"5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı" | |
Sentyabrın 28-də "5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) beynəlxalq konfransı"nın açılış mərasimi keçirilib.
Konfransda iştirak üçün 50-yə yaxın ölkəni, o cümlədən müvafiq beynəlxalq təşkilatları və nüfuzlu xarici şirkətləri təmsil edən alim və mütəxəssislər qatılıblar.
GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.
Firudin Qurbanov əlavə edib ki, ölkəmizdə gedən rəqəmsallaşma tədbirlərin tərkib hissəsi kimi, son illər təhsilin rəqəmsal transformasiyası üzrə sistemli və ardıcıl islahatlar həyata keçirilir. Təhsil müəssisələri İKT avadanlıqları və internet bağlantısı ilə təmin olunur, həmin təhsil müəssisələrinin kadrları bilik və bacarıqaların artırılması istiqamətində müxtəlif təlimlərdə iştirak edirlər. “EaPConnect layihəsi çərçivəsində Avropa Birliyi və Şərq Tərəfdaşlığı ölkələrində tədqiqat və təhsil ictimaiyyətinin əlaqələndirilməsi məqsədilə təşkil olunan, e-elm və e-infrastruktur məsələlərinin müzakirə olunacağı “EaPEC 2022” konfransının ölkəmizdə keçirilməsi Azərbaycan elmi üçün geniş imkanlar açacaq. Dünyanın ən nəhəng elmi araşdırma və tədqiqat şəbəkəsi olan GEANT şəbəkəsi bütün iştirakçılarına elmi fəaliyyət üçün bir araya gəlmək və birgə elmi tədqiqatlar aparmaq, eləcə də müştərək təhsil proqramlarını tərtib etmək üçün şərait yaradır.
Firudin Qurbanov “EaPEC 2022-nin həm də Azərbaycan elmi və təhsilinin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından geniş imkanlar açacağına əminliyini ifadə edib.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov da öz növbəsində Şərq Tərəfdaşlığı ölkələrinin informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığının əhəmiyyətini vurğulayaraq tədbirin Azərbaycan elmi və təhsilinin dünyanın müvafiq sahədə fəaliyyət göstərən nüfuzlu qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində yeni imkanlar açacağına inamını ifadə edib.
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Bojkov böyük nüfuz qazanmış “EaPEC 2022” konfransının elmi-texniki kadrların hazırlanması və səviyyəsinin yüksəldilməsi, beynəlxalq əməkdaşlığın təşkili, birgə elmi tədqiqatların həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması, Azərbaycanda əldə olunmuş mühüm elmi nailiyyətlərin Avropa ictimaiyyətinə təqdim olunması baxımından son dərəcə əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Sonra Şərq Tərəfdaşlığı ölkələri ilə rəqəmsal və iqtisadi əməkdaşlıq üzrə proqram meneceri Tibault Şarlet (Thibault Charlet) çıxış edərək tədbirin Şərq Tərəfdaşlığı ölkələri üçün əhəmiyyətindən bəhs edib. Daha sonra “EapConnect” layihəsinin meneceri Irina Matthew “EaPEC 2022” konfransının əhəmiyyətini önə çəkib, belə bir mühüm konfransın Azərbaycanda təşkilinin Avropa elmi ictimaiyyətinin dövlətimizə olan etimadın göstəricisi olduğunu söyləyib.
Konfransda AMEA-nın vitse-prezidenti Rasim Əliquliyev Azərbaycanda EaPConnect layihəsinin 2015-ci ildən fəaliyyət göstərdiyini bildirərək ötən müddət ərzində bu layihə çərçivəsində həyata keçirilmiş mühüm işləri diqqətə çatdırıb. Sonra konfrans öz işini seksiya iclasları ilə davam etdirib.
|
|
28.09.2022 | 17:48 | |
|
|
|