Təhsildə keyfiyyət müəllimdən başlayır | |
2017-2018-ci tədris ili keyfiyyətin artırılması istiqamətində görülən genişmiqyaslı işlər və uğurlarla əlamətdar olan il kimi yadda qaldı. Artıq 2018-2019-cu tədris ili başlayır. Yeni dərs ilinin planı artıq hazırdır. Sadəcə ötən ilin deyil, son 5 ilin nəticələrinin təhlili əsasında hazırlanan yeni planda ibtidai sinifdə tədrisdən tutmuş məktəbdə qiymətləndirməyə, ali məktəblərə qəbul kampaniyasına, hətta məktəblərin reytinq hesablanmasına qədər bütün sahələrdə böyük dəyişikliklər nəzərdə tutulub. Bu yeniliklər sentyabrın 12-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransının əsas xəttini təşkil edib.
“Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə səmərəli fəaliyyət istiqaməti seçilib. Tabeliyində 307 ümumi təhsil məktəbi (onlardan 278 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya), 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 317 məktəbin fəaliyyət göstərdiyi BŞTİ-də də yeni tədris ilinin planı cızılıb. Təhsil nazirinin əmri ilə 2018-2019-cu tədris ili üçün müəyyənləşdirilən prioritetlər üzrə istiqamət götürülüb. Necə ki, son 5 ildə pilot layihələrin əsas məkanı, yeniliklərin əsas icraçısı olublar, növbəti tədris ilində də ölkə üzrə Bakı məktəbləri fərqlənməyə iddialıdır.
Vətəndaş məmnuniyyəti: Məktəbə qəbulda elektron sistemin tətbiqi
Son 5 ildə Bakı məktəblərində çox şey dəyişib. Məsələn, bu il 2016/2017-ci dərs ili ilə müqayisədə müəllimlərin sayı 0.03 faiz, şagirdlərin sayı isə 4.5 faiz çoxdur.
Elə məktəbəhazırlıq qruplarının təşkilində də böyük artım dinamikası müşahidə olunur. Artıq ikinci tədris ilidir ki, məktəbəhazırlıq qruplarına uşaqların qəbulu “www.mektebeqebul.edu.az” saytında elektron sistem vasitəsilə aparılır. 2016-2017-ci tədris ilində Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində 261 məktəb üzrə 839 qrupa 23130 uşaq, 2017-2018-ci tədris ilində 263 məktəb üzrə 868 qrupa 24209 uşaq cəlb edilmişdisə, yeni dərs ilində artıq 940 məktəbəhazırlıq qrupunda 27270 uşağın təhsil alması proqnozlaşdırılıb. Əgər 2016/2017-ci dərs ilində məktəbəhazırlıq proqramı bütün beşyaşlıların 55 faizini, 2017/2018-ci dərs ilində 65 faizini əhatə edirdisə, 2018/2019-cu dərs ilində dövlət hesabına fəaliyyət göstərən məktəbəhazırlıq qruplarına cəlb ediləcək uşaqların sayı beşyaşlıların 75 faizini təşkil edəcək.
Birinci sinfə elektron sənəd qəbulu isə artıq 4-cü tədris ilidir ki, “www.mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. 2018-2019-cu tədris ilindən məktəbəhazırlıq qrupunda təhsil alan 24000-dən artıq uşaq ilk dəfə olaraq sistem vasitəsilə avtomatik həmin məktəbin I sinfinə qəbul edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdirinin səlahiyyətlərini icra edən təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın sözlərinə görə, I sinfə qəbul üzrə 48 minə yaxın uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 97 faizinə yaxındır.
Ümumilikdə, elektron qəbul sisteminin tətbiq olunduğu son 3 tədris ilində I sinfə şagird qəbulu 6.49 faiz artaraq 2017/2018-ci tədris ilində 48862 olub.
Uşaqların məktəbə vaxtında gəlməsi üçün bütün maneələr aradan qaldırılır və valideynlərin işi asanlaşdırılır. Məqsəd isə təhsildə inkişafa nail olmaqdır. Təhsil naziri onu da qeyd edib ki, məktəbə vaxtında getmək təhsilin əsas göstəricilərindəndir. Məktəbə məktəb yaşından gec getmək üzrə 2012-ci ildə olan 12 faizlik göstərici 2 dəfə enib və hazırda bu göstərici 6 faizdir. Növbəti tədris ilində bunu aşağı salmaq isə əsas hədəflərdəndir.
