UNEC təhsil xidməti ixracını genişləndirir

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) artıq ölkə xaricində orta ixtisas təhsili üzrə də mütəxəssis hazırlığı həyata keçirəcək. Bu, Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin əmri ilə rəsmi lisenziya əsasında fəaliyyət göstərən UNEC-in Dərbənd filialında mümkün olacaq. Belə ki, filialda region üzrə iqtisadi təhsilin genişləndirilməsi istiqamətində yeni imkanlar yaradılıb.

 

Təhsil müəssisəsindən “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, bu ilin avqust ayında Rusiya Federasiyası Təhsil və Elm sahəsinə nəzarət federal xidməti (Рособрнадзор) tərəfindən imzalanmış əmrə əsasən, UNEC-in Dərbənd filialında ali təhsil ilə yanaşı orta ixtisas təhsili üzrə mütəxəssis hazırlığı da həyata keçiriləcək. Bununla da UNEC  təhsilin hər iki istiqaməti üzrə ölkə xaricində tədris fəaliyyəti göstərən ilk Azərbaycan universiteti olub.

 

UNEC-in Dərbənd filialında orta ixtisas təhsili üzrə qəbul prosesi Rusiya Federasiyası qəbul qaydaları əsasında aparılacaq. Filialda maliyyə, bank işi, tətbiqi informatika, informasiya sistemləri, iqtisadiyyat və mühasibat uçotu  üzrə mütəxəssislər hazırlanmaqla 5  ixtisas üzrə tədris aparılacaq.

 

Məlumat üçün bildirək ki, 2016-cı ildən etibarən UNEC Avropa İttifaqına üzv olan ölkədə də mütəxəssis hazırlığını həyata keçirir. UNEC ilə Yunanıstanın Qərbi Makedoniya Texniki Təhsil İnstitutu arasında bağlanan müqaviləyə əsasən Yunanıstanda birgə magistr proqramı üzrə mütəxəssis hazırlığı həyata keçirilir və bu ilin sonunda ilk məzunlar müvafiq diplom alacaqlar.  

 



10.09.2018 | 17:52