Yüksək hazırlıqlı, yüksək nəticə

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarında uğur qazananlar kifayət qədərdir. İlk imtahan verənlər təhsilin təməl daşları - ibtidai sinif müəllimləridir. Aralarında ən yüksək - 60 bal toplayanlar var. Azərbaycan müəllimlərinin öndə gedənləri “Azərbaycan müəllimi”nə uğur hekayələrini danışdılar. Gəlin onları tanıyaq.

 

 

Lalə Xələfova 15 ildir müəllimlik edir. Bakı şəhəri 274 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Yeni tədris ilində III  sinifdə dərs aparacaq. Bu, onun indiyədək olan V buraxılışıdır.

 

Bir vaxtlar təhsil aldığı məktəbin müəllimi olmağın qüruru və məsuliyyətini hər zaman hiss edib. Ona görə də sertifikatlaşdırma imtahanları barədə eşidən gündən öz üzərində daha çox işləməyə başlayıb: “Hər zaman dərsə müəllim kimi girməyin məsuliyyətini hiss etmişəm. Ancaq sertifikasiyanın olacağı xəbəri istər-istəməz müəllimlərin məsuliyyətini artırmağa vadar edirdi. Nə ilə qarşılacağını bilməyəndə insan qorxur. Bizi nəyin gözlədiyi ilə bağlı fikrim yox idi. Ona görə də həyəcanlanırdım. Çoxları kimi, qızım da mənə “Ay ana, sən keçəcəksən, niyə həyəcanlanırsan?” deyəndə ona cavab verdim ki, mənim üçün önəmli olan keçmək deyil. Mən yüksək nəticə qazanmaq istəyirdim. Düzdür, heç bu nəticənin 60 olacağını düşünməmişdim, amma 59, heç olmasa, 58 bal hədəfim idi”.

 

İmtahan öncəsinə aid olan həyəcan imtahanda qalmayıb: “İmtahan sualları içərisində çətin sayıla biləcək cəmi 10-12 sual vardı. Əslində, o da gündəlik dərs keçdiklərimizdən idi. Sadəcə diqqət tələb edən, çaşdırıcı suallardı. Zəif müəllim deyiləm, üstəlik təkrara ehtiyac hiss etdiyim məqamlar üzərində əlavə işləmişdim. Ona görə də cavabından  əmin olmadığım, 2 variant arasında qaldığım sual olmadı. İmtahanın ilk 35 dəqiqəsində hamısını cavablandırıb bitirmişdim. Əlavə 10 dəqiqə qalıb suallar üzərindən yenidən keçdim. Cavablarımdan bir daha əmin oldum. Cavablandırmaqda aciz qaldığım sual yox idi”.

 

Nəticədə müəllimlərin sertifikatlaşdırılması imtahanında tapşırıqların öhdəsindən qısa müddətdə gələrək 60 bal toplayan bir neçə müəllimdən biri olub: “Mən, adətən, tələsirəm.  Sualı tam oxumadan variantlara qaçırdım. Bu dəfə elə etmədim. Sualları diqqətlə oxudum. Sual üzərində düşündüm  və cavabımı variantlar arasında axtardım”.

 

Təmkinli davranmağın, diqqətli olmağın bəhrəsi isə ən yüksək nəticə olub. Sertifikatlaşdırma imtahanında  iştirak edərək 60 bal toplayan Lalə müəllim deyir: “İmtahanlara hazırlaşmaq üçün təlimlərə qatıldım, daha yuxarı siniflərin kitablarını vərəqlədim. Azərbaycan dili üzrə heç bir problemim yoxdur, dilimizi yaxşı bilirəm. Riyaziyyat üzrə 5, 6, hətta 7-ci sinif dərsliklərinə nəzər saldım”.

 

Əziyyətinə də dəyib. Bu gün ölkədə ən yüksək bal toplayan bir neçə ibtidai sinif müəllimindən biri olaraq məktəbini də fərqləndirdi: “Məktəbimin indiyədək imza atdığı ilklərdən ikisi mənimlə bağlıdır.  İbtidai sinif müəllimi olduğum IX sinif şagirdimiz olimpiada qalibidir. Həmin şagirdimiz sayəsində məktəbimiz ilk dəfə olimpiadalarda fərqləndi. Şagirdimizin bu uğuruna görə təltif olunanlar arasında mən də vardım. Məktəbimizin ikinci ilki isə imtahanlarda ən yüksək bal toplamağımdır. Məktəbimizin yüksək nəticə göstərən ilk müəllimiyəm”.

 

Lalə müəllim peşəsini çox sevir: “Müəllimkən tamamilə başqa cür oluram. İşimi çox sevirəm. Hətta analıq məzuniyyətində belə uzun müddət qalmamışam.126 gün sonra işə çıxmışam, hər gün dərsdə olmuşam”.

 

Analıq məzuniyyətindən söz düşmüşkən, həm də ana olan Lalə müəllim iki qız yetişdirib. Sevdiyi peşəyə sevgi yaratmağa ailədən başlayıb. Qızlarından biri də taleyini müəllimliyə bağlayacaq: “Qızlarımdan biri riyaziyyat müəllimi olmaqda qərarlıdır. Yaxşı müəllim olacağını düşünürəm. Səbirli, təmkinlidir, ətrafına laqeyd deyil”.

