“İdarəçi - təşkilatın ehtiyaclarına uyğun dəyişə bilən LİDER olmalıdır” | |
“Rektorla söhbət” rubrikasında budəfəki həmsöhbətim Orta Doğu Teknik Universitetinin rektoru Professor Dr. Mustafa Verşan KÖKDÜR
1960-cı ildə Çorlu-Tekirdağda anadan olub. İbtidai təhsilini Beynəlxalq Praqa Məktəbində (Çexiya) başa vurub. 1990-cı ildə ODTU Neft və Təbii Qaz Mühəndisliyi üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 1993-94-cü illərdə Fransada CNRS (INSA de Lyon) və ELF tədqiqat mərkəzlərində doktoranturadan sonrakı təhsilini həyata keçirib. 1995-2000-ci illərdə qonaq tədqiqatçı kimi hər il üç ay İngiltərə, Almaniya və Macarıstanda tədqiqatlar aparıb.
2001-2006-cı illərdə TÜBİTAK-da başqan müşaviri (Avropa İttifaqının 6-cı Çərçivə Proqramı Enerji, Nəqliyyat və Ətraf Mühitdən məsul) və “Mühəndislik Araşdırma Qrupu”nun rəhbəri vəzifələrində çalışıb. 20-dən çox yüksək nailiyyət mükafatına layiq görülməklə yanaşı, 2007 və 2008-ci illərdə “Yurd Mədənin İnkişafı Fondu” və “Prof. Dr. Mustafa Parlar Fondu”nun elm, 2008-ci ildə isə “Beynəlxalq lider elm adamı və mühəndisi” mükafatlarını (OIC) alıb.
Beynəlxalq indeksli jurnallarda (SCI) 212 məqaləsi dərc olunub, beynəlxalq konqreslərdə 83 məruzə təqdim edib. Enerji və ətraf mühit sahələrində 4 “Avropa İttifaqı Altıncı Çərçivə” layihəsində koordinator, 6 beynəlxalq layihədə və 15 TÜBİTAK layihəsində icraçı/tədqiqatçı kimi çalışıb. Beynəlxalq çalışmalarına 5100-dən çox istinad (WoS) edilib, WoS h-indeksi isə 45-dir.
2015-2016-cı illərdə Mühəndislik fakültəsinin dekanı vəzifəsində çalışıb. 2016-cı ildən Orta Doğu Texniki Universitetinin (ODTÜ) rektorudur.
28 fevral 2019-cu il tarixində Kazan Federal Universitetinin “Fəxri doktoru” adını alıb. Türkiyə Elmlər Akademiyasının (TÜBA) Baş üzvüdür.
- Hörmətli rektor, ODTU-nun yaranma tarixini gəlin birgə vərəqləyək... - Orta Doğu Texniki Universiteti (ODTU) 1956-cı ildə Türkiyənin, eyni zamanda Yaxın Şərq ölkələrinin inkişafına töhfə vermək, xüsusilə təbiət və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək məqsədi ilə yüksək texnologiya institutu olaraq yaradılmışdır. İlk olaraq 1956-cı ildə Memarlıq, 1957-ci ildə isə Maşınqayırma kafedraları açılmışdır.
Türkiyədə ən yüksək balla tələbə qəbul edən ali təhsil müəssisələrindən biri olan ODTU bir çox sahədə ilkləri həyata keçirmişdir. ODTU Şimali Kipr Kampusu və Mersindəki Dəniz Elmləri İnstitutu ilə birlikdə üç kampusda təhsil verir.
66 illik tarixə malik olan ODTU hər sahədə qabaqcıl universitet olaraq yarandığı gündən üç əsas funksiyasını; təhsil, tədqiqat və sosial xidmətini dünya standartlarında həyata keçirmişdir. ODTU ümumbəşəri dəyərlərə, fərdi və sosial inkişafa əhəmiyyət verərək, elmi, texnoloji, mədəni və ekoloji dəyişiklikləri yaradıb davam etdirə bilən, sosial məsuliyyət şüurunun yaradılmasının qayğısına qalan, ömürboyu öyrənməyi prinsip kimi qəbul edən fərdlərin hazırlanmasına rəhbərlik etmiş, qabaqcıl təhsil anlayışını simvolizə edən beynəlxalq universitetə çevrilmişdir.
