Mingəçevir Dövlət Universiteti Dünya Rektorlar Forumunda

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilən Dünya Rektorlar Forumunda iştirak edib.

 

“Milli innovasiya ekosisteminin qurulmasında universitetlərin rolu” mövzusuna həsr olunan Forum Qırğız Respublikasının Təhsil və Elm Nazirliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) birgə təşkilatçılığı ilə baş tutub. Foruma dünyanın 60-a yaxın ölkəsindən 100-dən çox ali təhsil müəssisəsinin rəhbərləri, ekspertlər, beynəlxalq təşkilatların, proqram və fondların nümayəndələri qatılıb.

 

Forumun açılış mərasimində Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarov, WIPO-nun Baş direktoru Daren Tanq, Dünya Bankının məsul əməkdaşı Rita Almeyda, Qırğız Respublikasının təhsil və elm naziri Almazbek Beyşenaliev çıxış ediblər.

 

Proqrama uyğun olaraq forumun ilk günündə “İnnovasiyalar - iqtisadi artımın mühərrikidir”, “İnnovasiya siyasəti və idarəetmə”, “İnnovasiyalar və sosial təsir”, “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə”, “Ali təhsildə sahibkarlığın inkişafı”, “Akademik və sənaye müəssisələri arasında texnoloji transfer” və “Startaplar və inkubasiya” mövzularında panel sessiyalar keçirilib. Panel sessiyalarda ali təhsil müəssisələri arasında əməkdaşlığın əsas istiqamətləri, birgə kadr hazırlığı və təhsil sistemlərinin inteqrasiya imkanları, eləcə də universitetlərin tədqiqat və innovasiya fəaliyyətlərinin səmərəliliyinin artırılması, əqli mülkiyyətin kommersiyalaşdırılması, ölkələrin inkişafı üçün faydalı texnologiyaların transferi və digər məsələlər müzakirə edilib.

 

MDU-nun rektoru Ş.Bayramov “İnnovasiya ekosisteminin dayanıqlı inkişafının qurulması. Ən yaxşı təcrübə” adlı panel sessiyasında “Yeni dövrün universitetinin qurulması: innovativ və dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsi konsepsiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda Ş.Bayramov MDU-nun timsalında dövlətin və tərəfdaşların dəstəyi ilə universitetin modernləşdirilməsi istiqamətində atılan addımlar, qarşıya qoyulan strateji hədəflər və həll edilməli olan əsas çağırışlardan  bəhs edib, dayanıqlı inkişaf əsaslı ali təhsil müəssisəsinə transformasiyanın konseptual məzmunu ilə bağlı fikirlərini bölüşüb.

 

Növbəti gün forum öz işini Beynəlxalq Təhsil və Karyera Sərgisi ilə davam etdirib. Bişkek Dövlət Universitetində baş tutan sərgiyə qatılan MDU-nun rektoru Ş.Bayramov Qırğız Respublikasının ali təhsil müəssisələrinin pavilyonları, eləcə də Muras İncəsənət Sərgisi, Etno-Sərgi və beynəlxalq təhsil təşkilatlarının stendləri ilə tanış olub. Bununla yanaşı, ali təhsilin aktual mövzularına həsr olunan təqdimatlarda iştirak edən Ş.Bayramov forumda təmsil olunan bir sıra xarici və yerli universitetlərin rektorları ilə ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparıb.

 

Forum çərçivəsində MDU ilə Qırğız İqtisad Universiteti arasında Anlaşma memorandumu imzalanıb. Memorandum universitetlər arasında qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın yaradılmasını və birgə fəaliyyətlərin həyata keçirilməsini özündə ehtiva edir.

 



16.09.2022 | 14:39