Türkiyədə keçirilən “TEKNOFEST-2022 Qara Dəniz”in final mərhələsi start götürüb

Dünyanın ən böyük Aerokosmik və Texnologiya Festivalı “TEKNOFEST” bu il Türkiyənin Qara dəniz bölgəsində keçirilib. Festivalın builki final mərhələsi qardaş ölkənin Samsun vilayətində təşkil olunub. Festivalın məhz Samsunda keçirilməsinin əsas səbəbi Türkiyənin Zəfərlə nəticələnən Qurtuluş müharibəsinin təməllərinin qardaş xalqın ulu öndəri Mustafa Kamal Atatürk tərəfindən məhz bu şəhərdə atılmasıdır.

 

30 avqust – Türkiyənin Zəfər bayramı günü başlayan final mərhələsi sentyabrın 4-dək davam edəcək. Altı gün ərzində texnologiya, elm, aviasiya-uçuş şouları, sərgilər, toplantılar, seminarlar, mükafatlandırma mərasimləri, səhnə şouları və konsert proqramlarının təşkili nəzərdə tutulub. Final mərhələsində bu kimi bir çox tədbirlərlə yanaşı, statistik sərgi sahəsində “Bayraktar Qızıl Alam”, “Hürjet”, “Akıncı TİHA”, “F-16”, “Bayraktar TB2”, “Bell 429”, “Melle” hərbi təyyarəsi kimi bir çox hava vasitəsi ziyarətçilərə yaxından göstəriləcək. Bundan əlavə, festivalın final mərhələsində Türkiyə Hərbi Hava Qüvvələrinin tək təyyarəli akrobatika nümayişi “Solo Türk” və “Türk Ulduzları”nın hava şou proqramları nümayiş etdiriləcək.

 

Türkiyənin qabaqcıl dövlət və özəl sektor şirkətlərinin iştirakı ilə son zamanlar inkişaf etdirilən milli texnologiya məhsullarının sərgiləndiyi “TEKNOFEST Qara dəniz”də ölkəmiz də geniş heyətlə təmsil olunur, onlar arasında yüksək nəticə göstərənlər də var.

 

Belə ki, Xəzər Universitetinin tələbələri festivalda beynəlxalq pilotsuz uçuş aparatları (PUA) üzrə “Sabit qanad” və “Dönən qanad” kateqoriyasında iki, “İti qovan” və “İnvictus” komandaları ilə final mərhələsinə keçiblər.

 

Finala vəsiqə qazanan komandalarımızdan biri də İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) Peşə Təhsil Mərkəzinin komandasıdır. “ZƏFƏR” adlı bu komandanın üzvləri tərəfindən hazırlanmış “Buta” elektrik avtomobili festival iştirakçılarına nümayiş olunacaq.

 

Festivalda daha bir mükafata layiq görülən “DroneX” komandasının üzvlərinin əksəriyyəti Türkiyədə təhsil alan gənclərimizdir. “DroneX” 98 komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda üçüncü yerə yüksəlib.

 

Festivalda yüksək nəticə göstərən digər yarışçılarla yanaşı, bu və digər komandalarımız da final mərhələsində mükafatlandırılacaqlar.

 

Türkiyədə keçirilən builki “TEKNOFEST”-də 40 əsas sahə və 99 fərqli kateqoriya üzrə müxtəlif yarışlar keçirilib. Festivalda iştirak üçün 107 ölkədən 150 mindən artıq komanda, 600 mindən artıq iştirakçı müraciət edib. İlkin mərhələni keçən komandalara 22 milyon türk lirəsi məbləğində vəsait dəstəyi göstərilib. Yüksək nəticə göstərən komandalara, ümumilikdə yeddi milyon lirədən çox mükafat veriləcək.

 

Tədbir Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyi, eləcə də Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin rəhbərliyi altında ölkənin 100-dən çox qurumunun birgə təşkilatçılığı ilə baş tutub.

 

Qeyd edək ki, avqustun 30-dan 4-dək davam edəcək “TEKNOFEST” çərçivəsində Türkiyədə yaşayan həmvətənlərimizə dövlət xidmətlərinin çatdırılması məqsədilə Azərbaycanın Səyyar ASAN xidmət avtobusu fəaliyyət göstərəcək. Ölkə xaricində ilk dəfə gerçəkləşəcək Səyyar ASAN xidmət Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “ABB” ASC-nin maliyyə tərəfdaşlığı ilə təşkil olunur.

 

Xüsusi avadanlıqlarla təchiz olunmuş səyyar avtobus vasitəsilə vətəndaşlara bir çox xidmətlər göstəriləcək.

 

Xatırladaq ki, 2018-ci ildən başlayaraq hər il keçirilən festival bu il ilk dəfə Türkiyə hüdudlarından kənarda Azərbaycanda baş tutub.

 

Azərtac

 

 



30.08.2022 | 12:30