“Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa”

Sentyabrın 12-də Samux şəhər 3 nömrəli tam orta məktəbində 21 sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunan “Qoy həmişə sülh olsun!” mövzusunda “dəyirmi masa” keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Samux rayonu üzrə nümayəndəsinin təşəbbüsü ilə rayon təhsil şöbəsi tərəfindən təşkil olunan tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Nuridə Həsənova Beynəlxalq Sülh Günü barədə görüş iştirakçılarını məlumatlandırıb. Bildirib ki, Azərbaycan ilə Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 24 il keçir. Ermənistan isə hələ də BMT Təhlükəsizlik Şurasının münaqişənin tezliklə, sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında 1993-cü ildə qəbul etdiyi dörd qətnaməyə etinasız yanaşır və ermənilər tərəfindən atəşkəsin mütəmadi pozulması halları baş verir. Bu gün qüdrətli və güclü orduya malik Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev münaqişənin sülh yolu ilə həlli istiqamətində əməli işlər görür.

 

Çıxışlarda təhsil şöbəsinin əməkdaşları və pedaqoji işçilər Azərbaycanın dünyada sülhpərvər ölkə kimi tanındığını faktlarla diqqətə çatdırıblar.

 

Tədbirin sonunda şagirdlərin hazırladıqları bədii kompozisiya  iştirakçılarda xoş ovqat yaradıb.

 

Sifai SƏFƏROVA



13.09.2018 | 14:31