ODTU milli və beynəlxalq səviyyədə artan elmi təsiri və keyfiyyətli təhsili ilə ölkəmizin lider universitetidir. Universitetimiz müxtəlif beynəlxalq tədqiqat proqramları, ilk növbədə, Avropa İttifaqı fondları tərəfindən maliyyələşdirilən yüzlərlə layihə ilə dünya miqyasında elmi tədqiqatlara töhfə verib.
- Hocam, bildiyimiz kimi, ODTU Türkiyənin rəqabətədavamlı universitetlərindən biridir. Bəs, ODTU-da tələbə olmağın üstünlükləri, tələbələrə təklif olunan akademik və texnoloji imkanlar nələrdir? - Bu gün universitet biliklərin yaradılması, istifadəsi və yayılması üçün üçtərəfli sütunu təşkil edir. Dəyişən, inkişaf edən cəmiyyətə və insan ehtiyaclarına uyğun formalaşan, ömürboyu öyrənməni davam etdirməyə, məkanın, ərazinin, şöbənin sərhədlərini aradan qaldırmağa qadirdir. Universitet müəyyən sahələrdə ixtisaslaşaraq tematik araşdırmalara diqqət yetirib, cəmiyyətə təsirinə görə transformasiya edən və qabaqcıl keyfiyyətlərə malik olmalıdır. Orta Doğu Texniki Universiteti bu çərçivədə tələbələrinə çoxşaxəli universitet təhsili təqdim etmək üçün bütün imkanlarını səfərbər edir.
Bundan əlavə, universitetə üstünlük verən amillər arasında onun təhsil anlayışında ümumbəşəri dəyərlərə sahib çıxma qabiliyyəti, ixtisaslı və səriştəli akademik heyətə, eyni zamanda, zəngin tədqiqat imkanlarına malik olması çox önəmlidir. Digər tərəfdən, universitet tələbə yönümlü olması, kampus həyatı və uğurlu məzunlar yetişdirə bilməsi ilə önə çıxır.
Universitetimiz tələbələrə təhsil həyatı boyunca öyrəndikləri nəzəri bilikləri möhkəmləndirmək üçün təklif etdiyi texniki və tədqiqat infrastrukturuna əlavə olaraq, sosial, mədəni və idman imkanları ilə hər cəhətdən özlərini inkişaf etdirmələrini təmin edəcək inteqrasiya olunmuş bir öyrənmə mühiti təklif edir.
30-dan çox tədqiqat mərkəzi, 465 təhsil və tədqiqat laboratoriyası ilə 27000-dən çox tələbə və 2000-dən çox professor-müəllim heyətinə ev sahibliyi edir. ODTU olaraq, verdiyimiz keyfiyyətli təhsil (həm yerli, həm də beynəlxalq miqyasda) və artan elmi nailiyyətlərimizlə tələbələrimizə keyfiyyətli təhsil və tədqiqat şəraiti təqdim edirik.
Tədqiqatın vacibliyinə inanaraq, biz bakalavr tələbələrinə də tədqiqat layihələrində iştirak etmək üçün müxtəlif imkanlar təklif edirik. Bakalavr tələbələri də professorların tədqiqat qruplarında iştirak edərək tədqiqat mərkəzlərində layihələrdə işləyə bilərlər. Eyni zamanda, öz layihələri üçün maliyyə dəstəyi tapa, nəşr, milli və ya beynəlxalq müsabiqələrdə iştirak edə bilərlər. Bu da ODTU məzunlarına xüsusilə, araşdırma, inkişafetmə və texnologiya sahələrində üstünlük verir. Tələbələr fənlərarası komandalar yaradaraq, sənaye ilə qarşılıqlı əlaqə və əməkdaşlıqda yeni məhsulların hazırlanmasına imkan verən “Dizayn Fabriki”ndə, ölkəmizin qabaqcıl texnologiya mərkəzlərindən biri olan “ODTÜ Teknokent”də, tələbə cəmiyyətləri və idman komandalarımızla dərsdənkənar fəaliyyətlər vasitəsilə özlərini təkmilləşdirə bilərlər.
