Mingəçevir Dövlət Universitetinin Vətən müharibəsi iştirakçısı olan əməkdaşları və tələbələri ilə görüş

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində iştirak etmiş bu ali təhsil müəssisəsinin əməkdaşları və tələbələri ilə görüşlər keçirilib.

 

Universitetdən bildirilib ki, görüşlər “MDU-nun 27 Sentyabr- Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub. MDU-nun bütün tədris binalarında keçirilən görüşlərdə universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.

 

Tədbirdə Vətən müharibəsi iştirakçısı olmuş MDU-nun əməkdaşları və tələbələri çıxış edib və şərəfli döyüş yolları ilə bağlı xatirələrini bölüşüblər. Diqqətə çatdırılıb ki, 2020-ci ilin sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində doğma torpaqlarımız işğaldan azad olunub və tarixi ədalət bərpa edilib. Bilidirilib ki, məhz xalqın, dövlətin və ordunun dəmir yumruq kimi sarsılmaz birliyi, əzmkarlığı, mübarizliyi və yenilməzliyi şanlı Zəfərin qazanılmasında mühüm rol oynayıb. Azərbaycanın hər qarış torpağı uğrunda canından keçərək və üçrəngli bayrağımızı əzəli torpaqlarımızda yüksəklərə ucaldaraq sözün həqiqi mənasında qəhrəmanlıq salnaməsi yazan igid oğullarımızla qürur duyulduğu qeyd olunub.

 

Daha sonra Vətən müharibəsi iştirakçıları ilə xatirə şəkilləri çəkilib.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində MDU-nun 120-dən çox tələbə, məzun və əməkdaşı iştirak edib, 5 məzunu şəhidlik zirvəsinə yüksəlib. Həmçinin, MDU-nun bir məzunu bu ilin sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

 



24.09.2022 | 14:00