NDU-da əcnəbi tələbələrin sayı 2000 nəfərə çatıb

Naxçıvan Dövlət Universitetində (NDU) əcnəbi tələbələrlə görüş keçirilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada tolerant mühitin formalaşması, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşmanın nəticəsidir ki, əcnəbi tələbələrin sayı hər il artmaqdadır. NDU-nun xarici tələbələrin sayına görə Azərbaycanda ilk sıralarda yer aldığını diqqətə çatdıran rektor bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə çatdığını vurğulayıb. Bildirib ki, xarici tələbələr universitetin ictimai-mədəni işlərində fəallıq göstərir, müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.

        

Daha sonra E.İsayev tələbələrin suallarını cavablandırıb, onlara öz tövsiyələrini çatdıraraq, yeni dərs ili münasibətilə onları təbrik edib.

        

Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov kredit sistemi ilə tədrisin təşkili və əcnəbi tələbələrin miqrasiya və tibbi sığorta məsələləri  haqqında məlumat verib. Bildirilib ki, bu gün muxtar respublikada tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması əcnəbi tələbələrin muxtar respublikaya olan marağını və burada təhsil almaq niyyətini daha da artırmaqdadır. Diqqətə çatdırılıb ki, bütün bunlar müxtəlif hüquqların və vəzifələrin icrasını da özlüyündə gətirir. X.Camalov vurğulayıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr, həmçinin ölkədə müvəqqəti yaşamaq hüququna malik olurlar. Eyni zamanda Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər də tətbiq olunur.

 

Sonda əcnəbi tələbələrin sualları cavablandırılıb.

 



27.09.2022 | 12:31