“Azərbaycan gəncləri milli ruhda tərbiyə almalıdırlar”

Zəngin təbii sərvətləri olan Azərbaycanda, bu sərvətlərdən səmərəli istifadə yolu ilə insan kapitalının daha da inkişaf etdirilməsi başlıca amilə çevrilib. Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğı təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin əsas prinsiplərini təşkil edir. Son illərdə müasir məktəb binaları tikilir, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunur. Bu proses ölkəmizin bütün bölgələrini əhatə edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı qəbul edilən xüsusi Dövlət Proqramında da məktəb tikintisi əsas yerlərdən birini tutur. Proqramda nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq bütün sosial sahələrdə olduğu kimi, təhsil müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb binalarının, uşaq bağçalarının inşası prosesi də məqsədyönlü şəkildə uğurla həyata keçirilir. Eyni zamanda məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm işlər görülür. Heydər Əliyev Fondu dövlət səviyyəsində həyata keçirilən bu işlərə güclü dəstək verir.

 

Yüksək şəraiti və müasir tədris-təlim avadanlıqları ilə diqqət çəkən bu təhsil ocaqlarından  bir neçəsinin əsaslı təmirdən sonra  yeni dərs ili ərəfəsində açılışları olub. Prezident İlham Əliyev sentyabrın 12-14-də həmin məktəblərdə   yaradılan şəraitlə tanış olub.

 

2 nömrəli texniki-humanitar liseyin yüz yaşlı binası yeni görkəmdə

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Səbail rayonunda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseydə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Təhsil ocağının direktoru Bəkir Mustafayev burada aparılan işlər barədə dövlətimizin başçısına məlumat verib.

 

Qeyd olunub ki, liseyin yerləşdiyi binanın yaşı 100 ildən çoxdur. Təhsil ocağında əsaslı təmir işləri bu ilin mayında Prezident İlham Əliyevin tapşırığına əsasən aparılıb. Lisey binasında təmir işləri qısa müddətə və yüksək keyfiyyətlə görülüb. Ümumi sahəsi 2500 kvadratmetr olan üçmərtəbəli binada 31 sinif otağı və müxtəlif fənn kabinetləri var. Burada şagirdlər zəngin ədəbiyyat fondu olan kitabxanadan istifadə edəcəklər. Liseyin yeməkxanası tam yenilənib. Təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Məktəbin kimya, fizika, biologiya, informatika, ədəbiyyat, riyaziyyat, tarix kabinetləri də müasir avadanlıqla təchiz edilib. Liseydə yeni ekoloji kabinet də yaradılıb. Yeniyetmələrin hərbi biliklərinin artırılması məqsədilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları tərəfindən xüsusi olaraq liseydə çağırışaqədərki hazırlıq kabineti yaradılıb. Təhsil ocağında idman və akt zalları müasir səviyyədə təmir olunub. Bir sözlə, burada şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hərtərəfli şərait yaradılıb. Hazırda liseydə 506 şagird Azərbaycan və rus bölmələrində təhsil alır.

 

Onu da deyək ki, Azərbaycanda ilk dünyəvi məktəb olan bu liseyin təməli 1887-ci ildə “Rus-müsəlman” məktəbi kimi görkəmli maarifçi Həbib bəy Mahmudbəyov tərəfindən qoyulub. Bu təhsil ocağı nəinki Azərbaycanda, ümumiyyətlə, Cənubi Qafqazda böyük şöhrət qazanıb. İlk vaxtlarda bu məktəbdə o dövrün tanınmış ziyalıları olan Süleyman Sani Axundov, Abdulla Şaiq və digər görkəmli maarifçilər dərs deyiblər.

 

8 nömrəli tam orta məktəbdə hər cür şərait var 

 

Prezident İlham Əliyev həmin gün Bakının Nəsimi rayonundakı general-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə yenidənqurmadan və əsaslı təmirdən sonra yaradılan şəraitlə də tanış olub. Məktəbin direktoru Aytən Baxşəliyeva təhsil ocağında görülən işlər barədə dövlət başçısına məlumat verib.

