Poeziyamızda Ramiz Rövşən ZİRVƏSİ | |
Söz mənadan asılıdır, məna sözdən hər zaman Bir-birindən asılıdır, necə ki, cism ilə can. Məhəmməd Füzuli
Gözəl şeirlərin, bitkin poetik fikirlərin məni duyğulandırdığı, hisslərimi təlatümə gətirdiyi zamandan bəri həmişə düşünmüşəm ki, sözün qüdrətindən yaranan poeziya incilərindən zövq almaq və onları qiymətləndirə bilmək taleyimə bəxş olunmuş qəlb xoşbəxtliyidir və o da xəyalımdan keçib ki, məlum söz və ifadələri musiqi kimi səslənən şeiriyyat çələnginə çevirənlər, yəqin ki, sehrbazdılar, adi adamlar deyillər. Və belə düşündüyüm dəqiqələrdə nədənsə böyük Səməd Vurğunun himn səviyyəli “Azərbaycan” şeirini xatırlayırdım. Uşaqdan böyüyə hamının yaddaşına hakim kəsilmiş adi sözlərdən cəmləşən bu poetik şedevri, əlbəttə, əsl şair yarada bilərdi.
El bilir ki, sən mənimsən, Yurdum, yuvam, məskənimsən. Anam, doğma vətənimsən. Ayrılarmı könül candan?! Azərbaycan, Azərbaycan!
.... Hər bir insanın tərcümeyi-halı var, istər geniş olsun, istərsə qısa. Rəsmi tərcümeyi-hallar ömrün statistikasıdır, bunlarda insanın xarakteri, düşüncəsi, mövqeyi və əqidəsi, təbii ki, əks olunmur. Bununla belə, obrazlı bir deyim var ki, yaradıcı insanın keçdiyi sənət yolu, yaradıcılıq amalı onun mənəvi tərcümeyi-halıdır. Məsləki tərcümeyi-halı olanlar necə də xoşbəxtdirlər.
Bu sətirləri yazarkən qismətinə ürəklərin ağrısını, qəmini, sevincini, kədərini, qəlblərdə dilim-dilim alovlanan sevgilərin, məhəbbət və ayrılıqların yanğısını, acılı-şirinli ömür anlarını, “gəlimli-gedimli” fəlsəfəsi ilə möhürlənmiş dünyanın gərdişini, həyati həqiqətləri heyrətamiz poetik təfəkkürünün işığından keçirib talecə müxtəlif “çeşid-çeşid” insanları poeziyasının sehrli aləmi ilə ovsunlamaq, onları ruhən saflaşdırmaq, dünən, bu gün, gələcək və əbədiyyat haqda, mənəvi ucalıq və vicdan təmizliyi barədə düşüncələrlə qovuşdurmaq missiyası düşmüs müdrik bir şairin - Azərbaycan ədəbiyyatı tarixinin son iki qərinəsinin möhtəşəm ədəbi sütunlarından, söz nəhənglərindən olan Ramiz Rövşənin bəzən narahat, üsyankar, bəzən də təbəssümlü, məmnun siması gözlərim önündə canlanmaqdadır.
Taleyinə ilahidən həqiqi şairlik qismində ağır yük düşən Ramiz Rövşən kimi yaradıcı insanlar, təbii ki, tanrının seçilmişləri və sevimliləridir. Həm də bəxti belə yazılmışlar istəsələr də, o taledən qaçış qapıları üzlərinə bağlıdır, bu əzablı yolun həyatlarının sonunadək onları izləyəcəyi reallığı ilə barışmaq məcburiyyətindədirlər. Doğrudan da, sifarişlə məhəbbət, sevib-sevilmək mümkün olmadığı kimi, şəxsi istəklə də şair olmaq mümkünsüzdür.
Xalq öz şairlərini yaradıcılığı ilə bərabər, həm də mənsub olduğu mənəvi keyfiyyətlərinə görə tanıyıb dəyərləndirir. Şairin daxili aləmi, xisləti, düşüncələri, həyata, insanlara münasibəti yazdıqlarında, eləcə də “söz-əməl” fəlsəfəsində səhifə-səhifə açılır. Xarakter bütövlüyü, əqidə dönməzliyi, azadlıq eşqi həqiqi şairə bəxş edilən xoşbəxtlikdir. Həqiqi, əsl şeir də əsl şairin qələmindən pərvazlana bilər. Bu mənada “həqiqi şair insanlığın müəllimidir” deyənlər heç də yanılmırlar. Şeiri “həyatın ən böyük möcüzəsi” adlandıran dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın bu beyti daha müdrik səslənir:
Şair xalqın səsi, əsrin səsidir, Vətənin ağsaçlı sərkərdəsidir.