- Hörmətli rektor, istərdim ki, “Biz dünyanı dəyişə bilərik” şüarı ilə yola çıxan universitetinizin beynəlxalq performansından danışasınız... - ODTU bir çox sahədə yeniliklərə imza atan bir təhsil müəssisəsi olaraq hər zaman Türkiyənin lider universiteti olub və bu iddiasını milli və beynəlxalq uğurları ilə nümayiş etdirib. ODTU dünyanın 11 aparıcı reytinq qurumunun hazırladığı “Dünyanın ən yaxşı universitetləri” siyahısının üçündə ilk 500-də yer alan yeganə Türkiyə universitetidir.
ODTU olaraq, uğurlarımızı gələcək illərdə də davam etdirməyi, qarşıdakı 3 ildə daimi olaraq ilk 500-də olmağı və sonrakı dövrdə də sıralamalarda yüksəlməyi hədəfləyirik.
Universitet-sənaye əməkdaşlığı baxımından beynəlxalq performansımız haqqında məlumat vermək gərəkirsə, Türkiyənin ilk texnologiya inkişaf bölgəsi olan və hər il “ən yenilikçi və təşəbbüskar “Teknokent” seçilən ODTU, 1,8 milyard dollardan çox ixrac gəliri və 23 milyard TL-dən çox texnologiya satışına sahibdir. Bundan əlavə, ODTU “Texnologiya Transfer ofisi”miz vasitəsilə son üç ildə 50-dən çox beynəlxalq patent qeydiyyatı əldə etmişik.
İnkişaf etmiş texnoloji infrastruktura malik araşdırma mərkəzləri ilə ODTU beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilən yüksək əlavə dəyərli nəticələrə malik çoxlu sayda tədqiqat fəaliyyətinə ev sahibliyi edir.
ODTU-də professor-müəllim heyəti davamlı olaraq beynəlxalq indeksli elmi jurnallarda yayının sayını və keyfiyyətini artırır. ODTU tədqiqatçılarının elmi nəşrlərinin təqribən 45%-i beynəlxalq əməkdaşlıq çərçivəsində xarici tədqiqatçılarla həyata keçirilir. ODTU sənaye əməkdaşlığının nəşr nisbətinə görə də ölkəmizin universitetləri arasında birinci yerdədir.
- Hörmətli rektor, siz mühəndislik fakültəsinin məzunusunuz və hazırda təhsil idarəçiliyində çox mühüm vəzifədəsiniz. Sizcə, idarəçi olmağın öhdəlikləri nələrdir? Ümumiyyətlə, bugünkü təhsil sistemlərinin idarəçilərdən gözləntiləri nədir? Zəhmət olmasa, bu haqda bizə bəhs edin... - Hansı qurumu idarə etməsindən asılı olmayaraq, yaxşı idarəçi olmaq üçün bəzi universal xüsusiyyətlər tələb olunur. Bir idarəçi təmsil etdiyi qurumun məqsəd və vəzifələrini, missiyasını, strategiyalarını, tarixini, korporativ prinsiplərini, dəyər mühakimələrini və mədəniyyətini çox yaxşı bilməli, işçilərini istiqamətləndirməli, hər bir qərarı qəbul etdiyində məsuliyyət daşıdığını unutmamalıdır. Eyni zamanda, qərarlarının arxasında möhkəm dayanmağın vacibliyini bilməlidir. Komandası ilə yaxın münasibət qurmalı, ətrafına güvənməli, davamlı öyrənməyə, özünü inkişaf etdirməyə açıq olmalı, komanda ruhu sayəsində meydana gələcək harmoniya nəticəsində yaranan sinerjidən qidalanmalı, ünsiyyət yönümlü və davranışlarıyla nümunəvi mövqe nümayiş etdirməlidir. Digər tərəfdən, planlaşdırma, təşkilatçılıq, koordinasiya və rəhbərlik daxil olmaqla nəzarət səriştəsinə, eləcə də, təmsil etmə qabiliyyətinə malik, konseptual və texniki məsələləri qavrayan biri olmalıdır.
