Mehriban Əliyeva - Müasir Azərbaycan qadınının qürur doğuran obrazı | |
Xalqımızın ümummilli lideri Heydər Əliyevin ailəsindəki ən önəmli həyat prinsipi xalqa, millətə xidmət və sədaqət olub. Bu baxımdan Prezident İlham Əliyevin dövlətçiliyə və xalqa xidmət amalını bir ailə ənənəsi kimi qiymətləndirsək, yanılmarıq. Dövlətimizin başçısının rəhbərliyi ilə bütün sahələr üzrə həyata keçirilən siyasət Ulu Öndərin ideyalarının reallaşması, onun müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsi ilə səciyyəvidir. Bu işdə ölkə Prezidentinin ömür-gün yoldaşı və ən yaxın silahdaşı isə Birinci vitse-prezident, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Vətən və xalq naminə fədakarlıq, müasir Azərbaycanın dinamik inkişafında, sosial məsələlərin həllində fəallıq, milli-mənəvi dəyərlərə sadiqlik, sərhəd tanımayan xeyirxahlıq, mərhəmət və şəfqət Mehriban Əliyevanın həyat fəlsəfəsinin əsas qayəsini təşkil edir. Mehriban xanım, həmçinin ölkəmizdə təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına dəyərli töhfələr verir, milli maraqların beynəlxalq aləmdə müdafiəsi, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində yorulmadan çalışır. Xalqımızın sosial rifahına hesablanan bir çox layihələrin müəllifi olan Mehriban Əliyeva birinci xanım adını da şərəflə daşıyır, dünyaya müasir Azərbaycan qadınının qürur doğuran obrazını təqdim edir. Sadəliyi, səmimiliyi, mehribanlığı, nəcibliyi, gözəl aurası ilə ətrafında xoş atmosfer yaradan Mehriban xanım haqqında “Washington Times” qəzeti belə yazır: “Azərbaycanın birinci xanımı: Müsəlman qadınlar üçün nümunəvi qadın obrazıdır”.
AZƏRTAC Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mənalı və şərəfli həyat yolunun, çoxşaxəli ictimai-siyasi fəaliyyətinin, xeyirxahlıq missiyasının bəzi məqamlarına nəzər salır.
“Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda, çox xeyirxah bir insandır və təsadüfü deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”, - Prezident İlham Əliyevin söylədiyi bu fikirlər Mehriban xanımın işgüzar və insani keyfiyyətlərini çox dəqiqliklə ifadə edir. O, doğurdan da milyonların qəlbində ümid çırağına, xeyirxahlıq ünvanına çevrilib.
Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu Ümummilli Liderin ideyalarının reallaşdırılmasında, bu dahi insanın zəngin dövlətçilik irsinin bütün dünyada tanıdılması istiqamətində əvəzsiz xidmətlər göstərir. Xalqımızın xeyriyyəçilik ənənələrinin dirçəldilərək daha geniş miqyas alması bilavasitə Heydər Əliyev Fondunun prezidentinin göstərdiyi şəxsi nümunə nəticəsində mümkün olub. O, bütün qərarları ilə millidir: Vətəninin tərəqqisinə xidmət edir, ölkəsinin mədəniyyətinin, təhsilinin, idmanının inkişafı üçün yorulmadan çalışır. Heydər Əliyev Fondunun xətti ilə, hətta respublikamızın ən ucqar nöqtəsində belə inşa və bərpa edilən məktəb binaları, səhiyyə və tibb məntəqələri buna misal ola bilər. Bu məqsədlə bir çox proqramlar və layihələr həyata keçirilib. Fond Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması istiqamətində də fəal iştirak edib və edir.
Mehriban Əliyeva, eyni zamanda, beynəlxalq sülh, təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq mühitinin formalaşması və möhkəmlənməsi, tarixi mədəni irsin qorunması kimi olduqca vacib məsələlərin həllinə böyük töhfə verir. On səkkiz ildir ki, Azərbaycan tarixini və mədəni irsini, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün yorulmadan fəaliyyət göstərir. Məhz onun səylərinin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edib.
