Baş Prokurorluğun Elm-Tədris Mərkəzi ilə NDU arasında əməkdaşlığa dair müqavilə imzalanıb

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə Naxçıvan Dövlət Universiteti (NDU) arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi məqsədilə Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov və rəhbərlik etdiyi nümayəndə heyəti NDU-da olublar.

 

İkitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin yaranma tarixinə nəzər salaraq qeyd edib ki, ali məktəb bu il 55 illik yubileyini qeyd edir. Rektor hər fakültənin ayrıca binada fəaliyyət göstərdiyini vurğulayaraq universitetdə mövcud müasir tədris üsulları haqda məlumat verib. Diqqətə çatdırılıb ki, dünyanın 130-dan artıq universiteti ilə beynəlxalq əməkdaşlığa malik olan ali təhsil ocağında 12 ölkədən 2200 əcnəbi tələbə təhsil alır. Rektor müvafiq ixtisasların hamiliyə verilməsinə dair sərəncamları diqqətə çatdıraraq Hüquqşünaslıq ixtisası üzrə də tələbələrin aidiyyatı dövlət qurumlarında təcrübə keçdiklərini qeyd edib.

 

E.İsayev, həmçinin vurğulayıb ki, universitetdə 1996-cı ildən Hüquqşünaslıq ixtisası üzrə kadr hazırlığı həyata keçirilir. Muxtar respublikada hüquq-mühafizə orqanlarında çalışanların əksəriyyəti universitetin bu ixtisas üzrə məzunlarıdır. İndiyədək bu ixtisas üzrə 3127 tələbənin məzun olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, hal-hazırda universitetdə Hüquqşünaslıq ixtisası üzrə əyani, qiyabi, əlavə ali təhsil olmaqla, 502 tələbə təhsil alır. Magistratura səviyyəsində isə 4 ixtisaslaşma üzrə magistrant hazırlığı aparılır.

 

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov bildirib ki, rəhbərlik etdiyi mərkəz Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəqil struktur qurumudur. M.Əhmədov mərkəzin tabeliyindəki Elektron kitabxana fondunun gələcəkdə universitetin Elektron kitabxanası ilə inteqrasiyası barədə rəy və təkliflərini irəli sürüb.

 

Görüşün nəticələrinə uyğun olaraq, Azərbaycan Respublikası Baş Prokurorluğu və Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Müqavilədə universitetdə Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrin, doktorantların, müəllimlərin Baş Prokurorluğun struktur bölmələrində təcrübə keçməsi, ali təhsil ocağı tərəfindən metodik materiallar və elmi əsərlərə Baş Prokurorluğun müvafiq işçiləri tərəfindən, habelə Baş Prokurorluq tərəfindən hazırlanmış vəsaitlərə universitetin elmi heyəti tərəfindən rəylərin, tövsiyələrin verilməsi,   birgə elmi konfransların, dəyirmi masaların və görüşlərin keçirilməsi, elmi məqalələrin, vəsaitlərin və mətbu nəşrlərin hazırlanması və sair məsələlər öz əksini tapıb.

 

Həmçinin, əməkdaşlıq müqaviləsində universitetin professor-müəllim heyətinin Baş Prokurorluğun Elm-Tədris Mərkəzində prokurorluq orqanlarına yeni qəbul olunan və fəaliyyətdə olan işçilərin ixtisasartırma prosesinə cəlb edilməsi, tərəflərin müvafiq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə birgə təlim kurslarının, seminar-treninqlərin və mühazirələrin təşkili, universitet tələbələrinin könüllülər qismində Baş Prokurorluğun struktur bölmələrində işə cəlb edilməsi məsələləri də qeyd olunub.

 



22.09.2022 | 11:26