BDU-da əcnəbi tələbələrin qəbul imtahanları başlayıb

Bakı Dövlət Universitetində (BDU) təhsil almaq istəyən əcnəbi tələbələrin qəbul imtahanları keçirilir.

 

BDU-dan bildirilib ki,  əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır. BDU-da təhsil almaq üçün 14 ölkədən (Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt) çoxsaylı müraciətlər daxil olmaqdadır. Universitetə əcnəbi tələbələrin qəbulu prosesi sentyabr ayının 30-dək davam edəcək.  

 

Qeyd edək ki, BDU-da xarici ölkə vətəndaşlarının mütəxəssis kimi hazırlığına 1968-ci ildən başlanılıb və yarım əsrdən çoxdur ki, ali məktəbdə Avropa, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələri üçün təcrübəli kadr hazırlığı  yüksək səviyyədə həyata keçirilir. Universitetin məzunu olan xarici vətəndaşlar öz dövlətlərində yüksək mövqe tutur və ali strukturlara rəhbərlik edirlər. Hazırda BDU-da 34 ölkədən əcnəbi vətəndaş təhsil alır. Əcnəbi tələbələrin 53%-i humanitar və sosial, 17%-i iqtisadiyyat və idarəetmə, 16%-i isə təbiət elmləri istiqamətində təhsil almağı seçib.

 



23.09.2022 | 12:25