“Sağlam qidalan, sağlam ol!” layihəsinin təqdimatı | |
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun akt zalında Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan, sağlam ol!” adlı layihənin təqdimatı mərasimi keçirilib.
“Sağlam qidalan, sağlam ol!” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Əlmirzə Məmmədov, sektorun əməkdaşları, layihə rəhbəri Ziba Məmmədova, təlimçi Elnarə Qasımova və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanmasıdır. O, həmçinin layihə çərçivəsində tematik seminarların və “Mənim sağlam sinifim” adlı esse müsabiqəsinin keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Ağsu Rayon Sektorunun müdiri Əlmirzə Məmmədov layihənin əhəmiyyətindən söz açıb.
Təlimçi Elnarə Qasımova isə qeyd edib ki, düzgün qidalanma ilə yanaşı, insanlar, həmçinin sağlam qidalardan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır.
Sonda seminar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici flayerlər paylanılıb.
|
|
26.09.2022 | 11:00 | |
|
|
|