Təmayülləşmə ölkənin ən ucqar kənd məktəbinə də çatdı
Ümumi təhsildə keyfiyyəti təmin edən amillərdən biri tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Bir çox yeniliklər kimi, təmayülləşmə də Bakı məktəblərindən start götürüb. Vaxlilə Bakı şəhərinin 8 məktəbində sınaq layihə kimi tətbiq olunan tam orta təhsil səviyyəsində təhsilin təmayüllər üzrə təşkil olunduğu pilot məktəblərin şəbəkəsi ardıcıl olaraq genişləndirilib. 2016/2017-ci dərs ilində təhsil 58 məktəbin 176, 2017-2018-ci dərs ilində isə 233 məktəbin 454 təmayül sinfində müxtəlif təmayüllər (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət fənləri) üzrə təşkil edilib.
Sürətlə bütün ölkə ərazisini əhatə edən təmayülləşmə artıq ən ucqar kənd məktəbinə də çatıb.
Məktəbdə həm də dərs yükünün azaldılmasına xidmət edən təmayülləşmə Təhsil Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi son islahat da deyil. Üstəlik, bu istiqamətdə atılacaq növbəti addımlar daha aşağı siniflərdə, hətta ibtidai siniflərdə nəzərdə tutulub. Təhsil naziri bu məsələni narahatlıq doğuran məsələlərdən biri kimi xarakterizə edərək deyib: “Məktəbdaxili qiymətləndirmədə şagirdlərin dərs yükü bizi hər zaman narahat edir. Buna görə də bu il məktəbdaxili qiymətləndirmənin dəyişdirilməsi ilə bağlı kifayət qədər iş aparılıb. Təhsil İnstitutu, mütəxəssislərin aktiv iştirakı ilə şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə layihəsi hazırlanıb. Həmin sənəd əsasında xüsusilə ibtidai sinif şagirdlərinin dərs yükünün azaldılması üçün ciddi addımlar atılacaq”.
Rus bölməsi: aşağı siniflərdə sıxlıq, yuxarı siniflərdə boşluq
Tədrisi Azərbaycan deyil, rus dilində olan məktəblərdə birinci sinfə qəbulda sıxlıq müşahidə edilsə də, buraxılış siniflərində vəziyyət o qədər də ürəkaçan deyil. M.Vəliyevanın sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq son 4 ildə uşaqların I sinfə qəbulunda müsahibənin aradan qaldırılması uşağını rus bölməsinə yazdırmaq istəyənlərin sayında özünü göstərib. Nəticədə rus bölməsinə yalnız dili bilən deyil, rusca danışmağı bacarmayanların da axını baş verib və bu da əlavə sıxlığın yaranmasına səbəb olub: “Gələcəkdə bununla bağlı müvafiq addımların atılması üçün Təhsil Nazirliyi qarşısında təkliflərlə çıxış edəcəyik”.
Bu sıxlığa baxmayaraq, əlavə siniflərin açılmaması isə kadr çatışmazlığı ilə əlaqədardır: “BŞTİ tabeliyində olan məktəblərdə 273 ibtidai sinif müəlliminə ehtiyac var. Ancaq ibtidai sinif mərhələsində kadrlarla təminat problemin həlli demək deyil. Belə ki, kadr çatışmazlığı tədricən ümumi orta və tam orta təhsil səviyyəsində də özünü göstərir. Odur ki, kadr təminatı məsələsi həll edilmədən rus bölməsində yeni siniflərin açılmasında hər hansı dəyişiklik gözlənilmir”.
