“Təhsilin keyfiyyəti müəllimlərin keyfiyyətindən üstün ola bilməz” | |
“Yeni çağırışlar” onlayn müzakirə proqramının budəfəki qonağı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer olub. Belə ki, Elm və Təhsil Nazirliyinin dəstəyi və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramının 6 sentyabr 2022-ci il tarixində yayımlanan bölümündə PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer ilə təhsildə dünya standartları barədə danışılıb.
“T-Network”ün rəhbəri, təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında davam edən proqram Elm və Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən Mətin Axundlunun tərcüməsilə Azərbaycan dilində canlı yayımlanıb.
Alimlər kimi düşünmək
Aparıcı Cəfər Mənsimi Andreas Şleyxeri bu yaxında Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilən dünya şöhrətli “Dünya standartları: XXI əsrin məktəbini necə qurmalı” kitabının üz qabığı fonunda salamlayıb və izləyicilərə təqdim edib. Bildirilib ki, Andreas Şleyxer İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısıdır.
C.Mənsiminin ünvanladığı “Həyat məktəbinə necə hazırlaşmısınız?” sualına cavabında qonaq qeyd edib ki, məktəb özü-özlüyündə onun həyatında özünü və digərlərini dərk etməkdə, yola getməkdə, dostluq, əməkdaşlıq etməkdə böyük rol oynayıb. Həmin vaxtlarda eyni zamanda musiqi ilə məşğul olduğunu, gənclər musiqi orkestrində iştirak etdiyini yada salan Şleyxer bu məqamın onun nizam-intizamlı, kollektivçi olmağında mühüm rol oynadığını, həyatın onu müəyyən yollarla tərbiyə etdiyini diqqətə çatdırıb.
Təhsildə təbliğ etdiyi əsas ideya haqqında danışarkən A.Şleyxer şagird və tələbələrdə sosial, emosional, koqnitiv fikir və bacarıqları inkişaf etdirməyə ehtiyac duyulduğunu qeyd edib və bunu zamanımızın çağırışı adlandırıb. Artıq hər şeyi bilməyin kifayət etmədiyini bildirən qonaq qeyri-müəyyən, alışmadığımız vəziyyətlərdə sahib olduğumuz biliklərdən düzgün istifadə etmək, nəticə çıxartmağın vacibliyindən danışıb. Elmləri çox sevdiyini söyləyən PISA yaradıcısı bununla yanaşı elm sahəsində, xüsusilə təhsil istiqamətində ciddi dəyişikliklər etməyin zamanı olduğunu deyib: “Biz alimlər kimi düşünməyi bacarmalıyıq, artıq elmi faktları bilməklə kifayətlənmək yetməz. Fizik, kimyaçı kimi düşünmək, elmi suallar verib araşdırmalar aparmaq lazımdır. Tək tarixi faktları bilmək kifayət etmir, tarixçi kimi düşünməyi, keçmiş hadisələri təhlil edərək bugünkü günlə müqayisə etməyi bacarmalıyıq. Riyaziyyatçı kimi fikirləşib, hətta riyaziyyatdan lazım gəldikdə gündəlik qarşılaşdığımız problemlərin (COVID-19 və digər) həllində istifadə etmək gərəkdir. Alim kimi düşünmək və bu düşüncəni tələbələrə aşılamaq olduqca önəmlidir”.
Həyat məktəbi və məktəb həyatı
Həyat məktəbinin məktəb həyatı ilə vəhdət təşkil etdiyini vurğulayan Andreas Şleyxer məktəb qapılarının dünyaya açılmasının, məktəblə cəmiyyətin inteqrasiyasını təmin etməyin, gündəlik həyatla məktəb həyatı arasında sıx əlaqə yaradılmasının vacibliyindən danışıb. O bildirib ki, təhsil və gerçək həyat kazusları arasında əlaqə olmalı, həyat əsaslı eksperiment və təcrübələr, araşdırmalar aparılmalıdır. Təhsil elə qurulmalıdır ki, mövcud tendensiyaları özündə əks etdirsin. İstər sosial, vətəndaş, texnologiya və digər aktual sahələrlə əlaqəli olan peşələr seçilməlidir. Eyni zamanda, qonaq onu da qeyd edib ki, məktəbin ətraf dünya ilə çox sıx əlaqədə olduğunu öyrədən tədris metodunu artıq aşağı siniflərdən tətbiq etmək, azyaşlı uşaqlarda gələcək peşə seçimi anlayışı formalaşdırmaq lazımdır.
Bir sıra mütəxəssislərin şagirdlərin özlərini məktəblərdə xoşbəxt hiss etməmələri, sıxılmaları ilə bağlı fikirlərinə toxunan A.Şleyxer bu problemi aradan qaldırmaq üçün təhsil prosesini daha inteqrasiyalı, gerçək həyatla əlaqəli, layihə əsaslı etməyi təklif edib, şagirdlərin məktəbdə saatlarla müxtəlif təcrübələr, layihələr üzərində işləyərək zəngi belə eşitməməli olduqlarını vurğulayıb.