Cəmi 49 il ömür yaşayan, həyatından çətinlik və məhrumiyyətlər əskik olmayan dahi şairimiz Mirzə Ələkbər Sabirin “Şairəm, əsrimin ayinəsiyəm” ədəbi proqram ruhlu misrası, bəlkə də, həqiqi şairlərin yaradıcılıq yolunu istiqamətləndirən və işıqlandıran bir mayakdır. Əsrin, dövrün aynası olmaq ağır yükdür və bu yükü daşımaq şərəfinin sevincini yaşamaq heç də hər kəsə nəsib olmur.
...Düşünürəm ki, belə sevinc zirvəsində məskun olmaq haqqını Ramiz Rövşən çoxdan qazanıb. Qanlı-qadalı illəri arxada qalsa da, şura-bolşevik ideologiyasının güclü təsiri hələ də duyulan ötən əsrin 60-90-cı illərində şeirlərində sovet rejiminin vəsfinə bir misra belə tapılmayan bəzi yaradıcı şəxslər var idi ki, onların arasında Ramiz Rövşənin prinsipial mövqeyi qəlbinin səsinin əks-sədası olaraq xüsusilə seçilirdi. Özünün etirafıdır ki, “Şair olmaq hər şeydən çətindi, vallah çətindi.”
Oxucunu düşündürən, vəcdə gətirən, saflaşdıran, qəlbini, hisslərini tərbiyə edən şeir, həqiqi mənada kəşfdir, ixtiradır. Görkəmli ingilis şairi Bayronun bəlkə də rəmzi mənada səslənən “Bir damcı mürəkkəb bir milyon insanı düşündürə bilər” fikrini eyni ilə Ramiz Rövşənin timsalında bu ixtiraçı şairin ixtira-şeirlərinə aid etmək mümkündür. Esselərinin birində şairin bədii-estetik cəhətdən cilalanmış gözəl bir müddəası var ki, “Hər şeirin öz çəkisi, öz boyu var. Və şeirin boyu misraların sayı ilə deyil, yay kimi sıxılıb o şeirin içinə yığılan, az qala bərkiyib maddiləşən hisslərin, duyğuların dərinliyi ilə ölçülür”. Yəni:
Şeir açılmamış bir mərmi kimi Birdən ürəkdə də partlaya bilər.
Şübhə yox ki, insan ovqatının, emosional halının, “qəmlə köklənən” anlarının təsirindən doğan, “bərkiyib maddiləşən hisslərin, duyğuların dərinliyi”ni ifadə edən şeirlər yalnız nəfəsi “nəfəslik axtaran”, qəlbən, ruhən azad olan, “Allahla bəndə arasında dayanan” şairin bədii təxəyyülünün məhsulu ola bilər. Olanları, olub-keçənləri cəsarətlə deyib-yazmaq azad ruhun nişanəsidi (hələ komminist rejimi zamanında “Mən bulağam, tapşırıqla axmıram” yazmış ulu şairimiz Rəsul Rza yada düşür). Bu mənada ədəbiyyatımızın həkim təbiətli, incə ruhlu şairi Abbas Səhhətin mahiyyətcə ibrətamiz
Şair odur ki, həqiqətlərə dildadə ola, Şairin fikri, xəyalı gərək azadə ola.
misraları məhz Ramiz Rövşən poeziyasının boyuna biçilib, şeirlərinin böyük əksəriyyəti insanları mənəvi azadlığa səsləyir. Necə ki, eşqi, məhəbbəti hər dəm bəlağətlə aləmə car çəkməzlər, azadlıq ruhunu da əldə bayraq etməzlər, çünki azadlıq dildə yox, əsl şairin yaradıcılığının nüvəsində, idealındadır. Mənim düşüncəmlə, Ramiz Rövşənin şeir dünyası azad ilhamın işığına bürünmüş sehrli bir aləmdir. Bu aləmdə sevgi-məhəbbət də, ayrılıq da, nifrət də, dərd, qəm, kədər də, insan taleyi və insan münasibətləri də bəzək-düzəksiz, həyati reallıq zəminində təqdim olunur.
Deyirlər söz sözü çəkər, Çəkmək olmur nadan sözü. Mən neynirəm üstü şəkər, Altı zəhər dadan sözü. Deməyin ki, neçə söz var, Kobud söz var, incə söz var. Dünyada tək bircə söz var: Kişi sözü, adam sözü.
