Böyük psixoloq, həmişəyaşar Əbdül müəllim | |
“Sən mənim kiçik qardaşımsan!” Bu, Əbdül müəllimin sözləridir. Həmin sözləri haradasa 35 il əvvəl demişdi. Mənə müraciət edərək, mənə ünvanlayaraq demişdi. O, məni öz kiçik qardaşı adlandırmışdı.
Bu, təsadüfi deyildi. İndi mən neçə-neçə dərsliyin, dərs vəsaitinin müəllifiyəm. Ümumtəhsil, ali və orta ixtisas məktəbləri və xüsusi məktəblər üçün dərsliklər yazmışam. Amma ilk dərsliyi görkəmli psixoloq, professor Əbdül Əli oğlu Əlizadə ilə birgə işləmişəm. İlk tədris proqramını da, ilk dərs vəsaitlərini də.
Professorun dərslik yazmaq sahəsində böyük təcrübəsi olduğundan ondan çox şey öyrənmişəm. Dərslik, proqram və dərs vəsaitlərinin tərtibi prinsiplərini də, birgə dərslik yazmaq təcrübəsini də.
Əbdül Əli oğlu Əlizadə 16 avqust 1932-ci ildə Şuşanın Malıbəyli kəndində anadan olmuş, 22 fevral 2015-ci ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Əbdül müəllim adlı-sanlı, şanlı-şöhrətli Qarabağ bəyləri nəslindən idi. Babası Səlim bəy Şuşada və Malıbəyli kəndində böyük hörmət və nüfuza malik idi.
Ötən əsrin 80-ci illəri idi. 1985-ci ildə ümumtəhsil məktəblərinin tədris planlarına “Ailə həyatının etika və psixologiyası” fənni daxil edilmişdi. Fəqət fənnin nə proqramı, nə də dərsliyi vardı. Maarif Nazirliyinin tapşırığına əsasən, biz ikimiz ilk növbədə fənn üzrə tədris proqramını hazırladıq. Lakin tək proqramla iş bitmirdi. Müəllimə də, şagirdlərə də dərslik lazım idi. Onu yazmaq üçün isə vaxt tələb olunurdu. Biz dərsliyi işləyə-işləyə fənnin məzmununu özündə birləşdirən metodik tövsiyələr, qəzet və jurnal məqalələri yazır, çap etdirirdik.
“Ailə” dərsliyi 1986-cı ildə işıq üzü gördü. O, nəşr olunana qədər biz birlikdə “Ailə həyatının etika və psixologiyası kursunun tədrisinə dair” (birinci və ikinci hissələr), “Ailə həyatının etika və psixologiyası kursu üzrə tapşırıqlar sistemi”, “Ailə həyatının etika və psixologiyası kursunun tədrisinin ümumi məsələləri” adlı kitablar yazdıq. Sonradan “Ailə” dərsliyinin ardınca “Ailə həyatının etika və psixologiyası” (müəllim üçün metodik vəsait) və “Ailə həyatının etika və psixologiyası üzrə müntəxəbat” (şagirdlər üçün oxu materialları) adlı dərs vəsaitləri şagirdlərin istifadəsinə verildi.
“Ailə” dərsliyi 1989-cu ildə təkrar nəşr olundu, 1991-ci ildə isə, onun rus dilinə tərcümə edilmiş variantı - “Semya” ərsəyə gəldi. Təlim rus dilində olan siniflərin şagirdləri də dərsliklə təmin olundular. Beləliklə, “Ailə” dərsliyi və fənn üzrə dərs vəsaitlərinin birlikdə tirajı yarım milyona yaxınlaşdı.
O zamanlar biz doğma qardaşlar kimi gecəni gündüzə qatıb işləyir, “Azərbaycan məktəbi”, “Azərbaycan kommunisti”, “Gənc fəhlə” jurnallarından, “Azərbaycan müəllimi”, “Azərbaycan gəncləri” və başqa qəzetlərdən aldığımız sifarişlər əsasında “Ailə həyatının etika və psixologiyası” fənninin tədrisinin aktual məsələlərinə aid silsilə məqalələr yazırdıq.
