, sosial və maliyyə siyasətini tam şəkildə həyata keçirməyə qadir olan, artan peşə təhsilinin gəlir bazasının, habelə təhsil sisteminin gəlirlərinin artırılması üçün potensial imkanları olan təhsil ocaqlarının adekvat qiymətləndirilməsi və digər təhsil müəssisələri üçün bir növ model rolunu oynaması çox önəmlidir. Burada əsas məqsəd təhsil müəssisəsinin bir neçə istiqamətdən maliyyələşdirilməsidir. Bu, həm dövlətin iqtisadi yükünü azalda, həm də təhsilə olan iqtisadi marağı daha da artıra bilər. Bu gün Azərbaycanda istər əcnəbi mütəxəssislərin bilavasitə yardımından istifadə edən, istərsə də beynəlxalq təhsil təcrübəsinin ölkəmizdə tətbiqi üçün şərait yaradan xeyli sayda təhsil ocağı mövcuddur. Daha bir vacib məsələ isə özəl sahədən gələn maliyyə axınının davamlı və etibarlı olmasını təmin etməkdir. Bunun üçün maliyyə xərclərini qarşılayan tərəfin iqtisadi marağı mütləq şəkildə nəzərə alınmalıdır. Ali təhsil müəssisələrinin nəzdində maliyyə menecmentinin səmərəli təşkili və müstəqil bazaya əsaslanmaqla ictimai və dövlət nəzarətində saxlanılması bu gün dünyada tətbiq olunan önəmli layihələrdəndir. Təhsil müəssisələrinin gəlir və xərclərinin müəyyənləşdirilməsində vahid rəqəmsal maliyyə menecmentinin formalaşdırılması istər biznes sektoru üçün, istərsə də təhsilin inkişafında maraqlı olan dövlət üçün hərtərəfli fayda gətirə bilər. Tələbələrin mütəmadi olaraq müxtəlif sahələrdə yer alan uğurlu biznes strukturlarının rəhbərləri və mütəxəssisləri ilə görüşlərinin təşkili təhsilin sosial-iqtisadi inkişafında, həm də ölkənin kadr potensialının təkmilləşdirilməsində müsbət addımdır. Həm tələbələr gələcəkdə iş yerlərinin müəyyənləşdirilməsi üçün müəyyən meyarları anlamış olurlar, həm də biznes mühitinin nümayəndələri gələcəyin peşəkar mütəxəssislərinin müəyyənləşdirilməsi istiqamətində müəyyən dividentlər əldə edirlər. Təhsil sisteminin maliyyə mexanizminin müasirləşdirilməsi məqsədilə “dövlət-özəl” sektor tərəfdaşlığı çərçivəsində bazar iqtisadiyyatı subyektləri arasında qarşılıqlı fəaliyyətin əsas istiqaməti müəyyən olunmalıdır. Eyni zamanda sənaye müəssisələri, kommersiya bankları, büdcə təşkilatları, rayon idarələri təhsilin inkişafı proqramlarının hazırlanmasına və kadr hazırlığı sisteminin idarə edilməsinə, sosial tərəfdaşlıq haqqında vahid təhsil müqaviləsi əsasında təhsil müəssisələri haqqında məlumat bankının yaradılmasına cəlb olunmalıdır. Təhsil sisteminin müasirləşdirilməsi mərhələsində “dövlət - özəl” sektor tərəfdaşlığına əsaslanan maliyyə mexanizminin tətbiqi təlim prosesinin yaradıcı təhsil texnologiyası metoduna keçirilməsinin ən vacib şərtidir. Yəni burada praktiki təlimlərin, mütəmadi kursların təşkil olunması praktiki biliklərin əldə olunmasına zəmin yaradır. Elm və texnologiyanın imkanlarından istifadə etməklə 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusunun mürəkkəb döyüş şəraitində az itkilərlə böyük uğurlar əldə etdiyini dünyanın aparıcı hərbi, elmivə təhsil müəssisələri bu gün də öyrənməkdədir. Şanlı ordumuzun döyüş taktikası və texnoloji imkanlardan vəhdət şəklində istifadə etməsi dünya hərb tarixi dərsliklərinə salınmışdır. Elmi və texnoloji cəhətdən yüksək inkişaf etmiş ölkələrin belə bu prosesi öyrənmək cəhdləri Azərbaycan xalqının zəka üstünlüyü və elmi inkişaf potensialını bir daha nümayiş etdirir. Elm və təhsilin iqtisadi inkişafdakı əsas rolu məhz burada özünü göstərir: sadə istehsal proseslərindən kosmik araşdırmalaradək bütün elmi tədqiqat sahələrində innovativ yanaşma ölkənin iqtisadi gücünə güc qatmaqdadır.     

 

Qeyd edilən bütün amillər, Azərbaycanda elm və təhsilin inkişafı üzrə strategiya ölkəmizin gələcək inkişafına və sosial rifahına hesablanmış sosial-iqtisadi inkişaf üzrə dövlət strategiyasının aparıcı tərkib hissəsi olduğunu bir daha sübut edir.

 

İnanırıq ki, “Azərbaycan Respublikasının 2020-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda elm və təhsilin inkişafı üzrə müəyyən olunan hədəflərə çatmaq yolu ilə ölkəmizdə XXI əsrin tələblərinə uyğun müasir təhsil sisteminin formalaşdırılması təmin ediləcək, rəqabətədavamlı insan kapitalının davamlı inkişafı mümkün olacaqdır.

 

Hümeyir ƏHMƏDOV,

Təhsil İnstitutunun Elmi-pedaqoji kadrların hazlırlanması şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi

 



07.10.2022 | 15:33