...Şairlik halı! Bu incə mətləblərdən xəbər verən, dərin psixoloji tutuma malik ifadəni poeziya leksikonuna Ramiz Rövşən gətirib və bu ifadənin bətnində qəlb çırpıntıları, sevincli, iztirablı anlar, üsyankar dəqiqələr, acı həqiqətlər, insan taleləri gizlənib, şeirləri dualarına çevrilib. “Şairlik halı” da şairə heç vaxt xilaf çıxmayıb, həmişə onu “düzü düz, əyrini əyri” yazmağa səsləyib. Onun kimi əsl şairlər tanrının seçilmişləridirsə, demək, onlar həm də tanrıdan nazil olmuş “Qurani-Kərim”in təbliğatçılarıdır, əxlaqi-mənəvi təmizlikləri və pak əqidələri ilə millətin səsidirlər. Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun sərrast ifadə olunmuş bir fikri - “dövrün əsən yellərinə istedad yelkəni ilə sinə gərmək, xalqın nitq hissəsində feil olmağı bacarmaq” fikri eyni ilə Ramiz Rövşənin şəxsiyyətinə, xislətinə, mənəvi aləminə xas olan keyfiyyətdir. Ona hamı “fəlsəfi şair” gözüylə baxır, hər misrasında məna (bəzən sətiraltı məna) axtarır. Çünki onun dünyaya, insana, insan münasibətlərinə, həyati-mənəvi dəyərlərə, sevgiyə də, nifrətə də baxışları çox hallarda fərqlidir, qəbul edilən “qəliblər”ə rəğmən “standartdankənar” təsiri bağışlayır, hamını düşünməyə vadar edir:
Nə çoxmuş dünyanın yükü; sevgisi yük, nifrəti yük. Görüşəndə - söhbəti yük, ayrılanda - həsrəti yük. Bu dünya bir yük ağacı, hər yükün kökü insanmış. İnsanın yükü dünyaymış, dünyanın yükü insanmış.
....Doğru deyirlər ki, müraciət etdiyi, qələmə aldığı mövzudan asılı olmayaraq, Ramiz Rövşənin nəzmə çəkdiyi hər bir şeiri, əslində, hazır ssenarilərdir, bunlara istinadən maraqlı, duyğulu, məhrəm məqamların ifadəsinə çevrilən süjetlər yaratmaq mümkündür. Və çox diqqətçəkəndir ki, bu şeirlərin böyük əksəriyyətində insan ömrünün yaddançıxmaz fraqmentləri, insan həyatında silinməz izlər buraxan anlar öz əksini tapır. O da maraqlıdır ki, şairin sevgi şeirlərindəki münasibətlər - keçmişdə olanları qəflətən göz önünə gətirən təsadüfi görüşlərin yaratdığı reaksiyalar, hiss və təəssüratlar, eləcə də uğursuz məhəbbət olayları, ayrılıqların təsirindən doğan həm iztirab, habelə təsəllisayaq məmnunluq duyğuları o qədər həyati reallıqla, pafossuz, riyadan uzaq, mərdanə, səmimi formada tərənnüm edilib ki, bu hal həmin şeirlərin bədii-estetik təsir gücünü, oxucunun müəllifə inamını qat-qat artıran amilə çevrilib, - desək, yanılmarıq.
Sən mənim şerimin nəfəsi oldun, Heyif, şeirim sənin qəfəsin oldu. Çırpındın misralar məngənəsində, Çırpıldın qafiyə divarlara sən. Axır ki, şerimin daş qəfəsindən Quştək uçub getdin ... Getdin hara sən? ...
Ramiz Rövşənin birbaşa neçə-neçə yaradıcı insanların sanki taleyini ehtiva edən, bu talelərin faciəsini, iztirablarını, ürək göynərtilərini yaşadan şeirləri (“Başı kəsik gözəl kötük”, “Burda bir göl vardı” və s.) böyük mətləbləri sadə dillə demək məharətindən yaranmış əsl sənət nümunələridir. Bu şeirlərin təsiri ilə xəyala daldıqda talelərini “Qara əl”lərin sındırdığı kimlər yada düşmür?! Hüseyn Cavid, Heydər Hüseynov, Mikayıl Müşfiq, Firudin bəy Köçərli, Əhməd Cavad, Məhəmməd Hadi, Abbas Səhhət... siyahını hələ nə qədər uzatmaq olar... Ramiz Rövşənin digərlərində çox az rast gəlinən bir məziyyəti də var: o, şeirlərində feilin əmr, vacib formaları ilə yekunlaşan fikirlərlə oxucunu buxovlamır, onun düşünmək səlahiyyətini məhdudlaşdırmır, “ola bilər”, “bəlkə”, “bəlkə də” ara sözləri ilə düşünüb nəticə çıxarmağı oxucunun öz ixtiyarına buraxır, ona sanki bir “nəfəslik” verir.
Ölüncə neçə-neçə qapıdan keçir adam, Dünya üz tutduğumuz qapılarla doludu. Bəlkə də üzümüzə çırpılan qapılardan Üzümüzə açılan qapılar qorxuludur.
