Yeni dərs ilinə nailiyyətlərlə

Sentyabrın 11-də Abşeron rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. Konfransda Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, təhsil nazirinin müavini Firudin Qurbanov, rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova, rayonun təhsil işçiləri və idarə, təşkilat rəhbərləri  iştirak ediblər.

 

Konfrans açıq elan edildikdən sonra 2017-2018-ci dərs ilinin yekunları ilə bağlı  videoçarx nümayiş etdirilib. Daha sonra  məruzə ilə çıxış edən Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova bildirib ki, rayon təhsil şöbəsi ötən dərs ilində əsas fəaliyyətini təhsilin inkişafı üzrə Dövlət Strategiyasının tələbləri istiqamətində qurmağa çalışıb, “Təhsildə keyfiyyət ili” ilə bağlı Nazirliyin fəaliyyət planında nəzərdə tutulmuş inkişafyönlü tədbirlərin həyata keçirilməsinə səy göstərib. O, bildirib ki, xüsusi istedada malik uşaqların yaradıcılıq potensialının  inkişafını təmin etmək məqsədilə dərs ili ərzində rayonun ümumtəhsil məktəblərində fənn olimpiadaları, bilik yarışları, müsabiqələr və s. kimi tədbirlər keçirilib. N.Məmmədova, həmçinin məruzəsində ötən tədris ilinin buraxılış və qəbul imtahanlarının nəticələrini şərh edib, ayrı-ayrı məktəblərin müvəffəqiyyət göstəricilərini diqqətə çatdirib.

 

Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov çıxış edərək bildirib ki, rayon rəhbərliyinin, ümumtəhsil məktəblərinin  apardığı səmərəli iş sayəsində 2017-2018-ci tədris ilində universitetə 1123  nəfər qəbul olub, onların 40%-i ingilis dilli,  630-dan yuxarı bal yığan tələbələr mühəndislik, 650 baldan yuxarı yığanlar isə iqtisadiyyat fakültələrini seçiblər. Abşeron rayon ümumtəhsil məktəblərindən 73 nəfər qəbul olub, onlardan 13 nəfər 600-dən yuxarı bal yığıb.

 

Daha sonra çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov  yeni tədris ili münasibətilə konfrans iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidentinin 2013-cü il 24 oktyabr tarixli, 13 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” təsdiq edilib və hazırda icra edilməkdədir. 12 iyun 2018-ci ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla bağlı təhsilin bütün pillə və səviyyələri üzrə normativ hüquqi bazanın yenilənməsi üzrə işlər aparılıb.

 

Ümumtəhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəqədər hazırlıq təşkil olunub. Ölkə üzrə 2016-2017-ci tədris ilində 86848, 2017-2018-ci tədris ilində 94203, 2018-2019-cu tədris ilində isə 104447 nəfər uşaq məktəbəhazırlıq təhsilinə cəlb edilib. Beləliklə, məktəbəhazırlığın əhatəliyi 10% artaraq ötən illə müqayisədə 55%-dən 65%-ə yüksəlib.

 

Son illər ölkəmizdə minlərlə yeni məktəblər tikilib, əlavə korpuslar inşa edilib, əsaslı təmir olunub. Onlardan 400-dən çoxu Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub. Hazırda daha 34 yeni məktəb binaları tikilir, 22-də əsaslı təmir aparılır. 2018-ci ildə 137 modul tipli məktəb tikilib istifadəyə veriləcək. Keçən il 100-dən çox modul tipli məktəb tikilib və istifadəyə verilib.

 

Konfransda həmçinin keçən tədris ilində  nailiyyətləri ilə yadda qalan müəllimlər və ali məktəbə qəbul imtahanında yüksək nəticə göstərən məzunlar çıxış ediblər. Sonda yüksək nəticələri ilə fərqlənən bir qrup təhsil işçisi və məzun rayon icra hakimiyyəti tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.

 



15.09.2018 | 13:27