Ağalıda ilk zəng | |
İlk zəng sədası... İlk dərs həyəcanı... BÖYÜK QAYIDIŞın ilk ünvanı Ağalıda yaşanan sevinc və qürur dolu anlar... Şanlı Zəfərin Qayıdış işığı Ağalını nur çələnginə bürümüşdü. Qalib xalqın xoşbəxt balaları ATA ocağının istisinə qızınır, doğma yurdun məktəbinə ilk addımlarını atırdılar. “Ağıllı kənd”in Ağalısız böyüyən uşaqlarının sevinci sərhəd tanımırdı. Yerin də, göyün də qucağı sevgi ilə açılmışdı onların üzünə. Torpağın iyini, yurdun havasını ciyərlərinə çəkib 30 ilə yaxın köçkünlük həyatı yaşayan Ağalının böyük yaşlılarına da bu sevincdən böyük pay düşürdü. Yurdsuzluğun ağrı-acılarını geridə qoyub əzəli yurdun sahibi kimi qürurlu idilər...
15 sentyabr 2022-ci il... Əbədiyyət işığında bu şanlı tarix BÖYÜK QAYIDIŞın təntənəsinə belə şahidlik edirdi...
Haqqı və nahaqqı boynuna biçilən narahat dünyamıza Ağalının gözü ilə qürurla baxırdı böyüklü-kiçikli Ağalılar...
Müzəffər Ali Baş Komandana, Qəhrəman Azərbaycan Əsgərinə minnətdarlıq, Vətən torpağının müqəddəslik zirvəsi Şəhidlərimizə Allahdan rəhmət Ağalıların dilində qürurla səslənirdi...
Ağalısız dünyaya göz açıb ATA YURDUN ağ gününə sevinən xoşbəxt uşaqlar... İllərdir ki, qaranlıq yuxularında, rəngbərəng xəyallarında Ağalıya qucaq açırdılar. DƏMİR YUMRUQ bu yuxuları, bu xəyalları gerçəyə çevirdi. Güc və həmrəylik QƏLƏBƏyə böyük bir yol açdı. Müzəffər Ali Baş Komandanın QƏLƏBƏ müjdəsini QALİB XALQ toy-bayram etdi... Böyük xalqın şanlı tarixinin qızıl səhifələri belə yazıldı...
Ağalıdan keçən BÖYÜK QAYIDIŞın ilk yolu...
87 yaşlı Bənövşə nənənin QAYIDIŞ sevinci... Köçkünlük həyatının ağrı-acıları... YURD həsrəti... Və ömrünün yarısından çoxunu qoynunda yaşadığı doğma kəndinə övladları, nəvələri ilə qayıtmasının xoşbəxtliyi...
Ata-baba yurduna gəlmək 13 yaşlı Vüsal üçün ikiqat sevinc idi. Doğum günündə doğma Ağalıya ilk qədəmlərini atmaq səadəti... Burada yaşamaq, burada məktəbə getmək haqqının verdiyi könül rahatlığı...
18 yaşında Ağalını tərk edən Bəxtiyar Abdullayev də 29 ildən sonra ailəsi, övladları ilə ATA ocağında bu mübarək günün sevincini yaşayır...
Dünən “Ağıllı kənd”in ilk şagirdləri ilk və əbədi zəngin sədaları altında Ağalı məktəbində ilk dərsə QARABAĞ AZƏRBAYCANDIR! qürurunun işığında başladılar. Şanlı zəfər tariximizin qürur dolu səhifələrini səngərdə QƏHRƏMAN, sinifdə nümunə əziz müəllimlərlə birgə vərəqlədilər... Və Qarabağlı sabahlara qucaq açdılar.
Qalib ölkənin elm və təhsil naziri də bu mübarək günün sevinc və qürur dolu xoşbəxt anlarını Ağalı məktəbliləri və müəllimləri ilə birgə yaşadı.
Doğma yurda ilk qədəmləriniz uğurlu...
Yeni dərs iliniz mübarək olsun, əziz Ağalılar!
Sarvan İBRAHİMOV
|
|
16.09.2022 | 10:13 | |
|
|
|