Azərbaycan-Fransız Universitetinə qəbul imtahanı keçirilib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022/2023-cü tədris ili üçün bakalavr pilləsi üzrə qəbul imtahanı keçirilib.
UFAZ-a qəbul imtahanında iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin (DİM) mərkəzləşdirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə 500 və daha artıq bal toplayan, ümumilikdə 505 nəfər abituriyent (107 nəfər rus bölməsi üzrə və 398 nəfər Azərbaycan bölməsi üzrə) 160 qəbul yeri üçün qeydiyyatdan keçib. Onlardan 424 nəfər imtahanda iştirak edib.
İmtahanda abituriyentlər 2 saat 30 dəqiqə ərzində riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ tələbəsi statusunu qazanacaq. UFAZ-da təhsil ingilis dilində olduğundan, abituriyentlər üçün daha bir tələb ingilis dili üzrə mümkün 20 baldan minimum 8 bal toplamaqdır.
İmtahan üçün UFAZ-ın binasında 21 otaq ayrılıb. Onlardan 4 otaq rus bölməsi üçün, 17 otaq isə Azərbaycan bölməsinin abituriyentləri üçün nəzərdə tutulub. Ümumilikdə imtahan prosesinə 49 nəfər nəzarətçi və 20 nəfərdən çox əməkdaş cəlb olunub. İmtahan binasında tibbi personalın fəaliyyəti təmin edilib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov, UFAZ-ın elmi eksperti, Strasburq Universitetinin professoru Pierre Collet və digər nümayəndələr imtahan prosesini müşahidə ediblər, abituriyentlər üçün yaradılmış şəraitlə tanış olublar.
İmtahan nəticələri avqustun 8-də dərc ediləcək. Apelyasiya müraciətlərinə isə avqustun 9-da baxılacaq. İmtahanda uğurlu nəticə əldə edən abituriyentlərin təsdiq olunmuş siyahısı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə təqdim olunacaq. Nazirlik isə öz növbəsində UFAZ-a qəbul olmuş gənclərin adlarını Dövlət İmtahan Mərkəzinə təqdim edəcək və onlar digər ali məktəblərə müsabiqədə iştirak etməyəcəklər. UFAZ-a imtahan verib uğur əldə edə bilməyən tələbələr isə DİM-in təşkil etdiyi mərkəzləşdirilmiş qəbul imtahanında topladıqları ballar əsasında ADNSU-nun, eləcə də digər ali məktəblərin təqdim etdiyi müvafiq ixtisaslar arasında öz seçimlərini edə bilərlər.
Qeyd edək ki, UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə dövlət (120 yer) və ödənişli əsaslarla (40 yer) yerlər təklif olunur. UFAZ-da 4 ixtisas üzrə - Geofizika və geologiya mühəndisliyi, Kimya mühəndisliyi, Neft-qaz mühəndisliyi və Kompüter elmləri ixtisasları üzrə tədris həyata keçirilir. UFAZ məzunları iki diplom (Strasburq Universiteti və Renn 1 (Neft və qaz mühəndisliyi ixtisası) və ADNSU) alacaqlar. UFAZ-da bütün ixtisaslar üzrə tədris 4 ildir.
|
|
05.08.2022 | 11:18 | |
|
|
|