Şagirdlərin oxu bacarıqları
Tədrisin hansı dildə aparılmasından asılı olmayaraq, təhsildə keyfiyyətə nail olmaq üçün xüsusi tədbirlər həyata keçirilir. Məsələn, ibtidai siniflərdə “Oxu” məzmun xəttinin daha düzgün və tələblərə uyğun şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə işçi qruplar yaradılıb, şagirdlərin düzgün, şüurlu və ifadəli oxu vəziyyətini araşdırmaq üçün meyarlar hazırlanıb. İşçi qruplar müxtəlif inzibati ərazilərdə 20 məktəbin 540 sinfində seçmə yolla 2-4-cü siniflərdə oxu texnikasını yoxlayıb. Ümumi təhsil məktəblərində “Dinləyib-anlama”, “Yazı” və “Dil qaydaları” məzmun xətlərinin səviyyəsini yoxlamaq məqsədilə təşkil olunan monitorinqlərdə Azərbaycan bölməsi üzrə 24051, rus bölməsi üzrə 4020, ümumilikdə 28071 şagird iştirak edib.
Ölkə məktəblərində monitorinqlərin əhəmiyyətinə diqqət yetirilməsi həyata keçirilən təhsil siyasətinin tərkib hissəsidir. Təhsil naziri Ceyhun Bayramov bu baxımdan Azərbaycan məktəblərinin iştirak etdiyi beynəlxalq tədqiqatların əhəmiyyətinə toxunub. Onun sözlərinə görə, PIRLS tədqiqatının nəticələri təhsil sisteminin düzgün yolda olduğunun göstəricisidir: “2017-ci ilin dekabr ayında 10 yaşlı uşaqların oxuyub anlama qabiliyyətinin ölçülməsinə dair beynəlxalq tədqiqatda iştirakımızın nəticələri açıqlandı. 2011-ci ildə keçirilən PIRLS beynəlxalq qiymətləndirmənin nəticələri ilə müqayisədə bu, daha yüksək nəticə idi. Belə ki, həm orta bal göstəricisi, həm də bizim üçün çox vacib olan “mükəmməl” və “yüksək” nəticə göstərən şagirdlərin faiz nisbəti 2 dəfə artıb, çox zəif nəticə göstərən şagirdlərin sayı isə azalıb. PIRLS tədqiqatının nəticəsi göstərdi ki, yeni proqramla, kurikulumla oxuyan uşaqlar ənənəvi proqramla təhsil alan həmyaşıdlarından daha üstündür. Bu, təhsil sisteminin düzgün yolda olduğunun göstəricisidir”.
Nazir növbəti illərdə digər yaş qruplarını əhatə edən başqa beynəlxalq qiymətləndirmələrdə də iştirak barədə qərar verildiyini deyib: “Bu qiymətləndirmələrdə iştirakın təhlilləri təhsildə strateji qərarların alınmasında çox vacibdir”.
IX sinif buraxılış imtahanlarında daha bir fənn
Şagirdlərin sadəcə oxu bacarıqları deyil, başqa dillərdə danışa bilmək bacarığı da xüsusi əhəmiyyət daşıyır. Tədrisi Azərbaycan dilində olan məktəblərdə xarici, xüsusən ingilis dilində danışıq bacarığı, tədrisi başqa dildə olan məktəblərdə isə Azərbaycan dilində danışıq bacarığı vacib şərtlərdəndir.
Bu məqsədlə Bakıdakı ümumtəhsil məktəblərinin IX siniflərində riyaziyyatla yanaşı, ingilis dili fənni üzrə də monitorinqlər həyata keçirilib. Həmin monitorinqlər 149 məktəbin 619 sinfində 15475 şagirdi əhatə edib.
Təhsil naziri Ceyhun Bayramov müasir dünyada xarici dillərin tədrisinin vacibliyini qeyd edərək, gözlənilən dəyişikliklə bağlı məktəbliləri xəbərdar edib. Onun sözlərinə görə, bu ildən başlayaraq orta təhsil səviyyəsində buraxılış imtahanına xarici dil üzrə imtahanların salınması nəzərdə tutulub. Odur ki, Bakı məktəblərində ötən tədris ili ərzində ingilis dilində sərbəst və mükəmməl danışığın təkmilləşdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilib. Həmin layihələrdən biri Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və “British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində Bakı şəhəri üzrə 56 pilot məktəbin cəlb olunduğu “Uğur üçün tədris” layihəsi bu dili tədris edən müəllimlərin peşəkar səviyyəsinin artırılmasına xidmət edib.
