“Xaricdə nüfuzlu universitetdə tədqiqat aparmaq böyük üstünlüklər verir” | |
Müasir dövrdə insan kapitalının inkişaf etdirilməsi ölkəmizdə ali təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur. Ölkə iqtisadiyyatının hərtərəfli inkişafı, güclü kadr potensialının formalaşdırılması baxımından Prezident İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli 711 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın da əsas hədəfi elm sahəsindəki qabaqcıl nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsinə nail olmaqdır. Ölkəmizin gələcək inkişaf prioritetlərini özündə əks etdirən bu proqram çərçivəsində artıq bir qrup azərbaycanlı gənc doktorantura təhsilini müvafiq xarici ali təhsil müəssisələrində davam etdirmək hüququ qazanıb. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili almaq imkanı qazanan gənclərdən biri də Yusif İbrahimovdur.
TANITIM: 2000-ci ildə Şəki şəhərində anadan olub. 2017-ci ildə Şəki şəhər 5 nömrəli tam orta məktəbi bitirib. 2017-2021-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin kompüter elmləri ixtisasında təhsil alıb. 2022-ci ildə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Birləşmiş Krallığın York Universitetində süni intellekt istiqamətində bakalavrdan birbaşa doktorantura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb. İndiyə qədər Azərbaycan Beynəlxalq Bankında data analitik və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzində süni intellekt mütəxəssisi olaraq çalışıb. Yaponiyanın A.L.I. Technologies şirkətində (remote - distant olaraq) süni intellekt sahəsində təcrübə proqramı keçib.
- Ölkəmizdə gənclərin xaricdə təhsili üzrə bir sıra Dövlət Proqramları icra olunur. “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” sizin üçün nə kimi imkanlar açdı, proqramın əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Bəli, dediyiniz kimi, xaricdə təhsil üzrə bir sıra dövlət proqramları var və uğurla icra olunur. Bunlardan biri də “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”dır. Bu proqram cənab Prezidentin sərəncamına əsasən Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir və maliyyələşmə Dövlət Neft Fondu tərəfindən aparılır. Bu proqramın icrası özlüyündə iki istiqaməti ehtiva edir. Bunlar dünyanın nüfuzlu universitetləri ilə Azərbaycan ali məktəbləri arasında beynəlxalq ikili diplom proqramlarının təsis olunması və Azərbaycan ali təhsil müəssisələri üçün yüksək elmi-tədqiqat bacarıqlarına malik milli kadrların hazırlanması məqsədilə xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi istiqamətləridir. İkinci istiqamət üzrə təhsil almağa haqq qazanmış tələbələrin həm xarici ali təhsil müəssisəsində illik təhsil haqqı, beynəlxalq nəqliyyat, tibbi sığorta və yaşama xərcləri dövlət tərəfindən maliyyələşdirilir. Yəni, bir tələbənin xaricdə tədqiqat aparması üçün tələb olunan xərclər ödənilir və tədqiqatçı maddi sıxıntı yaşamadan öz tədqiqat işinə fokuslanır. Birləşmiş Krallıqda tədqiqat aparmaq kifayət qədər böyük maddi vəsait tələb edir və dövlət proqramı mənim kimi bu vəsaiti qarşılama potensialı olmayan gənclər üçün çox böyük imkanlar yaradır. Xaricdə nüfuzlu universitetdə tədqiqat aparmaq isə kifayət qədər böyük üstünlüklər və ciddi maddi-texniki resurslar ilə işləmə imkanları verir. Tədqiqat işi və müdafiə bitdikdən sonra ölkəmizə qayıdaraq yerli ali təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərmək isə ən əsas öhdəliklərdən biridir. Bunun nəticəsində də ölkəmizdə ali təhsil müəssisələrinin tədris kurikulumu və tədris keyfiyyəti daha da inkişaf etmiş olacaq. Bunu da vurğulamaq istərdim ki, Fransanın, İtaliyanın, Almaniyanın və başqa bir sıra dövlətlərin nüfuzlu ali təhsil müəssisələrində təhsil almaq hüququ qazansam da, yekun qərarım Birləşmiş Krallıqda tədqiqat aparmaq oldu. Buna əsas səbəb isə tədqiqat istiqamətim üzrə York Universitetinin kifayət qədər təcrübəyə və güclü texniki bazaya sahib olmasıdır.
- Ali təhsillə yanaşı, artıq bir sıra nüfuzlu təşkilatlarda iş təcrübəsi də qazanmaq imkanınız olub. Şübhəsiz ki, bu, uğurlu karyeranın başlanğıcı üçün xüsusi önəm daşıyır. Bu baxımdan, ilk iş təcrübələriniz haqqında məlumat verməyinizi xahiş edirəm.
