Rektor Prezident təqaüdünə layiq görülən tələbə ilə görüşüb

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Prezident təqaüdünə layiq görülən, 691.3 balla BMU-nun ingilis dili üzrə Kompüter elmləri ixtisasını seçən Leyla Məmmədlini təbrik edib. 

 

Bu münasibətlə keçirilən görüşdə Prezident İlham Əliyevin “2022/2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan rektor H.Məmmədov təqaüdə layiq görülənlər arasında BMU tələbəsinin yer almasının sevindirici hal olduğunu bildirib. Ölkədə təhsilə və gənclərə göstərilən böyük diqqət və qayğıdan danışan rektor qeyd edib ki, sözügedən təqaüdün təsis olunması məhz tələbələrə dövlət qayğısının daha da gücləndirilməsi, onların təhsil alması üçün əlverişli şərait yaradılmasının təmin edilməsi, eyni zamanda təhsilə olan həvəslərinin artırılması məqsədi daşıyır.

 

Universitet üzrə statistik rəqəmlərə də diqqət çəkən rektor cari ildə BMU-ya daxil olan tələbələr arasında 600 baldan yuxarı bal toplayan abituriyentlərin sayının iki dəfədən çox artdığını bildirib.

 

Rektor tələbələrə əldə edilən nailiyyətlərin davamlı olması üçün təhsilə, tədrisə bundan sonra da diqqətlə yanaşmalarını və daha əzmlə çalışmalarını tövsiyə edib.

 

Öz növbəsində Prezident təqaüdçüsü L.Məmmədli belə bir mötəbər siyahıda adının olmasından qürur duyduğunu bildirib və öz sevincini tədbir iştirakçıları ilə paylaşıb. BMU tələbəsi dövlətimizə layiqli bir vətəndaş olmaq üçün qarşısına qoyduğu məqsədlər uğrunda daha səylə çalışacağını fikirlərinə əlavə edib.

 



05.10.2022 | 16:30