Professor-müəllim heyəti üçün təlimlərdə süni intellektin trendləri barədə məlumatlar verilib
Bakı Mühəndislik Universitetinin (BMU)  professor-müəllim heyəti üçün Cənubi Koreyanın İNHA Universitetində təşkil olunan təlimlər davam edir.

 

Universitetdən bildirilib ki, növbəti təlimlərdə iştirakçılara Süni İntellekt Araşdırma Mərkəzinin fəaliyyəti, həmçinin süni intellektin trendlərindən olan maşın öyrənmə infrastrukturu (ML infrastructure), kompüter görmə (Computer Vision), təbii dilin emalı (NLP), nitqin emalı (Speech processing), çox modullu öyrənmə (Multimodal learning) haqqında geniş məlumatlar verilib. Təlim iştirakçıları Python proqramlaşdırma dilinin əsas anlayışları, data tipləri, funksiyalar, siniflər və data analizində məlumatların emalı və vizuallaşdırılması üçün ən çox istifadə olunan pandas, numpy, matplotlip, plotly kimi kitabxanalar haqqında nəzəri və praktiki biliklər əldə ediblər.

 

Bundan əlavə, təlim mövzuları sırasında məlumatların qruplaşdırılması (data classification) üçün isifadə olunan alqoritmlərlə,  qruplaşdırmanın qiymətləndirilməsi, dəqiqliyin təkmilləşdirilməsi, böyük verilənlər (big data) texnologiyaları, onların nəqliyyat, səhiyyə və sənayedə tətbiqi, eyni zamanda Koreyada nəqliyyatın optimallaşdırılmasında istifadəsi, məlumatların klasterləşdirilməsi texnikaları, klasterləşdirmə alqoritmlərinin qiymətləndirilməsi və xətti reqressiya alqoritimləri kimi əsas istiqamətlər yer alıb.

 

BMU-nun İnformasiya texnologiyaları ixtisasını tədris edən 7 nəfərdən ibarət professor-müəllim heyətinin qatıldığı təlimlər avqustun 19-da yekunlaşacaq. Təlimlər BMU ilə İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının əsas hissələrindən birini təşkil edir. Məqsəd qarşılıqlı təcrübə mübadiləsinin reallaşdırılması, professor-müəllim heyəti üçün xüsusi təhsil proqramının təmin edilməsi, eyni zamanda onların bilik və bacarıqlarının daha da inkişafına nail olunmasıdır.

 



16.08.2022 | 15:01