Təhsildə davamlı keyfiyyət təminatı

“Azərbaycanın təhsildə keyfiyyət təminatı sistemi inkişaf etmiş sistemdir. Bir çox ölkələr buna nail ola bilmədilər. Almaniyada da bu, asan olmadı”.  Bunu hazırda Azərbaycanda olan 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA)  prezidenti olmuş Achim Hopbach deyib.  Qeyd edək ki, Achim Hopbach və təhsildə keyfiyyət təminatı sahəsində təcrübəsi olan ölkələrin mütəxəssisləri Bakıda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə keçirilən “Təhsildə davamlı keyfiyyət təminatı” adlı  beynəlxalq konfransda iştirak edir. Dünəndən işə başlayan konfrans “Baku Marriott Boulevard Hotel”də bu gün də davam edir.

 

Ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı  akkreditasiya meyarları təsdiq ediləcək

 

Sözügedən konfransın əsas məruzəçilərindən elm və təhsil naziri Emin Əmrullayev təhsildə keyfiyyətlə bağlı fəal müzakirələr aparıldığını vurğulayaraq həm Elm və Təhsil Nazirliyinin, həm də Təhsildə Keyfiyyət Agentliyinin bu istiqamətdə tədbirlərinə diqqət çəkib. Nazir təhsildə keyfiyyətin tənzimlənməsi məqsədilə aparılacaq işlərdən danışaraq bir sıra yenilikləri konfrans iştirakçıları ilə paylaşıb: “Növbəti həftələrdə, hətta günlərdə Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı  akkreditasiya meyarları təsdiq ediləcək. Bu, ölkəmizdə çoxdan gözlənilən məsələ idi və inanırıq ki, sənəd kağız üzərində qalmayacaq, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən vacib sənədə çevriləcək. Sənəd növbəti illərdə ali təhsil müəssisələrində bir çox ixtisasların açılması və ya bağlanması, qəbul proqnozlarının formalaşması istiqamətində əsas rol oynayacaq”.

 

Ali təhsil müəssisələrinin akkreditasiyası yaxın bir-iki il ərzində yekunlaşdırılacaq

 

Meyarların təsdiqindən dərhal sonra ölkəmizdəki ali təhsil müəssisələrinin akkreditasiyası prosesinə başlanacağını bildirən nazir prosesin yaxın bir-iki il ərzində yekunlaşdırılacağının proqnozunu da verib. Bu prosesdə ortaya çıxacaq hesabatların ölkə ictimaiyyətinə, maraqlı olan şəxslərə açıq olacağını, proseslə bağlı mütəmadi informasiya paylaşılacağını deyib. Akkreditasiyanın müstəqil həyata keçirildiyini söyləyən E.Əmrullayevin sözlərinə görə, prosesi nazirliyin əməkdaşları deyil, ayrı-ayrı ixtisaslaşmış qruplar  həyata keçirəcək: “Onların rəyi və rəy xarakterli hesabatları ictimaiyyətə açıq olacaq. Burada önəmli məsələ bizim hazırladığımız meyarların Avropa standartları və Boloniya prosesindən irəli gələn standartlara uyğunlaşdırılmasıdır. Artıq bir sıra təhsil müəssisələrimiz beynəlxalq akkreditasiyadan keçirlər. Müəyyən edilmiş siyahı üzrə olan təşkilatlarda akkreditasiyadan keçən təhsil müəssisələrini daxili akkreditasiyadan azad edə bilirik”.

 

Nazir ali təhsil sisteminin idarəetməsinin əsas elementlərinin elə də çox olmadığını vurğulayıb: “Bu, qəbul planı və adambaşına maliyyələşmənin məbləğidir. Dolayısı ilə, Elm və Təhsil Nazirliyinin əsas 2 aləti bunlardır. Məhz akkreditasiya vasitəsi ilə tədrisi daha keyfiyyətli təşkil edən və keyfiyyətli məhsul yaradan ali təhsil müəssisələrində daha çox tələbənin oxumasını ədalətli hesab edirik”.

 

Azərbaycan ali təhsil müəssisələrinin çox dar profil üzrə fəaliyyət göstərdiyini deyən nazirin fikrincə, bu, onların bəzilərinin adlarında, bəzilərində ayrı-ayrı ixtisaslardan görünür:

 

“Qarşımızda ayrı-ayrı ixtisas və ya peşələrdə istər ixtisas proqramlarının, istərsə də standartların, məzmunun dəyişməsi ilə bağlı ciddi bir yol açılacaq”.