Mənim hələ elmi dərəcəm yox idi. Əbdül müəllim isə elmlər doktoru, professor idi. Belə bir dərsliyin müəllifi olmaq bir çox pedaqoq alimlərin arzusu idi. Hətta arada Əbdül müəllimə eşitdirirdilər ki, nə əcəb özünə uyğun (yəni elmi dərəcəsi, elmi adı olan) bir həmmüəllif seçməmisən.
Professor onların sözlərinə təbəssümlə cavab verir, xətirlərinə dəyməsə də, öz-özünə düşünürdü ki, hər halda seçimi düzdür. Buna görə o vaxtlar olduğu kimi, bu gün də Əbdül müəllimə, eyni zamanda professor Zahid Qaralova minnətdaram.
Rəhmətlik Zahid müəllimin təklifi və təkidi ilə “Ailə” dərsliyinin müəllifləri müəyyən olunmuşdu. O zamanlar Zahid müəllim maarif nazirinin müavini idi.
Əbdül müəllimin böyüklüyü həm də ondan ibarət idi ki, mənim yazdığım hissələri alıb gözdən keçirməklə yanaşı, öz hissəsini də mənə verirdi ki, mən də öz fikrimi bildirim, redaktə işləri aparım.
Fəqət mən də ona layiq həmmüəllif olmağa çalışırdım. Diqqətli idim, hər sözümə, hər cümləmə fikir verirdim. Dərslikdəki mənə həvalə olunmuş mövzuları yüksək səviyyədə işləməyə çalışırdım. Biz birlikdə dərsliyin mövzularını müəyyənləşdirmiş və öz aramızda bölmüşdük. Fənnin adı “Ailə həyatının etika və psixologiyası” idi. Əbdül müəllim əsasən ailə həyatının psixologiyası, mən isə daha çox ailə həyatının etikası məsələlərini işləyirdim.
Gözdən keçirmək üçün materialları bir-birimizə verəndə professor mənim yazılarıma əlavələr edir, redaktə işləri aparır, mən də bütün etik qaydaları gözləməklə, onunla məsləhətləşərək onun yazdıqlarında müəyyən redaktələr və əlavələr edirdim. Məhz belə işgüzar əməkdaşlıq, mehribanlıq, səmimilik şəraitində “Ailə” dərsliyi meydana gəldi və bizim əməyimiz yüksək qiymətləndirildi.
Belə xoş günlərin birində professor Əbdül Əlizadə mənə müraciətlə “Sən mənim kiçik qardaşımsan!” dedi. Bu sözləri ilə o, sanki mənə qol-qanad verdi, elmin enişli-yoxuşlu yollarında inamla addımlamağıma səbəb oldu.
İnstituta elmi işçi kimi fəaliyyətə başlayana qədər mən redaksiyada işləmişdim. Müxtəlif qəzetlərdə çoxsaylı məqalələrim, reportaj, müsahibələrim, resenziyalarım, felyetonlarım, hekayələrim, rus və ingilis dillərindən bədii tərcümələrim çap olunmuşdu. “Ailə” dərsliyi yazılana qədər də öz kitabım və şərikli kitabım nəşr olunmuş, respublika radiosunda hekayələrim və rus dilindən tərcümə etdiyim bir neçə pyes səslənmişdi. “Ailə” dərsliyi və fənn üzrə dərs vəsaitləri bir-birinin ardınca nəşr olunanda jurnalist yoldaşlarımdan biri söhbət əsnasında mənə dedi: “Yəqin o kitabları, dərslikləri sən yazırsan, professorun adını da əlavə edirsən”.
Həmin yoldaş mənim qələmimə bələd olduğu üçün belə deyirdi. Həm də “Ailə” dərsliyinin dili elmi olmaqla yanaşı, həm də son dərəcə aydın və oxunaqlı, obrazlı ifadələrlə zəngin idi, bədii çalarlı idi. Jurnalist dostum həm də mənə mesaj göndərir, üzümə vurmasa da, demək istəyirdi ki, yəqin müdafiə ərəfəsində olduğun üçün, öz işinin xatirinə dərsliyə bir başqasının, nüfuzlu professorun adını da yazırsan ki, işlərin qaydasında getsin”.