Azərbaycan məktəbində dövlət dilinin yüksək səviyyədə tədris olunması və öyrənilməsi isə növbəti ilin prioritetlərindən biridir. Təhsil naziri Ceyhun Bayramov buna xüsusi əhəmiyyət verildiyini qeyd edib. Elə bunun nəticəsidir ki, tədrisi Azərbaycan dilində aparılmayan məktəblərdə həm tam orta, həm də orta təhsil səviyyələrində Azərbaycan dili imtahanı keçiriləcək. Təhsil naziri bunu ilin vacib prioritetlərindən və yeniliklərindən biri kimi qeyd edib.
İrəliləyən və geriləyən məktəblərin siyahısı var
İngilis dilindən salınan imtahanın IX sinif buraxılış imtahanlarının nəticələrinə necə təsir edəcəyi barədə əvvəlcədən qəti fikir yürütmək mümkün deyil. Ancaq son 5 ildə ümumtəhsil məktəblərinin əsas keyfiyyət göstəricilərindən birinin məhz IX sinif buraxılış imtahanlarının nəticələri olduğu da bir gerçəklikdir. Elə götürək son tədris ilini. Ötən tədris ilində Bakı məktəblərinin IX sinif buraxılış imtahanlarının nəticələrinə görə ana dili və riyaziyyat fənlərinin ümumi orta göstəriciləri 95.53 bal təşkil edib. Onun 54.2 balı ana dili, 41.33 balı isə riyaziyyatın göstəricisidir.
Bakı şəhərinin 12 inzibati rayonu üzrə IX sinif buraxılış imtahanlarının nəticələri təhlil edilib. İdarə tərəfindən son 4 il ərzində davamlı olaraq irəliləyən və geriləyən məktəblərin siyahısı müəyyənləşdirilib. Sıralamada Səbail, Xətai və Nəsimi rayonları ilk 3 yerdə, Xəzər, Pirallahı və Qaradağ rayonları son 3-lükdədir.
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrinə gəlincə, əvvəlki il ilə müqayisədə 2017/2018-ci tədris ilində qeyri-müvəffəq qiymət alan şagirdlərin sayında azalma müşahidə olunub, nəticələr 0.54 faiz yaxşılaşıb. Müvəffəq qiymət alan şagirdlərin sayı da 2.16 faiz artıb.
Ötən tədris ilində IX sinfi 28125 nəfər, XI sinfi 19192 nəfər, XII sinfi 638 nəfər bitirib. Bütün məzunlara attestatlar, təhsildə xüsusi nailiyyətləri ilə seçilən IX siniflər üzrə 768, XI siniflər üzrə 1074 məzuna, ümumilikdə, 1842 məzuna fərqlənmə attestatı, XI sinfi xüsusi nailiyyətlərlə bitirən 42 nəfər məzuna qızıl, 2 nəfər məzuna isə gümüş medal verilib. Qeyd edək ki, ötən illə müqayisədə qızıl medalların sayı 16 ədəd çoxdur.
Təhsil naziri yeni tədris ilində keçiriləcək buraxılış imtahanlarında nəzərdə tutulan dəyişiklikdən də danışıb. Onun sözlərinə görə, məzunların buraxılış imtahanlarında göstərəcəyi nəticələr yalnız məktəb attestatında yazılmaqla məhdudlaşmayacaq, onların təhsilini davam etdirmələri üçün ali təhsil müəssisələrinə qəbul balının bir hissəsini təşkil edəcək.
Qəbul imtahanlarında isə fənlərin sayı 5-dən 3-ə endirilib: “Bu, qəbul imtahanlarının yüngülləşdirilməsi deməkdir. Hesab edirik ki, həmin dəyişiklik daha az fənnin daha dərindən yoxlanılmasına imkan verəcək”.
Müəllimlərin peşəkarlığı
Təhsildə keyfiyyətə nail olmağın əsas şərti müəllimdir. Odur ki, müəllimlərin peşəkarlığı da diqqətdən kənarda qalmayıb. Ümumi təhsildə keyfiyyət ili çərçivəsində ümumtəhsil məktəblərində tədrisetmənin monitorinqi keçirilib. Aparılan monitorinqlərin nəticəsi müəllimlərin fənn kurikulumlarının tətbiqində, şagird bacarıqlarının qiymətləndirilməsində müəyyən çətinliklərlə qarşılaşdığını göstərib. Müvafiq olaraq cari tədris ilində həmin məsələlərlə bağlı fəaliyyət planı hazırlanıb.