 

Lalə Xələfovanın müəllimdə olmasını düşündüyü əsas xüsusiyyət vicdandır: “Hər kəs vicdanlı olmalıdır. Ancaq düşünürəm ki, müəllimdə vicdan şərtdir. Dövlət ona vətəndaşını, ölkənin gələcəyini əmanət edir. Müəllim elə etməlidir ki, dövlətinə, millətinə töhfə verə bilsin”.

 

 

“Ekranda 60 bal görəndə...”

 

Peşəsi ilə qürur duyan daha bir müəllim - Samirə Cəbiyeva Sumqayıtda doğulub, böyüyüb. İşləməyə getdiyi kənddə məskən salıb. Ailə qurub, oğul-uşaq sahibi olub.

 

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 2000-ci il məzunudur. Təyinatla  Mikayıl Müşfiq adına Xızı rayonu Giləzi qəsəbə tam orta məktəbində ibtidai sinif müəllimliyinə başlayıb. 22 ildən artıqdır ki, burada dərsə girir, uşaqlara eşitdikləri səslərin anlamını başa salır, səsləri sözə çevirməyin sirrini öyrədir.

 

Sumqayıt şəhərindəki 12 nömrəli məktəbdə avqustun 30-da imtahan verərək maksimal bal (60 bal) toplayan Samirə Cəbiyeva deyir ki, onun nəticəsi rayonda, xüsusən məktəblərində heç kimdə təəccüb doğurmayıb: “Hamı deyirdi ki, Samirə müəllim keçəcək. 2 il əvvəl sertifikatlaşdırma imtahanlarının keçiriləcəyi deyiləndən daha çox məlumatlanmağa başladım. Öz üzərimdə işləməyin, bu istiqamətdə hazırlıqlı olmağın əhəmiyyətini çox gözəl anlayırdım. Metodika çox dəyişilib, bunu bilirdim. İxtisasdan nə dəyişiklik olduğunu öyrənmək, özümü yoxlamaq üçün iki il müəllimlərin işə qəbulu üzrə müsabiqələrdə iştirak etdim. Keçən il 49, bu il 78 bal topladım. İxtisasım üzrə bilik səviyyəmin dəyişmədiyinə əmin oldum. Sertifikasiya imtahanları asan gəldi mənə. Diaqnostik qiymətləndirmələrdə də yaxşı nəticə göstərmişdim. 60 sualdan 55-nə düzgün cavab yazmışdım”.

 

S.Cəbiyeva sertifikatlaşdırma imtahanında daha çox metodikadan ehtiyat etdiyini deyir: “Öyrəndiyimiz və bir neçə il öncəsinədək tətbiq etdiyimiz metodikadan fərqli dərs keçirik. Xüsusi olaraq bu sahəyə fikir verdim. Amma qorxduğum kimi olmadı və təlimlərdə öyrəndiyimiz, bizə tanış olan mövzulardan suallara rast gəldim. Rəy vermə, sinfin idarə edilməsi, müəllim-şagird, müəllim-valideyn münasibətlərindən suallar vardı. İşimizlə bağlı olduğu üçün asan gəldi mənə. İmtahan suallarını 1 saatda cavablandırmışdım. Amma düyməni basıb imtahanı bitirməyə cəsarət eləmirdim. Yarım saat da əlavə məşğul oldum suallarla. Nəhayət, düyməni basdım. Ekranda 60 bal görəndə nəzarətçiyə müraciət elədim. O da təbrik elədi və çıxıb Resurs Mərkəzinin əməkdaşlarına yaxınlaşmağım üçün yol göstərdi. Amma mən yenidən oturub  hələ səhvimə baxacağımı dedim. Nəzarətçi “hamısını düz yazmısınız, hansı səhvə baxırsınız” deməsə, səhv axtarmaq niyyətində idim”.

 

Vaxtını düzgün qiymətləndirərək təlimlərə qoşulub: “Məsuliyyətli olmaq, günü günə satmamaq üçün təlimlərə qatıldım. Hazırlaşdım və bəhrəsini də gördüm”.

 

İki övlad anası olan Samirə müəllim bu il həm öz, həm də Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olunan oğlunun uğuruna sevinib: “Oğlanlarımdan biri Heydər Əliyev adına Hərbi Akademiyada təhsil alır. İkinci oğlum isə bu il tələbə adını qazandı. Sevinc sevincə qarışdı. Oğlumun təhsil aldığı sinif də mənim sinfim olub, oğlumun ilk müəllimi olmuşam”.

 

Hazırda IV sinifdə dərs aparan Samirə müəllimin məktəbəhazırlıq qrupu da var.

 

S.Cəbiyeva sonda deyir: “İnsanın hazırlıqlı olması harda təhsil alması ilə deyil, öz üzərində işləməsiylə qazanılan keyfiyyətdir. Biz daim öz üzərimizdə işləməliyik”.

 

Seçilənlər fərqləndiriləcək

 

Sertifikasiya isə davam edir. Bu prosesin sonunda güclülər zəiflərdən seçiləcək. Öz fərqini ortaya qoyan hər müəllimi isə dövlət fərqləndirəcək.

 

Şansınız açıq, dərsiniz interaktiv olsun, əziz müəllimlər. Sertifikatlaşdırma prosesində uğur hər birinizə yar olsun!

 

Ruhiyyə DAŞSALAHLI

 



16.09.2022 | 15:11