O, professor Əbdül Əlizadəni yaxşı tanımırdı. Həmin şəxs Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdi, rayon qəzetinin müxbiri idi. Ona cavabım belə oldu: “Adam tanımadığı şəxs barədə mühakimə yürütməz. Əbdül müəllim elmli, təfəkkürlü şəxsdir. Çox gözəl də qələmi var. O da mətbuatda çalışıb, bədii, obrazlı təfəkkürə malikdir. Dərsliyin elə oxunaqlı və uğurlu, bədii təfəkkür süzgəcindən keçərək cilalanmış hissələri var ki, yəqin sən onları nəzərdə tutursan. Fikirləşirsən ki, belə hissələri, görünür, mən işləmişəm. Fəqət onların bir çoxu məhz Əbdül Əlizadənin qələminin məhsullarıdır. Dərsliyi dədə malı kimi iki yerə bölmüşük. Hərə öz hissəsini işləyib. Həm də Əbdül müəllim halal adamdır, ömründə başqasının əməyinə, məhsuluna göz dikməyib və dikməz. Buna onun ehtiyacı da yoxdur. Əbdül müəllimin son dərəcə güclü bədii təfəkkürü var. İnsanın əlindən tutub onu xoşbəxt ailə həyatına, uğurlu nikaha, düzgün qurulmuş ailə münasibətlərinə aparan fikirlərin, mənalı cümlələrin bir çoxu onundur”.
Mən dərslikdəki aşağıdakı sətirlərlə onu tanış etdim: “Evə elçi gələndə, qız gəlin köçəndə hamıdan çox kim sevinir?! Ana və ata! Bu anda onların gözlərinə baxsanız, özlərini necə xoşbəxt hiss etdiklərini aydın duyarsınız. Lakin ata-ana sevinci də qəribə hissdir. Ömrün toylu-bayramlı günlərində bu sevinc nə isə bir narahatçılıqla müşayiət olunur. Qız gəlin köçəndə anaların gözlərinin yaşardığını, ataların uşaq kimi kövrəldiyini hansımız görməyib?!”
Bax, bu cümlələr professor Əbdül Əlizadənindir! Özü də “Ailə” dərsliyi bu cümlələrlə başlayır.
“Vağzalı” çalınanda analar, həmişə hövsələli, təmkinli olan analar niyə ağlayırlar? Suala çoxlu cavablar vermək olar. İnsanlar çoxdan kəşf ediblər ki, onların ən zərif, kövrək hissləri övladla bağlıdır. Məgər biz atalar və analar övlad üçün yaşamırıq? Oğulsuz, qızsız ana ömrünün, ata həyatının mənası varmı?! Yoxdur, heç vaxt olmamışdır və olmayacaqdır. Ailə himni uşaq qığıltısından başlayır. Ata və ana öz xoşbəxtliyini övlad xoşbəxtliyi ilə ölçür, qiymətləndirir”.
Bu sətirlər də, professora məxsusdur, əziz dost!
Jurnalist dostum professor Əbdül Əlizadə dünyası ilə, onun əsərləri ilə yaxından tanış olduqdan sonra, yanıldığını başa düşüb üzrxahlıq etdi.
1985-1991-ci illərdə Əbdül müəllimlə mənim bir dərsliyimiz, bir neçə dərs vəsaitimiz, bir neçə kitabçamız, bir çox məqalələrimiz işıq üzü gördü. 1991-ci ildə (hansı ay və gün olduğunu unutmuşam) “Maarif” nəşriyyatına getmişdik. Nəşriyyatın baş redaktoru bizi səmimi qarşıladı. Əyləşmək üçün yer göstərdi. Çay gətirtdi. Sonra “Semya” dərsliyinin siqnal variantını professora uzatdı. Az sonra xudahafizləşib çıxdıq.
Həmin ildən çox-çox illər keçib. Heç yadımdan çıxmayıb. “Ailə” dərsliyinin rus dilində çıxması münasibətilə bir daha Əbdül müəllimi təbrik edəndə, o, gözlərində sevinc, dodaqlarında təbəssüm mənə müraciətlə dedi: - Akif, sən mənim tərcümeyi-halıma düşmüsən.
