Bakı Mühəndislik Universitetində Oriyentasiya Günü

Bakı Mühəndislik Universitetində (BMU) 2022/2023-cü tədris ili üzrə bakalavr pilləsinə qəbul olan tələbələr üçün ənənəvi Oriyentasiya Günü təşkil olunub.

 

Universitetin memarlıq və inşaat, iqtisadiyyat və idarəetmə fakültələrinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə erməni təxribatı nəticəsində şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifov, iqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Mayis Əzizov, dekan müavinləri və fakültələrin digər əməkdaşları çıxış ediblər. Tələbələrə universitet həyatı, universitetdaxili zəruri, istiqamətləndirici məlumatlar və prosedurlar izah edilib, eyni zamanda tədris ilində fəaliyyətlərinin düzgün, səmərəli, mümkün qədər effektiv qurulması üçün zəruri informasiyalar verilib. Gənclərin inkişafında tələbə təşkilatlarının mühüm rol oynaması önə çəkilərək, BMU-nun Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar İttifaqı Komitəsi, həmçinin tələbə klubları, dərnəklərin fəaliyyətindən söz açılıb.

 

Ayrı-ayrı təqdimatlar zamanı I kurs tələbələrinə BMU-nun elektron sistemləri, o cümlədən Tələbə Məlumat Sistemi (TMS) haqda geniş informasiya çatdırılıb, bu sistemlərin iş prinsipi əyani olaraq nümayiş etdirilib.

 

Çıxışlarda tələbələrin hüquqları, universitetdaxili nizam-intizam qaydaları da nəzərə çatdırılıb, bu qaydalara ciddi riayət olunması tövsiyə edilib.

 

Kifayət qədər zəngin məlumat və məsləhətlərin yer aldığı görüşlərin sonunda tələbələrə yeni dərs ilində uğurlar arzulanıb.

 

 



15.09.2022 | 17:36