2017-ci il fevralın 21-də Mehriban Əliyevanın Birinci vitse-prezident vəzifəsinə təyin edilməsi onun Azərbaycan dövlətçiliyinin inkişafı və möhkəmləndirilməsi naminə zəngin və fədakar fəaliyyətinin, habelə yüksək təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilir.
Mehriban Əliyevanın o vaxt dediyi sözlər yada düşür: “Üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam”.
Bu gün tam əminliklə söyləmək olar ki, yüksək dövlət vəzifəsində fəaliyyət göstərən Mehriban xanım Prezidentin də, ona inanan, ümid bəsləyən insanların da etimadını layiqincə doğruldur. Gündəlik fəaliyyətində insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq meyarlarını əsas götürür, fəaliyyətini məhz bu prinsiplər üzərində qurur, milli-mənəvi dəyərləri daim uca tutur. Onun ömür yolu, sözün əsl mənasında, Vətənə və xalqa xidmət nümunəsidir.
Birinci vitse-prezident təyin olunarkən Azərbaycanın iqtisadi inkişafı və xalqımızın rifahı naminə milli məqsədlərə nail olmaqla bağlı üzərinə nəcib missiya və yeni öhdəliklər götürən Mehriban Əliyevanın fəaliyyətində əhalinin həssas təbəqələrinin, o cümlədən məcburi köçkünlərin, şəhid ailələrinin, qazilərin problemlərinin həlli xüsusi yer tutur. Təsadüfi deyil ki, yeni yüksək vəzifədə keçirdiyi ilk müşavirəni qaçqın və məcburi köçkün ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına həsr etmişdi. Həmin müşavirədən dərhal sonra müvafiq tədbirlər planı hazırlandı və real işlər başlandı. Qısa müddətdə yüz minlərlə qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırıldı.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Döyüşlərdə yaralanan hərbçilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Torpaqlarımızın azad olunması uğrunda mübarizəyə siyasi-mənəvi dəstək, xalqımızı milli həmrəyliyə səsləyən, şanlı Ordumuzu Qələbəyə ruhlandıran müraciət və çağırışlar, postmüharibə dövründə isə dövlətimizin başçısı ilə birlikdə Qarabağa çoxsaylı səfərlər, işğaldan azad edilən ərazilərimizdə həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri, Şuşada dünyaya səs salan möhtəşəm “Xarıbülbül” musiqi festivalının təşkili birinci xanımın xidmətləri sırasında xüsusi yer tutur.
Bu məqamda Mehriban xanımın Vətən müharibəsinin ilk günlərində xalqa müraciətindəki duyğusal sözlər yada düşür: “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!”. Bu müqəddəs arzu 44 gün ərzində reallaşdı. Doğma Qarabağımız Ali Baş Komandanın sarsılmaz iradəsi, Ordumuzun qüdrəti, xalqımızın birliyi və həmrəyliyi sayəsində azadlığına qovuşdu.
Azərbaycanın birinci xanımının təşəbbüsü olan genişmiqyaslı proqram və layihələrin sırasında ölkəmizdə təhsil sistemini modernləşdirmək və dünya təhsil sisteminə inteqrasiyasını təmin etmək hədəfi xüsusi yer tutur. “Uşaq evləri və internat məktəblərinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” və digər proqramlar təhsilin inkişafında mühüm rol oynayır. 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dən çox məktəb binası inşa olunub və yenidən qurulub. “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində isə 40-dan çox uşaq müəssisəsi əsaslı təmir edilib.
