Hədəflər, prioritetlər böyük | |
Naxçıvan Dövlət Universitetində (NDU) reallaşan uğurlu layihələr, perspektivli təşəbbüslər və yaranan uzunmüddətli imkanlar 2021-2022-ci tədris ilinin ikinci yarısında da mühüm səmərəli nəticələrin əldə olunmasına səbəb oldu. Bütün sahələr üzrə, xüsusilə də, tədris proseslərinin keyfiyyət göstəricilərinin yüksəldilməsi, alternativliyin nəzərə alınması və təminatı, innovativ və texnoloji inkişafa üstünlük verilməsi diqqətdə saxlanılmışdır. Bütün bunların əsasında da, ixtisaslı kadr hazırlığının həyata keçirilməsi, eyni zamanda, elmlə təhsilin vəhdətinin üstün tutulması, nəzəri və təcrübi əlaqəliliyin aktuallığına söykənən proseslərin tənzimlənməsi və bütün tərəfləri ilə beynəlxalq əməkdaşlığa etibar edən və yol açan hədəflərin əlçatan olması NDU-nun mühüm prioritetlərinə aid olmuşdur.
Naxçıvan Dövlət Universiteti ölkəmizdə elm və təhsil sahələrində uğurla davam etdirilən islahatlardan düzgün bəhrələnir və özünün malik olduğu üstünlükləri ilə həmin islahatlara hərəkətverici təsirini də göstərməkdədir. İstər maddi-texniki təminatı, istər tələbələrinin fəallığı, istərsə də, professor-müəllim heyətinin mütərəqqi tədris metodlarından məqsədyönlü istifadə etmələri geridə qalan dövrün müvəffəqiyyət göstəriciləri içərisində yer almaqdadır.
Təbii olaraq, ali təhsil şəbəkəsinin həm şaxəliliyinin, həm də dayanıqlılığının təmin olunması bu sahədə tədris proseslərinin düzgün təşkili və idarə olunması ilə yanaşı, eyni zamanda, öz ifadəsini əldə olunan nəticələrdə də tapmaqdadır. Bu mənada, artıq geridə qalan 2021-2022-ci tədris ilinin ikinci yarısında universitetin bütün təhsil səviyyələrində keyfiyyət göstəriciləri özünü göstərmişdir. Bunu həm bakalavr, həm də magistratura təhsil səviyyələrində görmək olar.
NDU-da bütün sahələr üzrə tədris prosesləri uğurla davam etməkdədir. Milli təhsilin inkişafı istiqamətlərində əldə olunan nailiyyətlərlə yanaşı, beynəlxalq əməkdaşlıqların da yüksələn xətt üzrə davam etdirilməsi ali məktəbin bütün fakültələrində səmərəli nəticələrlə müşayiət olunmaqdadır. Təkmil təhsil mexanizmlərinə xas olan idarəetmə ali məktəbdə yerli və xarici tələbələrin eyni qayğı ilə əhatə olunması şəraitində təşəkkül tapmışdır. Qeyd etmək olar ki, universitetin fakültələri üzrə bakalavr təhsil səviyyəsinin istər əyani, istərsə də qiyabi şöbələrində təhsil prosesləri 70 ixtisas üzrə 6025, o cümlədən 1017 əcnəbi tələbədən ibarət olmaqdadır. Eyni yanaşmanı magistratura təhsil səviyyəsinə aid etdikdə aydın olur ki, burada da 82 ixtisaslaşma üzrə 422 magistrant, o cümlədən 7 əcnəbi magistrant tam ali təhsil almaqdadır.
Elm və təhsilin inteqrasiyası
Təbii olaraq, hazırda ölkəmizdə elm və təhsilin inteqrasiya proseslərinin zəruri mahiyyətinə müvafiq olmaqla, Naxçıvan Dövlət Universitetində etibarlı elmi mühitin dayaqları daha da gücləndirilmişdir. Aktual və günümüzün hazırkı reallıqlarından ibarət olan mövzuların elmi araşdırmalara cəlb olunması, təhlillərin və nəzəri əsaslandırmaların dürüst aparılması, yüksək səmərəyə söykənən və təcrübəyə yararlı olan elmi nəticələrin əldə olunması universitetin cari mərhələdəki elmi nəticələrinə aid olmaqdadır. Bu baxımdan, ifadə etmək olar ki, universitetin doktorantura səviyyəsi üzrə 99, o cümlədən 2 əcnəbi doktorant və rezidentura üzrə 67 nəfər rezident təhsil almaqdadır ki, bu da, yaxın gələcəkdə yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm mərhələni təşkil edəcəkdir.
Naxçıvan Dövlət Universitetində kadr hazırlığı ilə təcrübəli və peşəkar professor-müəllim heyəti məşğul olmaqdadır.