 

Diqqətə çatdırılıb ki, bu məktəbin binası 1900-cü ildə inşa edilib. Burada əvvəllər hərbi xəstəxana, sonralar isə Bakı Hərbi Məktəbi yerləşib. 1945-ci ildən binada 8 nömrəli tam orta məktəb fəaliyyət göstərir. Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Kərim Kərimovun adını daşıyan məktəbdə təmir işlərinə Prezident İlham Əliyevin təsdiq etdiyi layihəyə uyğun olaraq bu ilin mayından başlanılıb, yenidənqurma və təchizat işləri qısa vaxt ərzində və yüksək səviyyədə həyata keçirilib.

 

Dövlət başçısı məktəbdə yaradılan şəraitlə tanış olub.

 

Azərbaycan Prezidentinin Sərəncamı ilə 8 nömrəli məktəb 2010-2011-ci tədris ilində keçirilən “Ən yaxşı ümumtəhsil müəssisəsi” müsabiqəsinin qalibi olub.

 

Bildirilib ki, məktəbin üçmərtəbəli binası əsas və yardımçı korpuslardan ibarətdir. Burada 780 şagird təhsil alır, 2016-2017-ci tədris ilindən məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Yenidənqurma işləri zamanı bütün sinif otaqları, emalatxana, laboratoriyalar, yeməkxana, idman və akt zalları, eləcə də digər xidmət otaqları əsaslı şəkildə təmir edilib, əlavə 5 sinif otağı artırılıb. Təhsil müəssisəsində 70 nəfəri pedaqoji işçi olmaqla, ümumilikdə, 83 nəfər əməkdaş çalışır. Burada pedaqoji kollektivin fəaliyyət göstərməsi və şagirdlərin müasir tələblərə cavab verəcək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılıb.

 

227 nömrəli tam orta məktəb yeni dərs ilinə tam hazırdır

 

Dövlət başçısı İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 nömrəli tam orta məktəbə də gələrək əsaslı təmir və yenidənqurma işlərindən sonra burada yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.

 

Bildirilib ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilərək istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir.

 

Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.

 

Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəb ilk dəfə əsaslı təmir olunub

 

Azərbaycan  Prezidenti İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsindəki 192 nömrəli tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Hüseynqulu Əliəsgərov Prezident İlham Əliyevə təmir və yenidənqurma işləri haqqında ətraflı məlumat verib.

 

Qeyd olunub ki, 192 nömrəli tam orta məktəbin binası 1936-cı ildə inşa edilib və bu günədək burada heç bir əsaslı təmir işləri aparılmayıb. Məktəbin binası 1941-1945-ci illərdə təxliyə hospitalı kimi fəaliyyət göstərib. Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən bu ilin may ayından əsaslı təmir və bərpa işlərinə başlanıb. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə 2136 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 105 müəllim məşğul olur. Məktəbdə 22 sinif otağı, 5 laboratoriya, akt zalı, kitabxana və yeməkxana var.

 

Bildirilib ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Məzunların ali məktəbə qəbul imtahanlarındakı yüksək nəticələri də diqqəti cəlb edir. 2018-ci ilin statistikasına görə, məktəbi bitirən məzunların 90 faizi tələbə adını qazanıb. Onlardan biri 700 bal, 9 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.

 

Maştağa qəsəbəsindəki 187 nömrəli tam orta məktəbdə əsaslı təmir 3 aya aparılıb

 

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində Cəfər Cabbarlı adına 187 nömrəli tam orta məktəbin binası əsaslı təmir edilib. Sentyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu təhsil ocağında yaradılan şəraitlə tanış olub.