Bu sözlərin mənasını başa düşdüm. O nəyi nəzərdə tuturdu? Bu, şəksiz aydın idi. O hər dəfə əsərlərinin siyahısını tutanda, onların bəzilərinin qarşısında istər-istəməz, “Akif Abbasovla şərikli” sözlərini yazmalı olurdu. Mən də öz növbəmdə: - Siz də mənim tərcümeyi-halıma düşmüsünüz, Əbdül müəllim! - dedim.
Ötən əsrin 80-ci illərinin əvvəllərində cinsi fərqlərin psixologiyası cinsi tərbiyə problemlərindən biri kimi diqqət mərkəzinə gətirilmişdi. Bu problem üzrə səmərəli tədqiqatlar aparan Əbdül müəllim keçmiş ittifaqda cinsi fərqlər və cinsi tərbiyə sahəsində məşhurlaşdı.
Azərbaycanda psixologiya elminin inkişafında professor Əbdül Əli oğlu Əlizadənin əvəzsiz xidmətləri olub. Elmi rəhbərliyi, elmi məsləhətçiliyi və rəsmi opponentliyi ilə çoxsaylı psixoloqlar yetişib. Psixologiya elmləri doktoru Ramiz Əliyevi, fəlsəfə doktoru Limunət Əmrahlını və b. nümunə göstərmək mümkündür.
Ramiz Əliyev hazırda öz elmi rəhbərinin, müəlliminin uzun illər rəhbərlik etdiyi Ümumi psixologiya kafedrasının müdiridir.
2003-2005-ci illərdə dostumuz, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyevin təşəbbüsü ilə mən Bakı Dövlət Universitetində fəaliyyət göstərən psixologiya üzrə dissertasiya şurasının elmi katibi oldum. Əbdül müəllim də həmin dissertasiya şurasının sədr müavini idi. Burada birgə fəaliyyət göstərərək, gənc tədqiqatçıların yetişməsinə kömək edirdik.
Əbdül müəllim özü Ə.K.Zəkuyevin elmi rəhbərliyi ilə “Şagirdlərin yaradıcı təxəyyül fəaliyyətində analiz və sintez proseslərinin xüsusiyyətləri” mövzusunda namizədlik dissertasiyası; 1975-ci ildə isə “Cinsi deformizm və şəxsi qarşılıqlı münasibətlərin formalaşmasının psixoloji problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdi. Doktorluq dissertasiyası son dərəcə mühüm hadisə kimi qarşılandı.
Professor Ə.Əlizadə uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində ümumi psixologiya kafedrasının müdiri vəzifəsində çalışıb (ömrünün sonuna kimi). Maraqlı, məzmunlu mühazirələri tələbələrə psixologiya elminin sirlərinə yiyələnməkdə çox kömək edib. Onun kimi alimlər, mütəxəssislər az-az yetişir. Bir şəxsiyyət, insan kimi isə nümunə, örnək olub.
Professor Əbdül Əlizadə şərəflə, ləyaqətlə yaşadı, fəaliyyət göstərdi. Həyatda özünəməxsus iz qoydu, tələbələrinin, müəllim həmkarlarının, qohum-əqrəbanın, ailə üzvlərinin qəlbində özünün əbədi heykəlini ucaltdı.
40 ilə yaxındır ki, professor Əkbər Bayramovla birgə yazdığı “Psixologiya” dərsliyi ali məktəblərdə, kolleclərdə tədris olunur. Professor “İlk addımlar”, “Ailə”, “Sosial psixologiya”, “Pedaqoji psixologiya” dərsliklərinin müəllifidir. “Uşaqlarda diqqətin tərbiyəsi”, “Uşaqlarda kollektivçilik hisslərinin tərbiyəsi”, “Yoldaşlıq və dostluq tərbiyəsi”, “Şagirdlərdə təxəyyülün inkişafı və tərbiyəsi”, “Ailədə uşaqların cinsi tərbiyəsi”, “Şagirdlərin yaradıcılıq fəaliyyətinin psixologiyası”, “Məhəbbət aləmində”, “Uşaq və yeniyetmələrin cinsi tərbiyəsi”, “Nizaminin psixoloji görüşləri”, “Xəmsə”də yaş və pedaqoji psixologiya məsələləri”, “Yeni pedaqoji təfəkkür”, “İstedadlı uşaqlar: psixoloji məsələlər”, “İdrak prosesi və hisslər”, “Təxəyyül: psixoloji etüdlər” kimi kitabların müəllifidir.
