Mingəçevir Dövlət Universiteti İqtisadi Araşdırmalar və Tədris Mərkəzi ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) nümayəndələri ilə görüşüb.

 

Rektor MDU-nun strateji hədəfləri, universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri, tələbə və müəllim heyətinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə atılan addımlar və universitet – sənaye işbirliyinin genişləndirilməsinin əhəmiyyəti haqqında məlumat verib.

 

MDU ilə İATM arasında qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını vurğulayan Ş.Bayramov maliyyə və mühasibatlıq ixtisasları üzrə kadr hazırlığının məzmununun təkmilləşdirilməsi və əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşdırılması istiqamətində reallaşdırıla biləcək ortaq layihələr barədə fikirlərini bölüşüb.

 

MDU-da olmaqdan məmnunluğunu ifadə edən İATM-nin direktoru Radil Fətullayev təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. İATM tərəfindən reallaşdırılan praktiki maliyyə və mühasibat təlimləri haqqında danışan R.Fətullayev MDU ilə potensial əməkdaşlığın mümkün faydalarını diqqətə çatdırıb.

 

Görüşün sonunda İATM tərəfindən hazırlanmış 10 ədəd kitab və metodiki vəsait MDU-nun kitabxanasına hədiyyə edilib.

 

 



31.08.2022 | 15:16