BANM-ın tələbə və məzunları “Halliburton” şirkətində təcrübə keçir | |
Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi Lalə İsmayılzadə, həmin ixtisasın builki məzunları Fərhad Feyziyev, Nuriyyə Kərimova, həmçinin Kimya mühəndisliyi ixtisasının məzunu Günel Nəbiyeva “Halliburton” şirkətinin ödənişli təcrübə proqramına seçiliblər.
Təhsil ocağından bildirilib ki, şirkətin iki aylıq təcrübə proqramı sentyabrda yekunlaşacaq. Proqrama ümumilikdə 12 nəfər qəbul olunub ki, onların 4-ü BANM tələbəsidir.
Təcrübə ilə bağlı təəssüratlarını bölüşən Lalə İsmayılzadə bildirir ki, “Halliburton” şirkətinin təcrübə proqramına seçilməsində BANM-də öyrəndikləri biliklərin və SOCAR-da keçdikləri istehsalat təcrübələrinin böyük rolu olub: “Mənə görə Neft-qaz mühəndisliyi elə bir ixtisasdır ki, bu sahədə yüksəkixtisaslı kadr olaraq formalaşmaq üçün mütləq Ali Məktəbdə öyrəndiyimiz nəzəriyyəni təcrübə ilə birləşdirməliyik. Müəllimlərimizin əksəriyyətinin müxtəlif transmilli şirkətlərdə çalışan təcrübəli mühəndislər olması və onların təcrübələrindən faydalanmağımız da bizə böyük kömək oldu. Qəbul olunduğum şöbə qazma və tamamlama məhlullarının dizaynı və yoxlanması ilə məşğul olur və bu şöbəyə, əsasən Kimya mühəndisliyi tələbələri seçilir, lakin Ali Məktəbimizin müasir laboratoriyalarla təchizatı və ixtisasdan asılı olmayaraq tələbələrin laboratoriya dərslərində iştirak edərək sərbəst işləməsinə imkan yaradılması bu proqrama seçilməyimdə önəmli faktorlardan biridir”.
|
|
23.08.2022 | 16:25 | |
|
|
|