Rektor:“Müəllim əməyi əsl vətənpərvərlik nümunəsidir” | |
Naxçıvan Dövlət Universitetində 5 Oktyabr- Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.
Tədbirdən öncə universitetin incəsənət fakültəsinin sərgi salonunda dekorativ, rəngkarlıq, qrafika, tətbiqi sənət nümunələrinin əks edildiyi sərgiyə baxış olub.
Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, ümummili lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirən rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir. Ali təhsil müəssisəsində kadr hazırlığının həyata keçirilməsində müəllimlərin əvəzsiz rolundan söz açan E.İsayev əlamətdar tarixi gün münasibətilə müəllimləri təbrik edib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Hüquq fənləri kafedrasının müəllimi Əziz Qasımov qeyd edib ki, muxtar respublikada müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Ə.Qasımov müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamlı xarakter aldığını vurğulayıb.
Müəllimlik peşəsini ən şərəfli və vacib peşə adlandıran Mətbuat tarixi ixtisası üzrə I kurs magistrant Muxtar Rzazadə müəllim adının bütün zamanlarda uca və müqəddəs sayıldığını bildirib və bu adın şərəfini daima yüksək tutduğuna, ölkəmizin inkişafı naminə hazırlıqlı kadrlar yetişdirdiyinə görə bütün müəllimlərə minnətdarlıq edib.
Sonda tələbələrin bədii qiraəti, ifa olunan musiqi nömrələri tədbiri daha yaddaqalan edib.
|
|
05.10.2022 | 19:33 | |
|
|
|