BDU tələbələri üçün daha bir imkan | |
Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas hədəflərindən biri də “Fizika və kosmos elmləri”, “Riyaziyyat və kompüter elmləri”, “Kimya və materialşünaslıq”, “Yer elmləri və ətraf mühit”, “Biologiya və həyat elmləri” kimi 5 prioritet istiqamət üzrə elmi-tədqiqatları dünya elminin inkişaf istiqamətlərinə uyğun müəyyənləşdirməkdir. Bunun üçün BDU-da mütəmadi olaraq təhsilin bütün səviyyələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye, biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri, elmi seminarlar təşkil edilir, müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri 2022/2023-cü tədris ilindən etibarən tətbiq edilməsi nəzərdə tutulan “DevEducation” təşkilatının “Code For Futur“ layihəsidir. Layihə çərçivəsində BDU-nun tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılıb.
Auditoriyaların açılış mərasimi olub, mərasimdə qeyd edilib ki, “DevEducation” təşkilatı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlıq edir. Nazirlik ölkədə informasiya texnologiyaları sahəsinin inkişafı üçün layihə çərçivəsində tələbələrin təhsil xərcini tam ödəyir.
Layihədə BDU-nun III-IV kurs tələbələri iştirak edəcəklər. Təlimlər sentyabrın 15-dən başlayacaq.
Bu barədə BDU-dan məlumat verilib.
|
|
02.09.2022 | 13:32 | |
|
|
|