Müəllimin fəaliyyəti sadəcə yoxlanılmayıb, onların həvəsləndirilməsinə, fəaliyyətinin stimullaşdırılmasına hesablanan addımlar da atılıb. Təhsil Nazirliyi tərəfindən elan edilən Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi belə nümunələrdən biridir. Bu yarışda da BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri xüsusi fəallıq göstərib. Fərdi kateqoriya üzrə qeydiyyatdan keçən 845 layihədən 196-sı, ümumtəhsil kateqoriyası üzrə qeydiyyatdan keçən 287 layihədən 99-u BŞTİ məktəblərinə aiddir. Hər iki kateqoriya üzrə ümumilikdə 62 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.
Bu göstəricilər təhsilin gələcək inkişafına ümid verir
Görülən tədbirlərin, həyata keçirilən islahatların nəticəsidir ki, son 5 il ərzində müəllimin nüfuzu artıb. Təhsil naziri C.Bayramov diaqnostik qiymətləndirmənin keçirilməsi, onun nəticəsində əməkhaqqı islahatı, Azərbaycanın bütün coğrafiyasında ümumtəhsil məktəblərinin simasının dəyişməsi, maddi-texniki bazasının gücləndirilməsi, “Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsi, şəffaf və açıq işə qəbul sisteminin tətbiqi nəticəsində əhəmiyyətli şəkildə hiss edilən müsbət dinamikanı belə ifadə edib: “Builki qəbul kampaniyasının nəticəsi olaraq 2090 nəfər 500-692 bal nəticə göstərərək müəllimlik ixtisasını seçib. Bu, ötən illə müqayisədə 53.6 faiz, 2014-cü illə müqayisədə 2.3 dəfə çoxdur. Pedaqoji kadr hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrində fərqi aydın şəkildə görürük. 4 il əvvəl ADPU-ya 20 nəfər 500-dən yüksək nəticə göstərən abituriyent qəbul olunmuşdusa, bu il bu rəqəm 527 nəfərdir. Təhsilin təməli ibtidai təhsildən qoyulur. 2 il əvvəl cəmi bir abituriyent ibtidai sinif müəllimliyini seçmişdisə, bu il onların sayı 235 nəfərdir. Bu göstəricilər təhsilin gələcək inkişafına ümid verir”.
Məktəbin hədəfi genişlənir
2018-2019-cu dərs ilinin isə öz prioritetləri var. Təhsil nazirinin fikrincə, növbəti tədris ilinin prioritetlərindən danışarkən milli-mənəvi dəyərlər, vətənpərvərlik, fəal vətəndaş mövqeyi və bu kimi vacib və həssas məqamlara xüsusi diqqət yetirilməlidir: “Azərbaycan məktəbi qarşısında vacib istiqamətlərdən biri də savadlı, bilikli, səriştəli gənclər yetişdirmək, uşaqların inkişafı üçün şərait yaratmaq, onları stimullaşdırmaq, istedadının üzə çıxması üçün maksimum şərait yaradılmasından ibarətdir”.
Məktəblilərin həmin hədəflərə doğru olan yolunu qısaltmaq üçün əlavə tədbirlər düşünülüb. Ən əsası, məktəblərdə keyfiyyətə nəzarət sisteminin - məktəblərin reytinqinin hesablanmasının yeni metodikası dolğunlaşdırılıb: “Bu, hər şagirdin nailiyyətlərini nəzərə alan bir sənəd olacaq. Yeni sistem yalnız akademik göstəricilər barədə deyil, qeyd edilən hər istiqamət üzrə nailiyyətləri özündə əks etdirəcək. Onun bütün ölkə üzrə tətbiqində israrlıyıq. İstənilən idarəetmə qərarları qəbul olunan zaman bu reytinq rəhbər tutulacaq”.
Görüləcək işlərin daha çox olduğunu vurğulayan nazir qarşıdakı təhsil ilinin həyata keçiriləcək yeniliklər baxımından çox əhəmiyyətli il olacağını vəd edib.
Ruhiyyə DAŞSALAHLI |
|
15.09.2018 | 12:03 | |
|
|
|