Son dövrlər “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”, “Əsrin meqameyilləri” (1-ci və 2-ci kitablar), “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş”, “Qadın psixologiyası” kitab və monoqrafiyalarını nəşr etdirib.
Professor Hikmət Əlizadə və psixologiya üzrə fəlsəfə doktoru Səbinə Əlizadə ilə birlikdə qələmə aldığı “Psixopedaqogika” dərs vəsaiti və “Qadın psixologiyası” adlı fəlsəfi-psixoloji esselər Əbdül Əlizadənin haqq dünyasına qovuşmasından sonra nəşr olunub. Hər ikisi son dərəcə qiymətli əsərlərdir. Respublikamızda bu adlarda ilk dəfədir ki, qələm məhsulları işıq üzü görür. “Qadın psixologiyası” fəlsəfi-psixoloji esselərində çox önəmli məsələlər öz ifadəsini tapmışdır.
“Psixopedaqogika” yeni fənn olaraq ali təhsil müəssisələrinin tədris planlarına daxil edilmişdir. Müəlliflər duyulan ehtiyacı nəzərə alaraq, ilk növbədə “Yeni pedaqoji təfəkkür: psixopedaqogikaya giriş” (2008), daha sonra “Psixopedaqogika” dərs vəsaitini (2019) tələbələrin və müəllimlərin istifadəsinə vermişlər. Dərs vəsaitində “Dünənin psixopedaqoji həqiqətləri”, “İnkişafın təfəkkür zirvəsi”, “İnkişaf konsepsiyasında təxəyyül paradoksları”, “İntellektin psixopedaqoji problemlərinə dair”, “Tərbiyə konsepsiyası: tərbiyə psixologiyasına giriş” fəsilləri özünə yer almışdır.
Ayrı-ayrı fəsillərdə daha çox diqqəti cəlb edən məsələlər (mövzular) bunlardır: ənənəvi təlim haqqında düşüncələr; Y.A.Komenskinin maarifçilik konsepsiyası; müasir dərs və ya dərs iki meyarın qovşağında; müasir təhsil sisteminin koordinatı: inkişaf; tənqidi təfəkkür yaradıcı təfəkkürün əsasıdır; hafizə probleminə yeni baxış: koqnitiv psixologiya; intellektin tekstologiyası məsələsinə dair; təfəkkür və ağlın keyfiyyətləri; intellekt yaradıcılıq müstəvisində; azərbaycançılıq fəlsəfəsi tərbiyə psixologiyasının metodoloji əsası kimi; şəxsiyyətyönlü təlim konsepsiyasının nəzəri-metodoloji məsələləri; “Mən”in şəxsiyyət paradoksları; müəllim-şagird münasibətlərinin psixoloji effektləri və s.
Professor Əbdül Əlizadənin bəzi elmi qənaətləri
* Əyanilik prinsipini uzun müddət pedaqogikada “qızıl qayda” sayıblar. Bu gün isə əyanilik prinsipi yeni pedaqoji təfəkkür ölçüləri ilə qiymətləndirilir. Əyanilik prinsipinin “kəşf”i vaxtilə pedaqoji fikrin böyük uğurlarından biri olub. Əyanilik prinsipi eksperimental yolla deyil, empirik yolla tapılmışdı və öz qaynaqları ilə klassik sensualizmlə bağlı idi. İnsanlar öz güzəran təcrübəsində qulaqdan daha çox gözlərinə, eşitdiklərindən daha çox gördüklərinə inanırdılar. Müəllimlər də öz təcrübələrində bu həqiqətə söykənirdilər. Nə qədər ki, məktəb savadsızlıqla mübarizə aparırdı, əyanilik prinsipinin effektləri də şəksiz idi. Elə ki, məktəb elmi-texniki tərəqqi problemlərilə rastlaşdı, onillik təhsil problemləri meydana çıxdı, tədris planları və proqramları yeniləndi, elmin uğurlarını daha geniş əks etdirən qalın dərsliklər meydana çıxdı, əyanilik prinsipinin tətbiqində də çətinliklər əmələ gəldi. * Təlimdə geridəqalma illər boyu məktəbin ağrılı-acılı problemi olub. Onu hətta məktəbin xroniki xəstəliyi sayıblar. Bu vahiməli şagird xəstəliyinin odunda-alovunda kim bilir nə qədər istedadlı uşaq “məhv” olub. “İki” ilə oxuyan, güc-bəla “3” alan şagirdin müəllimlərin gözündə imici də, reytinqi də, statusu da aşağı düşüb. Bu şagirdlər təkcə pis oxuduqları üçün müəllimin başını ağrıtmayıblar, həm də sinifdə intizamsızlıq ediblər. Ənənəvi didaktik sistem ən yaxşı halda bu xəstəliyin müəyyən simptomlarını ayırd edib, lakin mahiyyətini açıqlaya bilmədiyi üçün onu səmərəli yollarla müalicə edə bilməyib.