- İndiyə qədər süni intellektin bankçılıqda, səhiyyədə və bir sıra başqa sahələrdə tətbiqi barədə layihələrin üzərində çalışmışam və bir çox dünya ölkələrinin təcrübələrinə dair araşdırma etmişəm. İndiyə qədər üzərində çalışdığım ən yadda qalan layihələrdən biri haqqında məlumat vermək istərdim. Mərkəzi Yaponiyada yerləşən A.L.I. Technologies şirkəti süni intellekt və əşyaların interneti sahəsində kifayət qədər faydalı həllər təklif edən bir şirkətdir. Təcrübə proqramında isə mən elmi rəhbərimlə birlikdə dronlar üçün süni intellekt alqoritmlərinin tətbiqi üzərində çalışırdıq.
- Doktorant olaraq hansı mövzu üzərində çalışacaqsınız? Tədqiqatlarınız tərəfdaş ali təhsil müəssisəsi, ölkəmiz üçün nə dərəcədə prioritetdir?
- Tədqiqat işim süni intellektin mental problemlərinin təyin edilməsi istiqamətinə yönələcək. İşimizin əsas məqsədi sosial şəbəkə paylaşımları vasitəsilə mental sağlamlıq vəziyyətinin təyin edilməsi və lazımi vəziyyətdə müvafiq göstərişlərin verilməsidir. Dünyada son illərdə istər iqlim dəyişikliyi, istər siyasi, istərsə də bioloji proseslər insanların mental vəziyyətinə ciddi şəkildə mənfi təsir edir və təəssüf ki, insanlar ilkin mərhələdə peşəkar yardım almaqdan qaçır və nəticədə daha ciddi problemlər ortaya çıxanda mütəxəssisə müraciət edirlər. Bir çox halda gecikmiş durumlar intihar kimi dəhşətli nəticələrə gətirib çıxarır. Tədqiqat işimizdə də qarşıya qoyduğumuz missiya bu kimi təhlükəli durumları əvvəlcədən müəyyən edərək insanları məlumatlandırmaq və yönləndirməkdir. Ölkəmiz də geosiyasi vəziyyətinə görə bir sıra proseslərdən təsirlənir. Dövlət siyasətinin çox güclü və dayanıqlı olması bu təsirləri ciddi şəkildə azaltsa da, hər gün baş verən hadisələr və eşitdiyimiz, gördüyümüz xəbərlər bizlərin də psixologiyasına ciddi təsir edir. Odur ki, bu araşdırma nəticəsində hazırlanacaq layihənin ölkəmizdə də tətbiqinin prioritet önəm daşıdığını düşünürəm.
- Süni intellekt sahəsində tədqiqatlar aparmaq üçün hansı elmi bilik və səriştələr tələb olunur? Nəzərə alsaq ki, bu, milli təhsil sistemimizdə kifayət qədər yeni istiqamətdir.
- Süni intellekt sahəsində araşdırmalar aparmaq üçün ciddi riyazi və proqramlaşdırma biliklərinə ehtiyac olduğunu düşünürəm. Çünki süni intellekt bir elm kimi riyaziyyatın üzərində qurulub və bu kimi araşdırmalardan sonra ortaya çıxan nəticələrin bir həll kimi təqdim edilməsində və layihəyə çevrilməsində əsas rol proqramlaşdırma bacarıqlarının üzərinə düşür. Bir digər önəmli məqam isə, alqoritmləşdirmə bacarıqları və proqramlaşdırmadır. Çünki süni intellekt həllərinin tamamı müəyyən alqoritmlərə əsaslanaraq hazırlanır və bu zaman ortaya çıxan tələblərin yerinə yetirilməsi üçün alqoritmlərin yazılması vacib məqamdır. Bundan əlavə, proqramımız üçün yeni olan maşın öyrənməsi və dərin öyrənmə mövzuları barədə də fikir sahibi olmaq vacib xarakter daşıyır.
- Süni intellektin təhsildə rolu barədə nə deyərdiniz? Bir sıra ölkələr bu sahənin inkişafına ciddi sərmayələr qoyurlar. Bunu nə ilə izah edərdiniz?
- Süni intellektın artıq demək olar ki, bütün istiqamətlər üzrə tətbiqi mümkündür və bunlardan birisi də təhsil sahəsidir. Düşünürəm ki, süni intellektin təhsildə tətbiqi insanlara müəllim və nəzarətçi ehtiyacı olmadan öyrənmə imkanları verir. Bu isə öz- özlüyündə, daha çox insanın bilik əldə etməsinə imkan yaradır və nəticədə toplum daha da maariflənir. Süni intellekt texnologiyaları vasitəsilə tədris mexanizmi artıq Çin, Yaponiya Cənubi Koreya kimi bir sıra ölkələrdə tətbiq edilir. Hətta süni intellekt vasitəsilə artıq xarici dil öyrənmək də sadələşmişdir. Süni intellekt gün keçdikcə daha çox nailiyyət əldə edir. Buna misal olaraq qeyd edim ki, Vətən müharibəsi dövründə istifadə edilən pilotsuz uçuş aparatları süni intellekt alqoritmləri ilə çalışırdı və ciddi üstünlüklər əldə etməyimizdə və itki sayının azalmasında müstəsna rola sahib oldu. Hazırda bütün dünya ölkələrinin bu kimi texnologiyaları satın almağa can atdığının şahidi oluruq.