NDU 108 hektarlıq ərazisi və daha da modernləşən şəhərciyi ilə qucaq açmış olduğu 7544 tələbənin ümid yeri, qürur mənbəyi və istinad mərkəzidir. Ölkəmizlə yanaşı xarici ölkələrin də etibarını qazanan universitetdə hazırlıq şöbəsi dinləyiciləri ilə birlikdə, eyni zamanda, Türkiyə, İran, Nigeriya, Banqladeş, Rusiya, Özbəkistan, Cənubi Koreya, İraq və Pakistandan olmaqla 1446 əcnəbi tələbə təhsil almaqdadır.
Orta məktəblərlə əməkdaşlıq
Ali təhsil sahəsində davamlı məqsədyönlülüyün, düzgün əlaqələndirmənin və stimullaşdırıcı fəaliyyətin təşkili məqsədilə, tam orta məktəblərlə qarşılıqlı münasibətlər diqqətdə saxlanılmış və bu, gələcək perspektivlər üzrə hədəflərin reallaşmasında kadr hazırlığının mühüm ifadə olaraq aktuallığını artırmışdır. Müvafiq sahədəki proseslərin tənzimlənməsi Naxçıvan Dövlət Universitetinin elmi dərəcəsi olan müəllimlərinin tam orta məktəblərdə nümunəvi dərslərin keçirilməsindəki fəallığını artırmışdır. Ali məktəbimizin professor-müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunmuş, şagirdlərin tələbə olmaq sahəsindəki hədəflərində onları motivasiya etmişlər. Bunlarla yanaşı, universitetdə bakalavriat səviyyəsi üzrə 70 ixtisas müvafiq olaraq 34, subbakalavriat səviyyəsi üzrə isə 13 ixtisas 4 dövlət təşkilatına hamiliyə verilib. Qeyd etmək olar ki, təkcə 2022-ci ilin ötən dövrü ərzində bu istiqamətdə 18 qurum və təşkilatın hamiliyində olan 22 ixtisas üzrə təhsil alan tələbələr ilə 49 sayda fərqli formalarda tədbirlər reallaşdırılmışdır. Həmin səmərəli tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin 2015-ci il 14 mart tarixində təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında”, 25 iyun 2021-ci ildə isə təsdiq etmiş olduğu “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq həyata keçirilmişdir. Bunlar, bir-birini əlaqələndirən, mahiyyətləndirən və perspektivliliyini təmin edən tənzimləmə mexanizmləridir. Artıq bu tənzimlənmələr, şagird-tələbə-iş yeri həlqəsinin etibarlı təminatına çevrilmişdir.
Uğurlu, perspektivli beynəlxalq əməkdaşlıq
Naxçıvan Dövlət Universiteti ötən tədris ilinin ikinci yarısında beynəlxalq əməkdaşlıqlar sahəsində də uğurlarının əhatəsini genişləndirmişdir. Xüsusilə, ötən ilin ortalarında qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali məktəbləri ilə başlatdığı ikitərəfli əməkdaşlıqlar səmərəli nəticələri ilə müşayiət olunmaqdadır. Həmin proseslərin gerçək nəticəsi olaraq, universitetin Tibb fakültəsinin 135 nəfərdən ibarət müəllim, rezident və tələbə heyəti Türkiyənin Ankara, Qazi, Trabzon Texniki, Kayseri-Erciyes, Ərzurum Atatürk universitetlərində 2 həftəlik təcrübədə olmuşdur. Hazırkı mərhələdə universitetin beynəlxalq əməkdaşlıqları yeni keyfiyyət mərhələsində olmaqla, eyni zamanda, “Energetika mühəndisliyi” ixtisasında təhsil alan tələbələrin İtaliyada təcrübədə olması ilə öz səmərəliliyini artırmaqdadır.
Bütün bunlarla, ali məktəbin beynəlxalq əməkdaşlıqları uğurludur, davamlıdır və perspektivlidir. 2022-ci ilin ötən dövrü ərzində bu sahədəki mühüm nailiyyətlərdən birini də Naxçıvan Dövlət Universiteti ilə Yaponiyanın Fujita Health Universitetinin faydalı əməkdaşlığı təşkil etməkdədir. Qeyd edək ki, 31 may - 2 iyun 2022-ci il tarixlərində Times Higher Education beynəlxalq keyfiyyət və reytinq şirkətinin “Gələcəyə baxmaq, akademik istedad yaratmaq” devizi altında Yaponiyanın Naqoya şəhərində keçirilən “Asiya Universitetləri Sammiti”ndə universitetimizin rektorunun başçılıq etdiyi nümayəndə heyətinin iştirak etməsi beynəlxalq əməkdaşlıq sahəsindəki göstəricilərinə daha da dinamiklik gətirmişdir.