Professor Əbdül Əlizadə ilə başlanan dostluğu həm də Hikmət müəllimlə davam etdirdim. 30 ildən artıqdır ki, dost münasibətindəyik. Bir-birimizə “əmi oğlu” deyirik. 1996-cı ildə Hikmət Əlizadə doktorluq dissertasiyası müdafiə edəndə mən onun rəsmi opponenti oldum. Bir-birimizin dissertant və doktorantlarımıza da rəsmi opponentlik edir, onların müzakirə və müdafiələrində iştirak edirik.
Əbdül müəllim bir dəfə oğlu Hikmətlə mənim əlimi birləşdirib, bizə tapşırırdı: “Bir-birinizdən muğayat olun. Birlikdə kitablar, dərsliklər, məqalələr yazın”. 2000-ci ildə dostum Hikmət Əlizadə ilə mənim ali məktəblər üçün “Pedaqogika” dərsliyimiz nəşr olundu.
Əbdül müəllimin ailəsi alimlər ailəsidir. Özü psixologiya üzrə elmlər doktoru, professor, Əməkdar elm xadimi, Prezidentin fərdi təqaüdçüsü idi. İttifaqa daxil olduğumuz illərdə Qırmızı Əmək Bayrağı ordeni, müstəqillik dövründə isə “Şöhrət” ordeni ilə təltif edilmişdi.
Əbdül müəllimin bacısı Məryəm Əlizadə sənətşünaslıq elmləri doktoru, professordur. Əməkdar incəsənət xadimidir. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində çalışır. Əbdül müəllimin oğlu Hikmət Əlizadə pedaqogika elmləri doktoru, Bakı Dövlət Universitetinin professorudur. Uzun illər universitetin sosial elmlər və psixologiya fakültəsinin dekanı vəzifəsində çalışıb. Əbdül müəllimin nəvəsi, Hikmət müəllimin qızı Səbinə psixologiya üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə dissertasiya üzərində işləyir.
Daha bir məlumatı diqqətə çatdırmaq istərdim. Professorun digər nəvəsi Safura Əlizadə nəinki respublikamızda, hətta ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır. Safura 2010-cu ildə Norveçin paytaxtı Oslo şəhərində keçirilən “Evrovision” beynəlxalq mahnı festivalında ölkəmizi təmsil edərək gözəl ifasına görə beşinci yeri tutub.
Professor Əbdül Əlizadə mənim həyatımda dərin iz buraxıb. Biz onu öz sözü, öz elmi fikri olan bir alim və ən nəcib keyfiyyətləri özündə cəmləşdirən bir insan kimi nümunə göstərmişik, ondan nümunə götürmüşük, öyrənmişik. Çoxları bu böyük şəxsiyyətə bənzəmək istəyib.
Yaşasaydı Əbdül müəllimin 90 yaşı olacaqdı. Lakin rəhmətlik Səməd Vurğun demişkən, “Ölüm sevinməsin qoy!”. Professor Əbdül Əli oğlu Əlizadə həmişəyaşar şəxsiyyətdir. Allah rəhmət eləsin, ruhu şad olsun!!!
Akif ABBASOV, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi, pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim
|
|
09.09.2022 | 15:24 | |
|
|
|