Əhalinin sağlamlığı məsələsinə gəlincə, “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Tibb müəssisələrinin yenidən qurulması və inşası” kimi bənzərsiz layihələr, bir çox xeyriyyə aksiyaları böyük rəğbətlə qarşılanır, öz müsbət nəticələrini verir. Bu layihələr çərçivəsində Bakıda müasir Talassemiya Mərkəzi, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi, Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya Mərkəzi, Psixonevroloji Uşaq Mərkəzi və digər səhiyyə ocaqları inşa olunub və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu bu istiqamətdə də mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Bu gün müasir Azərbaycanda ictimai həyatın xüsusi bir bölməsi sayılan xeyriyyəçilik institutu müasir dövrün reallıqları və tələblərinə uyğun olaraq inkişaf etdirilir. Tarixi ənənələrimizi dirçəldən, sosial-mənəvi tərəqqi üçün səmərəli vasitə yaradan xeyriyyəçilik institutunun rəhbəri isə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevadır.
Onun təşəbbüsü ilə Ermənistan-Azərbaycan münaqişəsi barədə həqiqətlərin, mədəniyyətimizin, dövlətçilik ənənələrimizin, tariximizin dünyada təbliği sahəsində məqsədyönlü iş aparılır. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsinin gedişində Azərbaycanın haqlı mövqeyinin nümayişi, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan düşmənin dinc sakinləri hədəf alan hücumlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində əməli addımlar atılıb. Mötəbər beynəlxalq qurumlarda, dünyanın müxtəlif ölkələrində sərgilər, mədəniyyət gecələri və digər tədbirlər təşkil olunub. Avropa Parlamentinin mənzil-iqamətgahında, Afinada, Kannda Azərbaycan mədəniyyəti günləri keçirilib, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.
Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, eləcə də futbol üzrə Avropa çempionatının final mərhələsinin dörd oyunu Mehriban Əliyevanın yüksək təşkilatçılıq bacarığına malik olduğunu üzə çıxardı. Azərbaycan bu mötəbər beynəlxalq tədbirlərin möhtəşəm təşkili ilə hətta inkişaf etmiş ölkələri heyran qoydu.
Heydər Əliyev Fondu Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələrin, məscidlərin bərpası üzrə layihəni uğurla davam etdirir. Yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması, 32 ildən sonra Şuşada, Cıdır düzündə Fond tərəfindən təşkil olunan “Xarıbülbül” musiqi festivalı, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusunun, “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusunun hazırlanması Azərbaycan xalqının mənəvi, tarixi, mədəni irsinin təşviqi və qorunması işinə dəyərli töhfələrdir.
Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycanla məhdudlaşmır, ölkəmizin hüdudlarını aşaraq yaxın və uzaq xaricdə geniş əks-səda doğurur. Onun təşəbbüsü ilə Heydər Əliyev Fondu Vatikanda, Fransa, Pakistan, Bosniya və Herseqovina, Misir, Hindistan və digər ölkələrdə bir sıra önəmli layihələr icra edib.
Birinci xanımın xoşməramlı fəaliyyəti həm Azərbaycanda, həm də beynəlxalq miqyasda yüksək qiymətləndirilir. Azərbaycanın ən ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni, “Qızıl ürək” beynəlxalq mükafatı, Avropa Olimpiya Komitələrinin Ali ordeni, Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni, Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı... Bu, Azərbaycanın Birinci vitse-prezidentinin layiq görüldüyü mükafatların heç də tam siyahısı deyil. Mehriban Əliyeva hesab edir ki, ən böyük mükafatı xalqın ona olan sevgisi, inamı və etimadıdır. Onun dediyi kimi, “illər ötdükcə, qarşımıza yeni ideya və planlar çıxdıqca, məqsədlərimiz xaraktercə dəyişir, amma əsas amalımız - Azərbaycan xalqına xidmət etmək amalı dəyişməz olaraq qalır və qalacaqdır”.
Mehriban xanım elə bu amalla da öz ömür kitabını yazmaqda davam edir, onu gündən-günə, ildən-ilə yeni parlaq və mənalı səhifələrlə zənginləşdirir.
|
|
26.08.2022 | 11:42 | |
|
|
|