Təhsil tədqiqatçısı bildirib ki, məktəb qarşısında duran əsas çağırışlardan biri də müxtəlif fənləri, elmləri şagirdlər üçün daha maraqlı, real etmək və sadə dillə başa salmaqdan ibarətdir. Öyrənmə prosesinin daha kompleksli və mütəşəkkil olması, maraqlı keçməsi üçün müxtəlif fənlər arasında əlaqə qurulması çox vacibdir.
Güclü müəllim - keyfiyyətli təhsil
PISA təcrübəsinə əsaslanaraq Andreas Şleyxer davamlı olaraq təhsil və tədris prosesində dəyər yaratmağa davam etməyin önəmliliyini vurğulayıb: “Mütləq olan cəhətlərdən biri adi uşaqlarda qeyri-adi bacarıqların aşkarlanması, hər bir uşaq üçün əlverişli imkanların yaradılmasıdır. İmtiyazsız ailələrdə böyüyən uşaqların imkanları məhdud kimi görülməməlidir, onların bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsində məktəbin rolu müstəsnadır. Uşaqların zehni güclü, koqnitiv mexanizmlərini tapıb onları inkişaf etdirmək olduqca vacibdir. Təhsilin keyfiyyəti müəllimlərin keyfiyyətindən üstün ola bilməz. Pedaqoqların, təhsilverənlərin bilik keyfiyyətləri aşağıdırsa, siz məktəblərdən yüksək nəticə gözləyə bilməzsiniz. Sinqapur, Çin, Koreya kimi ölkələrdə yaxşı müəllim karyerası qurmaq istəyən şəxslər ucqar yerlərdə, şagird və müəllim sayı çox olan, çətin məktəblərdə təkmilləşirlər. Həmin ölkələrdə izdihamlı, uzaq məktəblərə ən yaxşı müəllimlər göndərilir, bu da müəllimlərin formalaşmasına səbəb olur. Müəllimlərin yaradıcılığından, bacarığından çox şey asılıdır”. Təhsil tədqiqatçısının fikrincə, müəllimlərin universitet təhsili olduqca önəmlidir. Digər tərəfdən, universitet təhsili ilə müəllimlərin peşəkar inkişafı bitə bilməz. Müəllimlərin təhsili ilə bağlı yanaşmadan sonra onların pedaqogika, psixologiya sahələrinə yiyələnməsi, öyrənənlərin ehtiyaclarının müəyyən edilməsi və fərqləndirilməsi ilə bağlı məlumatlandırılması, müəllimlərin bir təlimçi, mentor kimi dizayn edilməsi, mütəmadi olaraq təkmilləşdirilməsi çox vacibdir. Müəllimlərin peşələrini inkişaf etdirməsi, digər həmkarlarının dərslərini izləməsi, bir-birlərinə kömək etməsi, kollegial mühitin formalaşdırılması, iş birliyi qurulması üçün onlara münbit şərait yaradılmalıdır. Müəllimlər müxtəlif qeyri-müəyyən şəraitə uyğunlaşmağa hazır olmalıdırlar.
Təhsildə miflər
Andreas Şleyxer təhsil sahəsində mövcud olan çoxsaylı miflərdən danışaraq onların təhsilə olan baxışlarını yayındırmağa yönəldiyini deyib. Belə bir miflərdən birinin “kiçik siniflər daha yaxşıdır” fikrinin olduğunu nümunə gətirən riyaziyyatçı alim təhsilin inkişaf etdiyi bir çox ölkələrdə bunun əksinin şahidi olduğumuzu söyləyib. Bu cür miflərə fikir verməkdənsə müəllimlərin inkişafına, onların iş mühitində münbit şəraitin yaradılmasına diqqət göstərməyə çağırıb. Digər bir mif imtiyazsız və mühacir şagird və tələbələrin daha ləng öyrəndiyinin iddia edilməsidir. Qonaq dünyada bunun əksini sübut edən bir çox faktların və təcrübələrin olduğunu vurğulayıb. Məktəblilər arasında differensasiya aparılması fikrinin də mif olduğunu qeyd edən A.Şleyxer şagirdlərin müəyyən fənlərə meyilli olmasını əsas götürərək onların müxtəlif qruplara, siniflərə bölünməsinin əleyhinə olduğunu bildirib, bu cür halların digər şagirdlərdə ruh düşgünlüyünə gətirib çıxardığına və ayrı-seçkilik kimi qəbul edilməsinə səbəb olduğunu iddia edib. Qonağın fikrincə, ən yaxşı təhsil sistemi odur ki, orada həm müəllimlər, həm şagirdlər üçün əlverişli şərait yaradılsın, şagirdlər və müəllimlər arasında “kollaborasiya” deyilən iş birliyi qurulsun, birgə işləmək, birgə oxumaq bacarıqları formalaşdırılsın. Təhsil prosesi birbaşa əmək bazarı ilə əlaqələndirilməli, yeni texnologiyalara, problemlərin həllinə yönəlməlidir, məktəblərə yüksək səviyyədə təkmilləşmiş müəllimlər göndərilməlidir.