Təhsil sistemləri baxımından isə, xüsusən də ali təhsil sektorunda elmi, texnoloji və sosial yenilikləri yaxından izləyən, sürətli dəyişikliklərə uyğunlaşa bilmək və təmsil etdiyi qurumu bu dəyişikliklərə uyğunlaşdırmaq bacarığına sahib, qabaqcıl və ünsiyyətcil cəhəti ilə həm komandasını, həm də təşkilatın ehtiyaclarına uyğun dəyişə bilən bir LİDER olmalıdır.
Məsələyə universitetlər prizmasından yanaşsaq, hesab edirəm ki, rektor eyni zamanda, çox uğurlu elm adamı olmalıdır. O, çox yaxşı tədqiqatçı və pedaqoq xüsusiyyətlərinə malik olmalıdır. İdarəetmə təcrübəsinin olması da çox vacibdir.
- Bildiyimə görə, ODTU Türkiyədə mərkəzi kompüter sistemi quran ilk universitet olub. Bundan əlavə, ODTU ilk dəfə Türkiyənin internet əlaqəsini qurma yeniliyini təqdim etdi. Yaxşı, hazırda universitetinizdə müasir texnologiya sahəsində hansı mühüm işlər aparılır? - Türkiyənin ilk texnologiya inkişaf zonası olan ODTU “Teknokent”də proqram təminatı və informatika, elektronika, telekommunikasiya, tibbi texnologiyalar, qabaqcıl materiallar, kənd təsərrüfatı, qida, kosmik-aviasiya, enerji, avtomobil və ətraf mühit sahələrində AR-GE fəaliyyətləri həyata keçirir. Digər tərəfdən, yerli və milli texnologiyalar ODTU “Teknokent” nəzdində yaradılan Müdafiə Sənayesi Klasteri çərçivəsində işlərini davam etdirən müdafiə və texnologiya şirkətləri tərəfindən hazırlanır.
Universitetimiz Avropa Komissiyası tərəfindən hazırlanan Türkiyənin ən uğurlu araşdırma qurumları siyahısında; 2007-2013-cü illərdə Avropa Birliyinin Çərçivə Proqramlarında birinci, 2014-2018-ci illərdə Avropa İttifaqının “Üfüq 2020 Proqramı” çərçivəsində maliyyələşdirilən layihələrdə ikinci yeri tutmuşdur. Layihədə iştirak edən akademiklərimiz layihəəsaslı texnologiyanın inkişafına böyük töhfə verirlər.
- Hörmətli rektor, bilirik ki, ODTU məzunları arasında nazirlər, diplomatlar, icraçı direktorlar, musiqiçilər, yazıçılar və bir çox başqa peşələrdə tanınmış adlar var... ODTU-nün Türkiyənin elm sahəsinə verdiyi töhfələr haqqında nə deyə bilərsiniz? - ODTU yarandığı gündən bəri biznes, siyasət, elm və incəsənət kimi həyatın bir çox sahələrində saysız-hesabsız liderlər yetişdirmişdir. Sayı 150 minə yaxınlaşan ODTU məzunları təkcə Türkiyədə deyil, bütün dünyada iş və elm dünyasındakı mövqeləri ilə cəmiyyətə töhfə verməyə, sənaye və texnologiyanı formalaşdırmağa davam edirlər.
Çox güman ki, universitet rektorlarından tutmuş bir çox elm adamının yetişməsində əməyi olan professorların professorlarına, Google, Intel və Meta kimi dünyanın ən böyük texnologiya şirkətlərində rəhbər vəzifələrdə çalışmış müxtəlif sahələr üzrə məzunlardan tutmuş, robototexnika sahəsində çox mühüm işlərə imza atan mühəndislərə qədər hər sahədə ODTU tələbəsi ilə qarşılaşmaq mümkündür.
Təkcə Türkiyədə deyil, bütün dünyada elm sahəsinə diqqət yönəldən, kimya, molekulyar biofizika, biokimya və riyaziyyat sahələrində önəmli çalışmaları olan Oktay Sinanoğlu, nəzəri fizika və riyaziyyat sahələrində dünyaca məşhur olan Feza Gürsey, riyaziyyatçı Cahit Arf və b. ODTU-nu bugünkü vəziyyətə gətirmiş, elm aləmində söz sahibi olan bir çox məzunumuzu yetişdirmiş mühüm dəyərlərdən yalnız bir neçəsidir.