Müəllim və tələbə elmi araşdırmaları
Müasir təhsil islahatlarının təşkili və idarə olunması onun elmi istiqamətlərinin düzgün təsbit olunmasını da şərtləndirir. Burada universitetin müəllim və tələbələrinin elmi araşdırmalar sahəsində daha fəal çalışmasını, xüsusilə də Tələbə Elmi Cəmiyyətinin xətti ilə yerinə yetirilmiş tədqiqat işlərinin mühüm əhəmiyyətini qeyd etmək yerinə düşər. Ötən tədris ili ərzində NDU-da 414 müəllimin rəhbərliyilə 677 tələbə elmi-tədqiqat işi ilə məşğul olub ki, bu da əvvəlki tədris ilinin müvafiq göstəricisi ilə müqayisədə 20 faiz artım demək olur.
Bunlarla yanaşı, universitetdə elmi kadrların hazırlanması, fəlsəfə və elmlər doktorluğu proqramları üzrə işlər də düzgün qurulmuşdur. Qeyd etmək olar ki, universitetdə fəlsəfə doktoru proqramı istiqamətində 31 ixtisas üzrə 67, eyni zamanda elmlər doktoru proqramı istiqamətində isə 21 ixtisas üzrə 32 nəfər doktorant və dissertant kadr hazırlığı aparılır.
Elmi araşdırmaların və nəşrlərin davamlı xarakterə malik olduğu Naxçıvan Dövlət Universitetində ötən tədris ilinin ikinci yarısı ərzində məhsuldarlıq göstəriciləri də artan dinamikada təşəkkül tapmışdır. Əməkdaşlar artıq daha nüfuzlu elmi nəşrlərə üstünlük verməklə, aktual mövzular üzrə olduqca səmərəli nəticələrin əldə olunmasına nail olmaqdadırlar. Keçən müddət ərzində universitet əməkdaşlarının 2-si Web of Science məlumat bazasına, 1-i Scopus elmi bazasına daxil olan, ümumilikdə isə, 59 məqaləsi impakt faktorlu jurnallarda dərc olunub.
Ötən tədris ilinin ikinci yarısı ərzində universitet əməkdaşları tərəfindən 222 elmi məqalə dərc olunmuş, həmçinin, 220 konfrans materialı işıq üzü görmüşdür. Elmi məqalələrdən 59-u, konfrans materiallarından isə 130-u xaricdə beynəlxalq konfrans toplularında dərc olunub.
Daha mütərəqqi təhsil imkanları
Naxçıvan Dövlət Universitetinin qarşıdakı dövrlər üzrə hədəfləri və prioritetləri böyük, onların reallaşması sahəsindəki tədbirlər isə qətiyyətlidir. Yeni inkişaf mərhələsində bir-birini aktuallaşdıran çağırışlar təhsil sahəsində də özünü göstərməkdədir. İqtisadi-sosial, həmçinin mədəni-hüquqi və digər sahələr üzrə özünü göstərən yeniliklər öz növbəsində müvafiq sahələr üzrə ixtisaslı kadrların hazırlanmasına da zəmin yaratmışdır. Məhz bu çağırışlar kontekstində Naxçıvan Dövlət Universitetinin tədris proseslərinə müvafiq tənzimləmələr həyata keçirilmiş və ixtisaslaşma istiqamətində yeni ixtisasların nəzərdə tutulması mümkün olmuşdur. Belə ki, 2022-2023-cü tədris ilində qəbul planına əlavə olunmuş yeni ixtisaslar universitetin uzunmüddətli hədəflərinə hesablanmış, eyni zamanda burada, əmək bazarının dəyişən tələbləri də nəzərə alınmışdır.
Tədris olunan fənlərin daha təkmil qərarlaşması, daha mütərəqqiliyi və daha səmərəliliyi məqsədilə, müvafiq fakültələrdə nəzəri və təcrübi vasitələrdən istifadə imkanları genişləndirilmiş, eyni zamanda, tələbələr tərəfindən əlçatan olması təmin olunmuşdur. Ötən tədris ilinin ikinci yarısında universitetin bu sahədəki uğurları ardıcıl xarakterə malik olmuşdur. Belə ki, tədrisin əyani şöbə üzrə daha məhsuldar təşkili məqsədilə Tarix-filologiya fakültəsində “Muzeyşünaslıq”, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində isə “Yer quruluşu və kadastr”, “Coğrafiya” adlı yeni kabinet və laboratoriyalar yaradılmışdır.
Beləliklə, Naxçıvan Dövlət Universiteti bir-birini əvəz edən tədris illərini ali təhsilin etibarlılığı və şaxələndirilməsi üçün aktual olacaq uğurlarla geridə qoymaqdadır. Artıq yeni tədris ilində qeyd olunan uğurların hərəkətverici qüvvəsi isə hazırda inşası uğurla davam edən Texnologiyalar Parkının istifadəyə verilməsi olacaq. Nəticədə isə daha mütərəqqi təhsil imkanlarına yol açılmış olacaq.
Cavadxan QASIMOV, Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
|
|
17.09.2022 | 11:37 | |
|
|
|