UNEC tələbələri qalib olub

Kapital Bank ali məktəb tələbələri üçün "Bir ideyam var " adlı yeni layihə təqdim edib. Layihənin ilkin mərhələsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri iştirak ediblər.

 

Universitetdən bildirilib ki, şərtlərə görə tələbələr tək və ya komanda şəklində maraqlı ideyalarını təqdim edib, qalib olmaq uğrunda mübarizə aparıblar. Layihə çərçivəsində 100-dən artıq ideya təqdim edilib ki, bunlardan 6 komanda – ümumilikdə 9 tələbə final mərhələsinə vəsiqə qazanıb.

 

Layihə yekunlaşaraq qaliblər müəyyən edilib. 1-ci yerə “Kapital Citizen” layihəsi ilə ADA-nın tələbəsi Anar Bayramov, 2-ci yerə “BirVaxt” layihəsi ilə UNEC-in tələbəsi Nicat Həsənli, 3-cü yerə isə “BirBNA” layihəsi ilə UNEC-in tələbələri Aydan Əzizli və Lalə Məmmədova layiq görülüb. Qaliblərə müvafiq olaraq 1500, 900 və 600 AZN məbləğində mükafatlar və sertifikatlar təqdim edilib. Həmçinin finala çıxan hər bir iştirakçı Kapital Bank-ın təcrübə proqramında iştirak etmək hüququ qazanıb.

 

Qeyd edək ki, Kapital Bank UNEC ilə bir neçə il əvvəl əməkdaşlıq memorandumu imzalayıb. Bu sənədə görə il ərzində ali məktəbdə “Karyera günləri”, müxtəlif konfranslar, təcrübə proqramı və başqa tədbirlər təşkil olunur. Bundan başqa, gənclərin ideyalarını qiymətləndirmək üçün bu il PAŞA Holding ilə birgə “PASHA HACKATHON” layihəsi keçirilib.

 



06.08.2022 | 11:27