 

Məktəbin direktoru Nailə Məmmədova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib. Diqqətə çatdırıb ki, 187 nömrəli tam orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 1959-cu ildən təhsil müəssisəsinə Cəfər Cabbarlının adı verilib. 1991-ci ildə təhsil ocağının ikinci korpusu inşa edilib. Məktəbin binasında 2008-ci ildə cari təmir işləri aparılıb. 2018-ci ilin iyun ayında isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbdə əsaslı təmirə başlanılıb. Qısa vaxt ərzində təmir işləri yüksək səviyyədə aparılıb.

 

Məktəbdə yaradılan şəraitlə yaxından tanış olan dövlət başçısına bildirilib ki, burada 2362 şagird təhsil alır. Yeni dərs ilində 265 nəfər birinci sinfə gedəcək. Bütün sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün də yeni avadanlıqlar quraşdırılıb. Təhsil ocağının idman zalında yeniyetmələrin fiziki sağlamlığının qorunması üçün bütün şərait yaradılıb. Məktəbin akt zalında müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə məktəbdə çağırışaqədər hazırlıq sinfi də yaradılıb. Burada məktəblilərin yüksək texnologiyalar sahəsində biliklər əldə etmələri üçün kompüter otaqları var. Şagirdlərin ixtiyarında zəngin kitabxana, oxu zalı da olacaq. 82 yaşı olan məktəbdə tədris Azərbaycan və rus bölmələri üzrə aparılır. Burada 158 pedaqoq, 45 texniki heyət fəaliyyət göstərir. Bir çox uğurları olan təhsil müəssisəsi 2010-cu ildə “ Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub. Məktəbin məzunlarının ali məktəblərə qəbul səviyyəsi də ildən-ilə artır. Bu il qəbul göstəricisi 50 faiz təşkil edib.

 

Nardarandakı 295 nömrəli tam orta məktəb müasir səviyyədə yenidən qurulub

 

Prezident İlham Əliyev sentyabrın 13-də Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə də əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Məktəbin direktoru Dilarə Cəbrayılova  yaradılan şərait barədə ölkə rəhbərinə məlumat verib.

 

Bildirilib ki, məktəbin binası 2003-cü ildə inşa olunub. Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq məktəbin binasında əsaslı təmir işləri aparılıb. Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 5600 kvadratmetrdən çoxdur. Məktəbdə 38 sinif otağı, informatika kabinetləri, 2 idman zalı var. Əsaslı təmir  zamanı təhsil müəssisəsinin kitabxanası, emalatxanaları, yeməkxanası, tibb otağı, akt zalı da müasir səviyyədə yenidən qurulub. Məktəbdə, eyni zamanda, şagirdlərin biliklərini zənginləşdirmək üçün biologiya, kimya və fizika laboratoriyaları yaradılıb. Ümumilikdə, 1296 şagird yeri olan məktəbdə 886 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur.

 

Qeyd edək ki, əsaslı şəkildə təmir olunmuş məktəblər yüksək tələblərə cavab verən avadanlıq və müasir dərs ləvazimatları ilə təchiz edilib, təhsil müəssisələrinin həyətlərində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

 

28 nömrəli tam orta məktəbin açılışı olub

 

Sentyabrın 14-də Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimi olub.  Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.

 

Məktəbin direktoru Qənirə Əmircanova Prezident İlham Əliyevə yeni məktəb binasında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, bu təhsil ocağının təməli 2017-ci ilin sentyabrında qoyulub. Məktəbin həyətində genişmiqyaslı abadlıq və quruculuq işləri aparılıb, açıq havada idman meydançası yaradılıb. Qeyd olunub ki, Savalan yaşayış massivinin əhalisinin sayı 25 min nəfərdən çoxdur. Əvvəllər yaşayış massivində məktəb olmadığından şagirdlər təhsillərini rayonun Maştağa, Zabrat və digər qəsəbələrindəki təhsil ocaqlarında alırdılar. Üçmərtəbəli yeni məktəb binasının inşaat işləri yüksək keyfiyyətlə yerinə yetirilib.