Uğurlu məktəb modeli
Aparıcının “Ölkəmizin təhsil sistemi ilə əlaqədar müşahidəniz necədir? Azərbaycanın təhsil sisteminin inkişafı yönümündə bizə hansı məsləhətləriniz vardır?” sualına cavab olaraq PISA proqramının yaradıcısı onu qeyd edib ki, Azərbaycanın PISA nəticəsi getdikcə yaxşılaşır, ölkənin təhsil sistemində ciddi islahatlar aparılır və bu islahatlar yaxın gələcəkdə öz bəhrəsini verəcək.
O, həmçinin bildirib ki, PISA nəticələrinə əsasən Bakının mərkəzi ilə kənar məktəblər arasında tədrisin keyfiyyəti cəhətdən böyük fərq yoxdur.
Azərbaycanlı şagirdlərin məlumatı yadda saxlamaqda bacarıqlı olduqlarını bildirən A.Şleyxer şagirdlərimizin məlumatı emal etmək və müxtəlif situasiyalarda tətbiq etmək bacarıqlarının inkişafına ehtiyac olduğunu vurğulayıb, şagirdlərimizin riyaziyyatda çox yaxşı olduğunu xüsusi qeyd edib.
Gələcəyin müəllimi və məktəb modelini nəzərə alaraq necə bir məktəb qurması və həmin məktəbin digərlərindən nə ilə fərqlənməsi mövzusunda danışarkən Andreas Şleyxer söyləyib ki, şagirdlərin daha çox fəaliyyətdə olduğu, interaktiv bir məktəb inşa edərdi. Quracağı məktəbdə müəllimlər və şagirdlər təcrübə əsaslı təhsilə cəlb olunar, məktəb və ətraf dünya ilə sıx əlaqə yaradardılar, təhsil ocağına daha çox məsuliyyət və hüquqlar verilərdi, məktəb öz ehtiyaclarını müəyyən edər və ehtiyaclarına uyğun fərdi şəkildə öyrənmə aşılayar, dinamik bir mühit təşkil olunardı.Şagirdlərdə sosial və emosional bacarıqlar, kollektivçilik, kommunikasiya bacarıqları formalaşdırılar, müxtəlif problemlərin həlli üçün hazırlıqlı məzunlar yetişdirilərdi.
8 guşəli yeni çağırışlar
Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?” sualının cavabında təhsil tədqiqatçısı aşağıdakı çağırışları qeyd edib: “1.Çalışmalıyıq ki, təhsilimiz keçmiş nəticələrə, məqsədlərə əsaslanmasın. Keçmiş təcrübəni kənara qoyub gələcəyə köklənməliyik. Təhsilin məqsədi gələcəklə bağlı olmalıdır; 2.Bütün şagirdlərin təhsil imkanlarından istifadəsini, təhsilin maksimum inklüzivliyini təmin etməliyik, bütün şagirdlərin potensialından faydalanmalıyıq; 3.Təhsil prosesini daha cəlbedici etməliyik, bu məqsədlə müəllimlərə yaxşı imkanlar yaratmalıyıq. Müəllimlik həm maliyyə, həm peşə və zehni cəhətdən cəlbedici olmalıdır; 4.Resurslarla (təhsil, insani, maliyyə) ehtiyacların düzgün əlaqələndirilməsini təmin etməliyik; 5.Gələcəyi görməli və təhsili ona uyğun tənzimləməliyik, təhsilin məqsədi uzaqgörən olmalıdır. Bu günün məktəbi sabahın cəmiyyətidir, bu baxımdan düzgün yatırım etməliyik; 6.Əsas yatırım məktəbəqədər və erkən, ibtidai təhsilə edilməlidir; 7.Təhsil prosesi aktual olmalıdır; 8.Biz övladlarımıza həyat boyunca öyrənmə həvəsini, öyrənməyə daim açıq olmağı aşılamalıyıq”.
Çıxışının yekunu olaraq Andreas Şleyxer qlobal uğur qazanmaq istəyənlərə gələcəklərini indidən dəyərləndirməyi və ən yaxşı müəllimlərin formalaşması üçün əlverişli mühit yaratmağı məsləhət görüb.
Görüşün sonunda “T-Network”ün rəhbəri” Cəfər Mənsimi dəyərli fikirləri, ətraflı cavabları üçün qonağa dərin minnətdarlığını bildirərək noyabrın 5-də Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumun keçiriləcəyini və tədbirin əsas məruzəçisinin Andreas Şleyxer olacağını elan edib.
Lamiyə ƏLİMƏRDANOVA
|
|
09.09.2022 | 13:25 | |
|
|
|