- Bir qədər qlobal düşünsək, hazırda süni intellekt elmi qarşısında hansı prioritet problemlərin həlli durur?
- Düşünürəm ki, süni intellekt elminin qarşısında duran prioritet problem süni intellekt etikası məsələsidir. Hazırda süni intellekt hər hansısa bir etik normaya tabe deyil, bu isə gələcəkdə öhdəsindən gəlinə bilinməyəcək ciddi fəsadlara yol aça bilər. Hazırda süni intellekt etikası istiqamətində ciddi araşdırmalar aparılır və süni intellektin müəyyən etikalara tabe edilməsi üçün işlər görülür. Süni intellekt icmasını maraqlandıran digər bir mövzu isə izah edilə bilən süni intellekt anlayışıdır (Explainable Artificial İntelligence) ki, mən də öz tədqiqat işimdə bu istiqamət üzrə də araşdırma aparacağam. İzah edilə bilən süni intellekt və ya şərh edilə bilən süni intellekt tərəfindən verilən qərarları və ya proqnozları insanlar rahatlıqla qavraya bilir.
- Bir gənc olaraq xaricdə təhsil almaq istəyən, əcnəbi universitetlərdə elmi tədqiqatlara maraq göstərən gənclərə nə kimi tövsiyələr verərdiniz?
- Öncə arzuladıqları ölkə üzrə xarici dil biliklərini inkişaf etdirsinlər. Həmin ölkənin tarixi və mədəniyyəti haqda müəyyən məlumatlar əldə etsinlər. Çoxlu araşdırma etsinlər və sadəcə xaricdə təhsil və ya tədqiqat etmək adına bu yola addım atmasınlar, buna həqiqətən niyə ehtiyacları olduğu barədə düşünsünlər. Əldə edəcəkləri biliklərin həm şəxsi inkişaflarına, həm də vətənimizə və insanlara nə kimi töhfə verəcəyi istiqamətində yaxşı düşünsünlər.
- Doktorantura təhsilinizdən gözləntiləriniz barədə nə deyə bilərsiniz?
- Əsas gözləntim həqiqətən bütün insanlığa fayda verəcək bir iş ərsəyə gətirməkdir. Bundan əlavə, bu layihənin ölkəmiz üzrə tətbiqini uğurla həyata keçirmək və maddi-texniki bazaya öz töhfəmi vermək də əsas məqsədlərimdəndir. Doktorantura təhsilim müddətində psixologiya sahəsində araşdırma etmək istəyən insanlar üçün ciddi önəmə sahib böyük verilənlər bazasının hazırlanmasının mənim üçün böyük uğur olacağını düşünürəm. Bundan əlavə, dünyanın nüfuzlu elmi jurnallarında məqalələr dərc etdirməyi və mötəbər konfranslarda çıxış etməyi planlaşdırıram.
- Qarşıdakı illər üçün nə kimi hədəfləriniz var?
- Doktorantura təhsilimi və müdafiəmi bitirdikdən sonra ölkəyə qayıdaraq pedaqoji fəaliyyətə başlamağı planlaşdırıram. Məzunu olduğum və mənim üçün doğma olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və onun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində çalışmağı və burada gələcək tələbələrimlə ölkə əhəmiyyətli süni intellekt həlləri üzrə tədqiqatlar aparmağı hədəfləyirəm. Hamımıza məlumdur ki, bu yaxınlarda cənab Prezident tərəfindən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiqləndi. Bu strategiyanın məqsədlərindən biri də tədqiqat universitetlərinin yaradılmasıdır ki, ilkin məqsədlərimdən biri bu prosesdə iştirak etməkdir. Bununla birlikdə ölkəmizdə süni intellekt əsaslı laboratoriyanın yaradılması, təbii dil emalı layihələrinin uğurla həyata keçirilməsi üçün Azərbaycan dilində lazımi maddi- texniki bazanın qurulması, araşdırma və inkişaf mərkəzlərinin təsis edilməsi, süni intellekt üçün Azərbaycan dilində tədris-metodiki vəsaitlərin və süni intellekt əsaslı rəqəmsal transformasiya ofisinin hazırlanması proseslərində iştirak etmək də əsas hədəflərimdən bir neçəsidir.
Heç şübhəm yoxdur ki, Dövlət Proqramı vasitəsilə alacağım dəstək və York Universitetindəki tədqiqatlarım bu məqsədlərimi həyata keçirməkdə müstəsna rola sahib olacaqdır.
Oruc MUSTAFAYEV
|
|
16.09.2022 | 12:06 | |
|
|
|