- Hocam, səlahiyyət müddətinizin sonuna kimi daha nələr etmək istəyirsiniz? Universitetinizin gələcək perspektivi və strategiyası haqqında öyrənmək istəyirəm. - ODTU rəhbərliyi olaraq dünyada və ölkəmizdə baş verənləri yaxından təqib edərək, bütün fəaliyyətləri diqqətə alan, ölçən, qiymətləndirən və ölçmə nəticələrini nəzərə alaraq siyasət (eyni zamanda tətbiqlərini) hazırlayan strateji idarəetmə yanaşmasını qəbul etmişik. Bu kontekstdə biz effektiv “Tədqiqat İdarəetməsi”ni tətbiq etməklə “Birlikdə Uğur”un əsasını yüksək səviyyədə saxlamağa çalışırıq. Bu istiqamətdə həyata keçirdiyimiz bəzi strateji addımları aşağıdakı kimi sadalaya bilərəm:
ODTU-nun beynəlxalq mövqeyini möhkəmləndirmək və inkişaf etdirmək məqsədilə 2021-ci ildə ilk olaraq akademik heyətin təyinatı və yüksəliş meyarlarını beynəlxalq standartlara çatdırdıq. Eyni zamanda, biz 2021-ci ildə ilk növbədə gənc akademiklər üçün yeni dəstək proqramlarını tətbiq edərək, nəşr təşviqi və dəstəyi nisbətlərini artırdıq. ODTU olaraq önümüzdəki illərdə də tədqiqat, təhsil, sahibkarlıq və ictimai xidmət sahələrində qabaqcıl rolumuzu davam etdirməkdə qərarlıyıq.
- Azərbaycanla təhsil sahəsində hər hansı əməkdaşlığınız varmı? - 2-5 noyabr 2022-ci il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində “5-ci Neft hasilatının artırılmasının beynəlxalq üsulları” mövzusunda konfrans keçirəcəyik. Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevin dəstəyi ilə təşkil olunacaq bu konfransa Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru professor Mustafa Babanlı ev sahibliyi edəcək.
- Hörmətli rektor, hazırda ODTU-da nə qədər azərbaycanlı tələbəniz var?.. Azərbaycanlı tələbələriniz təhsildə necə performans göstərirlər? - 2021-2022-ci il yaz semestrinə görə, azərbaycanlı tələbələr ODTU-da bakalavr və magistr proqramlarına daxil olan beynəlxalq tələbələr arasında birinci yerdədir (1272 beynəlxalq tələbənin 19%-i, onlardan 243-ü azərbaycanlıdır). Azərbaycanlı tələbələr universitetimizdə daha çox bakalavr proqramlarına üstünlük verirlər. Qeydiyyatdan keçmiş azərbaycanlı tələbələrimizdən 233 nəfəri bakalavr, 20 nəfəri isə magistratura proqramları üzrə təhsilini davam etdirir.
Universitetimizdə 35 müxtəlif proqram üzrə, ümumilikdə, 243 azərbaycanlı tələbə təhsil alır. Azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi 10 şöbə: İqtisadiyyat, Kompüter mühəndisliyi, Riyaziyyat, Neft və təbii qaz mühəndisliyi, Elektrik-elektronika mühəndisliyi, Maşınqayırma, Sənaye mühəndisliyi, Statistika, Biznesin idarə edilməsi və Fizikadır.
ODTU ilə Azərbaycanın yeddi müxtəlif tədqiqat institutu arasında on müxtəlif ikitərəfli əməkdaşlıq müqaviləsi hələ də davam edir. Bizim Azərbaycanın elmi-tədqiqat müəssisələri ilə qarşılıqlı tələbə və kadr mübadiləsinə dair dörd, daha geniş əməkdaşlıq üçün altı müqaviləmiz var.
Müsahibəni təqdim etdi:
Şəhla ASLAN, yazıçı-jurnalist, təhsil araşdırmaları üzrə doktorant
|
|
07.10.2022 | 10:08 | |
|
|
|