 

Nazirin fikrincə, keyfiyyət mədəniyyətinin təhsil siyasətinin mərkəzinə gətirilməsinin, ritorikadan uzaqlaşıb daha ölçüləbilən və qərarlar verilə bilən hesabatlılıq formatının tətbiqi Azərbaycan təhsili üçün faydalı olacaq.

 

Məktəbdə həyata keçirilən işlər öyrənməyə xidmət etmir, öyrənməklə nəticələnmirsə, deməli, məktəb öz işi ilə məşğul deyil

 

Ümumi təhsil pilləsində keyfiyyətin də önəmli istiqamət təşkil etdiyini vurğulayan E.Əmrullayev məktəblərdə keyfiyyətin təminatı və keyfiyyətə nəzarət mexanizmləri ilə bağlı müəyyən ilkin tədqiqatlar olduğunu bildirib: “Burada da bizi narahat edən məqamlar var. Bu gün məktəblərdə təhsilalanlara təqdim etdiyimiz məzmun, onlarda formalaşdırmalı olduğumuz səriştələr onların özünün, o cümlədən ölkəmizin həyatında nə qədər faydalı olur? Ona görə də 2 sual qoyuruq. Məktəblərdə uşaqlar öyrənir, ya yox? Onların öyrəndikləri faydalıdır, yoxsa yox? Təbii ki, məktəb özü instutsional nöqteyi-nəzərdən öz funksiyasını yerinə yetirmək iqtidarındadır, yoxsa yox? - bu da önəmli amildir. Məktəb və onun ətrafında olan iştirakçıların qeyd etdiyim sualların cavabını anlaması vacibdir”.

 

Nazir Azərbaycan təhsilində keyfiyyətə tam nail olana qədər prosesin davam edəcəyini deyib: “Biz təhsildə keyfiyyətdən danışırıq və keyfiyyət özü-özlüyündə proseslərin mərkəzində dayanır. Əminəm ki, hər məktəb direktorunun gündəlik həyatında təsərrüfatçılıq, şagirdərlə, valideynlərlə münasibətlərin tənzimlənməsi, insanlarla ünsiyyətin qurulması və sair kimi səy tələb edən sahələr var. Məktəbdə həyata keçirilən işlər öyrənməyə xidmət etmir, öyrənməklə nəticələnmirsə, deməli, məktəb öz işi ilə məşğul deyil. Öyrənmə prosesi və keyfiyyət mədəniyyəti Azərbaycan məktəbinin vacib prioritetinə çevrilənə qədər proses davam edəcək”.

 

Nazir əmindir ki, ümumi təhsil sahəsində görülən işlər - regional təhsil idarələrinin yaradılması, keyfiyyət təminatı sahəsində, o cümlədən şagird nailiyyətləri ilə bağlı monitorinqlərin aparılması, ölkəmizin beynəlxalq qiymətləndirmə sistemlərinə qayıtması və demək olar ki, bütün qiymətləndirmə tədqiqatlarında iştirakının faydası olacaq.

 

Beynəlxalq ekspertlər ali və ümumi təhsil müəssisələrinin nümayəndələrinə təlim keçəcəklər

 

Konfransda Niderland Krallığının Təhsil üzrə İnspeksiya İdarəsinin Ali Təhsil Departamentinin direktoru Hendrik Martijnse, ali təhsil üzrə beynəlxalq ekspert, 2009-2013-cü illərdə Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyasının (ENQA)  prezidenti olmuş Achim Hopbachin dünya təcrübəsindən sitat gətirməklə təhsildə keyfiyyətin təminatı prosesinə dair çıxışları da maraqla qarşılanıb.

 

Konfransın ilk günündə panel müzakirələr zamanı keyfiyyət təminatı sahəsi üzrə Avropa və dünyanın qabaqcıl beynəlxalq təşkilatlarından olan Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil, ümumi və ali təhsil pillələri arasında keyfiyyət təminatının davamlılığının təmin edilməsi barədə müzakirələr aparıblar. 

 

Müzakirələr zamanı təhsildə keyfiyyət təminatı sahəsi üzrə həyata keçirilən layihələrdə və təcrübə mübadiləsində əməkdaşlıq məsələlərinə də toxunulub, tədbir iştirakçılarının sualları cavablandırılıb.

 

Bu gün beynəlxalq ekspertlər ali və ümumi təhsil müəssisələrinin nümayəndələri üçün praktik təlimlər keçəcəklər.

 

Ruhiyyə DAŞSALAHLI

 



30.09.2022 | 09:34