ADU-da Çinin hərbi-siyasi tarixi ilə bağlı seminar keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda II dünya müharibəsinin 73-cü ildönümünə həsr olunmuş “XX əsr Çin tarixi” adlı elmi seminar keçirilib.

 

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov seminardakı açılış nitqində XX əsrin I yarısında Çində baş verən hərbi siyasi hadisələr, Çin xalqının müstəqillik uğrunda mübarizəsi haqqında danışıb. R.Abbasov həmçinin  Azərbaycan xalqının faşizm üzərində tarixi qələbəyə böyük töhfə verdiyini, 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ulu öndər Heydər Əliyevin veteranların hüquqlarını bərpa etdiyini xatırladaraq, onları “Xalqımızın qızıl fondu” adlandırdığını qeyd edib.

 

Seminarda Uzaq Şərqdə İkinci dünya müharibəsi dövründə  hərbi əməliyyatlarda iştirak edən qazilər həmin illərdə yaşanan hadisələrlə əlaqədar xatirələrini paylaşıb.

 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Adyunktura və elm” şöbəsinin hərbi tarixi üzrə professoru, tarix elmləri doktoru  Nurulla Əliyev “İkinci dünya müharibəsində Asiya-Sakit okean regionunun hərbi-strateji əhəmiyyəti” mövzusunda  məruzə   edib.

 

Seminarda çıxış edən ADU-nun müəllimləri Çin xalqının milli azadlıq mübarizəsinin əsas mərhələləri, Çin Kommunist Partiyasının fəaliyyəti və müharibənin son mərhələsində Çində hərbi-siyasi vəziyyət barədə danışıblar.

 

Sonda qonaqlara  Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş və Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş etdirilib.

 

Tədbirdə Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi Çjan Tsunqo  iştirak edib.



11.09.2018 | 14:31