BSU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir

Bakı Slavyan Universitetində (BSU) 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

BSU-nun rektoru Anar Nağıyev  Müzəffər  Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında  və  Şanlı Azərbaycan Ordusunun sayəsində Vətən müharibəsində nail olduğumuz zəfərdən, yaşadığımız  bu şərəfli tarixdən  söz açıb.  

 

Azərbaycan dövləti və xalqının  Vətən müharibəsi ilə öz tarixinin ən şərəfli  səhifələrini yazdığını deyən rektor bu müharibədə xüsusilə gənc  nəslin göstərdiyi  şücaətlərə diqqət çəkərək, belə gənclərin içərisində BSU məzunlarının da olduğunu qeyd edib. Vətən müharibəsinin şəhidləri olan BSU məzunları Kənan Rüstəmli, Elnur Allahverdizadə və Nicat Şükürlünün timsalında bütün şəhidlərin Azərbaycan gəncliyi üçün  həm qürur yeri, həm də nümunə olduğunu diqqətə çatdırıb.

 

Rektor müharibədən sonrakı dövrdə gənclərin üzərinə böyük məsuliyyətin düşdüyündən söz açaraq, bu gün dirçələn, yeni inkişaf layihələrinin tətbiq edildiyi Qarabağın yenidən bərpa olunması üçün yüksək ixtisaslı kadrların hazırlanmasının əhəmiyyətindən danışıb.

 

BSU kollektivinin bütün üzvlərinin ölkəmizin hər gün daha da çiçəklənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə  edib.

 

Sonra  Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd  “II  Qarabağ  savaşında Qələbənin  təmin olunmasının başlıca  səbəbləri”, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Vətən müharibəsinin geosiyasi nəticələri” mövzularında çıxış ediblər. Çıxışlarda Vətən müharibəsində Qələbəni təmin  edən  əsas faktorlardan söz açılıb,  müharibədən sonrakı  dövrdə beynəlxalq arenada yaranan geosiyasi reallıqların əhəmiyyətinə toxunulub.

 

44 günlük Vətən müharibəsi veteranı, “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş BSU-nun tərcümə fakültəsinin tələbəsi İbrahim Abdullayev döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

 

Humanitar və sosial elmlər fakültəsinin  I tədris ili tələbəsi Fatimə Həsənova çıxış  edərək Vətən müharibəsinin başlanması, Şanlı Zəfər tariximiz barəsində məlumat verib.

 

Tədbir Humanitar və sosial elmlər fakültəsinin II tədris ili tələbəsi Nahid Arifoğlunun təqdimatında Vətən müharibəsinə həsr olunmuş videoçarxın nümayişi ilə sona çatıb.

 

 



27.09.2022 | 20:45