Zəfər salnaməsi və cəsur gənclik | |
Azərbaycan xalqı bu gün böyük qürur hissi ilə Şanlı Qələbəsinin başlanğıcını və bu qələbəni bizə qazandıran qəhrəman vətən oğullarını, şəhidlərimizi anır.
Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ni işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Lakin bəlli oldu ki, Ermənistan, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Belə olan halda Azərbaycan işğalla barışa bilməzdi və barışmadı da.
Məlumdur ki, ümummilli lider Heydər Əliyev uzaqgörənlik və müdrikliklə Azərbaycanın hərtərəfli inkişafı, siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün böyükmiqyaslı işlər gördü, sağlam təməllər yaratdı. Bu yolu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan edərək bu istiqamətdə davamlı tədbirlərin icrasını təmin etdi. Azərbaycan iqtisadi və hərbi sahədə regionun lider ölkəsinə çevrildi...
2020-ci ilin iyul və avqust aylarında Ermənistan təxribatlara əl atdı, lakin Azərbaycan Ordusu bu təxribatların qarşısını qətiyyətlə aldı. 2020-ci il sentyabrın 27-də isə Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.
44 günlük müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, bu birlik müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.
44 günlük müharibədə Azərbaycan xalqının hər bir təbəqəsinin nümayəndəsi bir nəfər kimi iştirak etdi. Dünyaya əsl birlik, fədakarlıq nümunəsi göstərildi.
Qeyd etmək istərdik ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və məzunları arasında da Vətən müharibəsində iştirak edən yetərincə qəhrəman müəllimlərimiz düşmənə Vətən dərsi keçdilər. Təhsil ocağının 200 nəfərdən çox tələbə və məzunu bu müharibədə iştirak etdi, onlardan 13 nəfəri, habelə Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova şəhidlik zirvəsinə yüksəldi. Qazilərimiz və şəhidlərimiz arasında “Zəfər” ordeni və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilənlər də var. Eyni zamanda, cari ilin 12-13 sentyabrında Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən şəhadətə yüksələn mərd vətən övladları arasında da vaxtilə universitetimizin Ağcabədi filialında təhsil almış Namiq Məmmədli də var.
Onu da diqqətə çatdırmaq lazımdır ki, hazırda universitetdə şəhid və qazi ailələrinin üzvləri olan tələbələr təhsil alır. Universitet bu tələbələrini xüsusi diqqətdə saxlayır, onlarla müntəzəm görüşlər keçirir, təhsilləri və digər qayğıları ilə maraqlanır. O cümlədən, bu il Pedaqoji Universiteti seçən Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə ilə dərs ilinin başlanğıcında universitet rəhbərliyinin görüşü keçirilib. Şəhid tələbə-məzunlarımızın ailələri müntəzəm ziyarət olunur. Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin könüllüləri və tələbələrimiz tərəfindən şəhidlərimiz haqqında “Vikipediya”da məqalələr yaradılıb, universitetdə interaktiv monitorlarda şəhidlərlə bağlı videoçarxların nümayişi təmin edilib. Şöbə əməkdaşları tərəfindən ADPU-nun 100 illiyi çərçivəsində “Pedaqoji Universitetin Qəhrəmanları” ensiklopedik toplusu hazırlanaraq nəşr edilib və s.
Bütün bunlar bizim qəhrəmanlarımıza borcumuzun ifadəsidir. Çünki onlar bizə işğaldakı torpaqlarımızı geri qaytardılar.
Azərbaycan Ordusu sentyabrın 27-dən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad etdi. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl, oktyabrın 9-da Hadrud qəsəbəsi, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də Şuşa şəhəri Müzəffər Azərbaycan əsgəri tərəfindən işğaldan azad olundu.
Hərbi qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci ilin 26 avqustunda isə Laçın dəhlizinin tərkibində qalan Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycan tərəfindən azad olundu.
Vətən müharibəsi dünya hərb elmində “XXI əsrin müharibəsi” adını qazandı. Çətin relyef şəraitində, düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlar qarşısında Müzəffər Azərbaycan Ordusu əsl peşəkarlıq, məharət, yenilməz əzm nümayiş etdirdi.
Bu ilin sentyabr ayının ortalarında düşmənin son təxribatlarının qarşısı da qətiyyətlə alındı və Azərbaycan bir daha göstərdi ki, ömürdən pay ola bilər, amma Vətəndən pay olmur! Yaşasın Azərbaycan! Yaşasın Ali baş Komandan! Qarabağ Azərbaycandır!
Taleh MİRZƏYEV
|
|
27.09.2022 | 20:20 | |
|
|
|