Böyük XİLASKAR

3 oktyabr 1993-cü il ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi tarixdir. Bu tarix Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun təməli,  ölkəmizin inkişaf tarixində yeni bir səhifədir.

 

Çünki həmin dövr Azərbaycanın siyasi hakimiyyət böhranı yaşadığı, vətəndaş qarşıdurmasının baş verdiyi, torpaqlarımızın ard-arda itirilməsi ilə başlayan siyasi gərginlik, siyasi xaos dövrü idi, beləcə ölkəmiz böyük bəlalar, faciələr içərisinə yuvarlanmışdı. Görkəmli siyasi xadim Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı ilə bu dramatik vəziyyət dəyişdi, onun ölkəyə rəhbər seçilməsi ilə Azərbaycan siyasi, iqtisadi baxımdan inamla inkişaf mərhələsinə qədəm qoydu. Xalq ölkəni parçalanma, müstəqilliyimizi itirilmə təhlükəsindən xilas edən Heydər Əliyevi böyük səs çoxluğu ilə Prezident seçdi. Xarizmatik lider Heydər Əliyev bu etimadı doğruldaraq ölkəmizi böyük bəlalardan, faciələrdən qurtardı; Azərbaycanı sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı.

 

Fenomen insan olan Heydər Əliyev özündən əvvəlki səriştəsiz hakimiyyətin yaratdığı hərc-mərclik, özbaşınalıq, qeyri-peşəkar idarəetmə ilə, sözün həqiqi mənasında, məhv olmaq təhlükəsi ilə üzləşmiş bir Azərbaycanı miras almışdı. Dövlətçilik anlayışından bixəbər insanların yaratdığı problemləri həll etmək, siyasi baxımdan sabit, iqtisadi cəhətdən güclü bir Azərbaycan qurmaq olduqca çətin idi və gərgin zəhmət tələb edirdi. Təsəvvür edin, ölkədə idarəetmə tamamilə itib, qeyri-qanuni silahlı dəstələr mövcuddur, xarici dövlətlərin bəziləri Azərbaycanı parçalamaq ssenarisi ilə hərəkət edir, ölkədə sosial-iqtisadi inkişafla bağlı yaxşı bir göstərici yoxdur. Belə bir Azərbaycanı ayağa qaldırmaq lazımdır.

 

Bəs, bunu kim bacara bilərdi? Həm o dövrkü siyasi komandanın, həm də xalqın nəzərləri əbəs yerə Naxçıvana dikilməmişdi. Heydər Əliyev Azərbaycanın başı üzərindəki qara buludları dağıdacaq, Azərbaycanı gücləndirə biləcək tək şəxsiyyət idi.   

 

Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpasından başladı, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Separatçı meyillərə son qoyuldu. Təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs elan olundu. Lakin Heydər Əliyevin xilaskarlıq missiyasını görən xain qüvvələr dövlət çevrilişlərinə cəhd göstərdi. Bu təhlükələrin qarşısı da Heydər Əliyevin iti ağlı, siyasi gücü ilə qətiyyətlə alındı. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Bu, xilaskarlıq missiyası idi. Heydər Əliyev bu missiyanı layiqincə yerinə yetirirdi.

 

Ümummilli lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, dövlət idarəetmə sükanını əlində saxlayarkən, heç vaxt romantik ideyalar arxasınca getmədi, realist olaraq hadisələrə praqmatik yanaşdı, beynəlxalq aləmdə tarazlaşdırılmış xarici siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı kimi nüfuz qazandı. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qüdrətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və dünyaşöhrətli dövlət xadimi olduğunu təsdiq edə bildi.

 

Ulu Öndərin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Nitqi dərin və konkret idi, müzakirə olunan məsələni milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Xalqın iradəsini əks etdirən siyasi kursdan kənara çıxmırdı. Çünki gözəl bilirdi ki, sevdiyi, qurduğu müasir Azərbaycanı məhz belə bir model irəli apara bilər. 

 

Ümummilli Lider siyasi fəaliyyəti ilə sübut etdi ki, reallığı düzgün qiymətləndirən, zəngin təcrübədən yaradıcılıqla istifadə edən, sosial-siyasi və iqtisadi problemlərin bütün spektrini, mürəkkəbliyini nəzərə alan, qəbul olunan qərarların mümkün nəticəsini irəlicədən görməyə imkan verən siyasi xətt hökmən uğur qazanır.

 

Görkəmli siyasi xadim Heydər Əliyev hələ 60-cı illərin sonlarında rəhbərlik etdiyi Azərbaycanı yaxşı tanıyırdı, onun problemlərini, insanlarının xarakterini, enerjisini, zəhmətə münasibətini bildiyi kimi, bu problemlərin həllini də dərindən bilən bir şəxsiyyət idi. Təkcə daxili siyasəti deyil, Azərbaycanın xarici siyasətinin problemlərini həll etməyi, bu siyasəti necə balanslaşdırmağı da bacarırdı. Ona görə də beynəlxalq təşkilatlar, xarici dövlətlər onun rəhbərliyi dövründə Azərbaycanla daha sıx işləməyə başladı. 

 

Qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modeli quruldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. Sözsüz ki, bazar iqtisadiyyatının, sahibkarlığın inkişafı mütləq şərtdir. Bir ictimai-iqtisadi formasiyadan digərinə keçiddə mühüm olan təkcə bu da deyildi. Heydər Əliyev bilirdi ki, Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiyadır. Ona görə də onun siyasi hakimiyyətə gəlişi ilə siyasi islahatlar aparıldı, demokratik inkişafla bağlı önəmli qərarlar, qanunlar qəbul edildi. Söz, mətbuat azadlığı gücləndi, siyasi partiyaların sayı artdı, onların fəaliyyətinə sərbəst şərait yaradıldı.

 

Demokratik məzmunlu dəyişikliklərin təşəbbüskarı olan Heydər Əliyev kütləvi informasiya vasitələri üzərində senzuranı aradan qaldırdı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin, Ombudsman təsisatının və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğv edilməsi, onlarla digər islahat xarakterli demokratik təşəbbüslər həyata keçirildi.

 

Ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyi dövründə milli maraqlar öndə dayanmaqla qərbə inteqrasiya yolu tutuldu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. "Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış bu müqavilə sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı. 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarıldı. Azərbaycan milli gəlirini artırmağa başladı. Bu gəlir ölkənin iqtisadi inkişafında mühüm rol oynadı.

 

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu, milli maraqlara xidmət edən xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqeyinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə etməklə bir çox dövlətlər və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini bu gün səmərəli şəkildə həyata keçirir.

 

Ulu öndərin xidmətlərini sadalayarkən, işğal edilmiş torpaqlarımızın azadlığı üçün əzmlə çalışdığını da xüsusi vurğulamaq lazım gəlir. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən, Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsini xarici siyasətimizin əsas prioritetinə çevirən, bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbuluna nail olan, Azərbaycanın iqtisadi baxımdan güclü olmasının əsaslarını yaradan və bu gücü işğal altındakı torpaqların azadlığında əsas faktor kimi müəyyənləşdirən ulu öndər Heydər Əliyev bugünkü AZAD QARABAĞIN memarı kimi də hörmət və ehtiramla anılır.  

 

V.ALLAHVERDİYEVA

 



03.10.2022 | 12:03