 

Sonra dövlət başçısı məktəbin bir qrup müəllim və şagirdi ilə görüşüb.

 

Prezident İlham Əliyev görüşdə çıxış edib.

 

Müəllim və şagirdləri qarşıdan gələn yeni dərs ili münasibətilə  təbrik edən dövlət başçısı  yeni məktəbin açılışını gözəl hadisə adlandırıb. Qeyd edib ki, sakinlərin xahişi ilə qısa müddət ərzində tikilən 960 şagird yerlik məktəbdə  oxumaq, işləmək üçün bütün şərait yaradılıb. “Hesab edirəm, bu gözəl təşəbbüs bir daha onu göstərir ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir”- deyən dövlət başçısı ehtiyac olan hər yerdə məktəb tikintisi aparıldığını bildirib.

 

Ölkə başçısı qeyd edib ki, bu il bütövlükdə Bakı şəhərində 19 məktəb tikilib və əsaslı təmir olunub: “Demək olar ki, Bakı şəhərinin məktəblərinin əksəriyyəti artıq yaxşı vəziyyətdədir. Hələ də təmirə ehtiyacı olan məktəblər var və biz onları gələn illərdə təmir edəcəyik. Ölkəmizdə isə bu il 200-dən çox məktəb tikilib və təmir olunub. Ucqar kəndlərdə, kiçik kəndlərdə 137 modul tipli məktəb tikilib. O kəndlərdə ümumiyyətlə məktəblər qəzalı vəziyyətdə idi. Qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramı da, ümid edirəm ki, gələn il başa çatacaq. Beləliklə, Azərbaycanda məktəb fondu ən müasir standartlara cavab verəcək”. Prezident onu da diqqətə çatdırıb ki, son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir.

 

Belə gözəl şəraiti olan məktəbdə uşaqlara yaxşı oxumağı tövsiyə edən dövlət başçısı bu şəraitin  təhsilin keyfiyyətinin  yüksəlməsinə də mühüm təsir göstərdiyini vurğulayıb. Bildirib ki, məktəb, eyni zamanda, müəllimlərin iş yeridir və müəllimlərin şəraiti də yaxşılaşır. Müəllim olmaq istəyənlərin sayının və müəllim peşəsinin hörmətinin artdığını  çıxışında xüsusi qeyd edən Prezident bunun çox sevindirici hal olduğunu deyib.

 

Qəbul imtahanlarında 500-dən çox bal toplayan daha çox abituriyentin müəllimlik ixtisaslarını seçməsini diqqətə çatdıran dövlət başçısı deyib: “Mənə verilən məlumata görə, bu il 500-dən artıq bal toplayan 2 mindən çox abituriyent müəllim peşəsini seçib. Bu, müəllim peşəsinə olan marağın ən bariz nümunəsidir. Müqayisə üçün deməliyəm ki, 2016-cı ildə 500-dən çox bal toplayan abituriyentlərin cəmi 1 nəfəri müəllim peşəsini seçmişdi, indi isə 2 min. Bu, ilk növbədə, məktəb fondunun müasirləşdirilməsini, məktəblərin əksəriyyətində gözəl şəraitin olmasını, müəllimlərin məişət problemlərinin həllini göstərir”.

 

Müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacağını bildirən ölkə başçısı təhsil sahəsində aparılan köklü islahatların səmərə verdiyini, təhsilin keyfiyyətinin artdığını deyib və bu uğurlu prosesin bundan sonra da davam etdiriləcəyini bildirib.

