BMU-nun əməkdaşı “IECHCI 2022”-də iştirak edib

Bakı Mühəndislik Universiteti (BMU) Elm və Təhsil Nazirliyinin və Türkiyənin Orta Doğu Texnik Universitetinin təşkilatçılığı  ilə “İnsan-kompüter qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən Beynəlxalq Şərq Konfransında (IECHCI 2022) təmsil olunub. Universitetin Riyaziyyat və informatika kafedrasının baş müəllimi Elməddin Hüseynov tədbirdə konfransın təşkilat heyətinin üzvü, eyni zamanda moderatoru qismində iştirak edib.

 

Naxçıvan Universitetində təşkil olunan konfransa Azərbaycan, Türkiyə, Qırğızıstan, Malayziya, Tayland və İtaliyadan, ümumilikdə 160 müəllifin 91 məqaləsi daxil olub.

 

Konfransın plenar iclasında  Naxçıvan Universitetinin rektoru Nurlana Əliyeva, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Əli Abbasov, Türkiyənin Orta Doğu Texnik Universitetinin Kompüter Təhsili və Tədris Texnologiyaları kafedrasının müəllimi, professor Kürşat Çağıltay, “Electronic ARTS” şirkətinin UX (İstifadəçi təcrübəsi) dizayneri Aqşin Rəcəbov, Galatasaray Universitetinin kommunikasiya fakültəsinin dekanı, professor Kerem Rizvanoğlu və digərləri çıxış ediblər.

 

Konfransın yekununda BMU əməkdaşı tədbirdə fəal iştirakına görə müvafiq sertifikatla təltif olunub.

 

Tədbir çərçivəsində professor Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş “Nəzəriyyədən təcrübəyə: insan – kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabının təqdimat mərasimi də keçirilib.

 

Qeyd edək ki, Naxçıvan Universiteti 2022-ci ilin oktyabr ayında yekunlaşacaq “İnsan-kompüter interfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” qrant layihəsinin qalibi olub və adıçəkilən konfrans sözügedən layihənin yekun konfransıdır.

 



19.09.2022 | 16:43