 

Bu gün dünyada savad, bilik və texnologiyaların hər şeyi həll etdiyini diqqətə çatdıran Prezident  bu baxımdan Azərbaycanda ümumi savadlılıq səviyyəsinin 100 faizə yaxın olduğunu da çox gözəl göstərici kimi dəyərləndirib. Bildirib ki, ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir.  Ona görə də ölkəmizdə müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir. “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı olmadan müasir cəmiyyətlər uğurlu fəaliyyət göstərə bilməz”-deyən dövlət başçısının sözlərinə görə, ilk növbədə, uşaqlar maraqlı olmalıdırlar ki, yaxşı oxusunlar və gələcəkdə həm özləri üçün gözəl həyat qursunlar, həm ölkəmizin inkişafına töhfə versinlər. “Əlbəttə ki, gənclərin tərbiyəsi ilə bağlı həm müəllimlər, həm valideynlər ciddi məşğuldurlar və mən bunu alqışlayıram. Azərbaycan gəncləri vətənpərvər gənclərdirlər və bundan sonra da bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə almalıdırlar.”

 

Prezident çıxışında bu gün ölkəmizin dünyadakı roluna, əhəmiyyətinə də toxunub, bunların artdığını deyib. Bildirib ki, bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə icra edilə bilməz: “...bu gün Azərbaycan tam müstəqil siyasət aparır. O siyasət ki, milli maraqlar və ənənəvi dəyərlər üzərində qurulubdur və elə etməliyik ki, gələcək nəsil də öz gələcəyini bu istiqamətdə görsün. Gələcək nəsil də, ilk növbədə, vətənpərvər olmalıdır, milli ruhda tərbiyə almalıdır, öz doğma Vətəninə bağlı olmalıdır, bizim qədim ənənələrə sadiq olmalıdır və bilikli, savadlı olmalıdır. Belə olan halda ölkəmizin gələcəyi də parlaq olacaqdır”.

 

Valideyn Hacıbala Babayev  yeni məktəb binasının inşasına görə Prezidentə minnətdarlığını bildirib. Dövlət başçısı müəllimlərlə söhbət edib.

 

Daha sonra Prezident İlham Əliyev məktəbdə yaradılan şəraitlə tanış olub.

 

Diqqətə çatdırılıb ki, təhsil müəssisəsi 960 şagird yerlikdir. Məktəbdə birinci sinif şagirdləri üçün hələlik 5 sinfin açılması nəzərdə tutulur. Onların hər birində 24 şagirdin təhsil alması planlaşdırılıb. Ehtiyac yarandığı halda əlavə siniflərin açılması üçün də imkanlar var. Birinci siniflərin şagirdləri dərslik və məktəbli çantaları ilə təmin olunublar. Ümumilikdə, məktəbdə kimya, fizika, biologiya, hərbi, informatika, texnologiya fənn kabinetləri və laboratoriyalar, müəllimlər, tibb, arxiv otaqları var. Məktəbin fizika, kimya və biologiya laboratoriyalarında şagirdlərin praktik biliklərini artırmaları üçün hərtərəfli imkan yaradılıb. Gənclərin çağırışaqədərki hazırlıq kabineti də zəruri avadanlıqla təchiz olunub.

 

Təhsil müəssisəsindəki əmək təlimi otaqlarında şagirdlər bacarıqlarını nümayiş etdirə və peşə vərdişlərini üzə çıxara biləcəklər. Məktəbin zəngin kitabxanası da müasir səviyyədə qurulub. Şagirdlərin ixtiyarına veriləcək oxu zalında mütaliə etmək üçün hər cür şərait var. 200 nəfərlik akt zalında isə müxtəlif kütləvi tədbirlərin keçirilməsi üçün bütün imkanlar yaradılıb. Şagirdlər ümumi sahəsi 540 kvadratmetr olan və bütün zəruri avadanlıqla təchiz edilən zalda idmanla məşğul ola biləcəklər.

 

Son illərdə ölkəmizdə yeni məktəb binalarının inşası və əlavə korpusların tikintisi bir daha təsdiqləyir ki, dövlətin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bütün bu işlər həm də onu göstərir ki, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar var.

 

Yusif ƏLİYEV



15.09.2018 | 10:57