Ramiz müəllimin elə şeirləri də var ki, bunlardan hamının mahiyyət etibarı ilə eyni cür nəticə çıxarması, sadəcə, qeyri-mümkündür. “Göy üzü daş saxlamaz”, “İlan balası”, “Bulud”, “Addım”, “Mən bir tozam” və s. bu kimi şeirləri hər kəsin daxili dünyasında müxtəlif cür əks-səda verə bilər. “Göy üzü daş saxlamaz” şeirindəki göyə daş atılmasını “hədər zəhmət”, “mənasız iş”, “uşaq şıltaqlığı” anlamında başa düşənlərin olması da mümkündür, burada fəlsəfi məna axtaranların da. Ola da bilər ki, şeirdəki “daş”, obrazlı desək, təmizliyə, aydınlığa, insan taleyinə atılan (“daş atan bilirmi nə günah eylər”) böhtan, danos, şər-xəta anlamında, eyni zamanda bumeranq mənasında qəbul edilsin. Şairin sözüdür: “Özünə qayıdır hər şey, özünə”.
“Tanrı özü yazıb yazılanları Ha pozmaq istəsən, bir xeyri yoxdur”.
“İlan balası” şeiri həmin fəlsəfənin inikasıdır. Çox güman, təsvir edilən ilan balası qismətinə özündən asılı olmayaraq amansız tale yazılmış insanları simvolizə edir. Qəlblərində xeyirxahlıq olsa da, dillərinin “zəhəri” onlara qarşı hiddət doğurur, belələrini çoxları sevmir. Necə ki, adamlar ilan gördükdə heç vaxt zəhərinin dərdlərə dərman olduğunu düşünmədən onu qovmağa, məhv etməyə çalışırlar. Həqiqətpərəst insanların ömrünə, taleyinə məhz bəzi əqrəb xislətlilərin bir damcı zəhərləri ilə son qoymaları faktları isə tarixdən yaxşı məlumdur. Həyatın gərdişinə bax ki, belələrinin qismətinə çox vaxt vəzifə kürsülərində oturmaq düşürdü, sinələrini orden-medallar bəzəyirdi. Şeirin sonluğu tale, təbiət, xarakter etibarı ilə həyatda, cəmiyyətdə birmənalı qəbul edilməyənlərə qarşı şairin münasibətini çox aydın ifadə edir:
Bəlkə də, ən acı həqiqət elə sənsən yer üzündə, ilan balası. Sənsən haqqın yolu bu yer üzündə, tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə dünya səndən keçib durulur bəlkə...
...Deyirlər, “şairi şair edən iztirab və dərdləridir”. Məşhur türk şairi Yunus Əmrənin sözləridir ki:
Dərman axtardım dərdimə Dərdim mənə dərman imiş.
Ramiz Rövşən də “dərdsiz ürəyi susuz dəyirman” adlandırır. Deyir ki:
Göz yaşları süzüldükcə Adamın quru üzünə. İçimizdə batan dərdlər Bir-bir çıxır su üzünə.
Həm ürəyə, həm çöhrəyə süzülən göz yaşlarının ifadəsi olaraq “dünyada çox şeyə əli çatmadığından dərdin yekəsindən yapışan” şairin qəlbində məskunlaşmış qəm, kədər onun həyatdan vaxtsız getmiş qələm yoldaşlarına, görkəmli sənətkarlara, əzizlərinə ithaf etdiyi, habelə dünyada olub-keçənlərə, “yiyəsiz qəm”ə, “ağlanmayan dərd”ə, “biganəlikdən quruyan göl”ə, “küçənin tinindəki əl açan qarı”ya həsr olunmuş fəlsəfi yüklü şeirlərində dərdli ovqat açıq-aydın hiss edilir:
Ələ qələm alan kimi, Sətirlər qaralan kimi, Köynəyə sızan qan kimi Kədərim varağa çıxır.
Bəzən qəmli hallar şairi üsyankarlıq həddinə çatdırır:
Qapılar vardı ki, yerə diz qoyub, Qıfılına, kilidinə üz qoyub Öpmək istəyirdim, öpə bilmədim. Qapılar vardı ki, qıcıb dişimi, Yumruğumu, təpiyimi, başımı Çırpmaq istəyirdim, çırpa bilmədim.
...“Mən şair işləmirəm!”. Bu çox nadir və dəyərli ifadə də Ramiz Rövşənə məxsusdur və bu sözlər mənəvi azadlıqdan, müstəqillikdən, vətəndaş mövqeyindən tutmuş qəlb rahatlığına, baş ucalığına qədər çox mətləblərə söykənir. Səmimiyyət - şairin yaradıcılığının məhək daşıdır. Şərqin böyük mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin əsl mahiyyətində səmimiyyət dayanan “Ya göründüyün kimi ol, ya da olduğun kimi görün” fəlsəfi müddəasını Ramiz Rövşənin şəxsiyyətinin, həyat yolu və taleyinin güzgüsü adlandırsaq, heç də səhv etmərik. O nə yazıbsa hamısını ürəyinin hökmü ilə, qəlbinin səsinə qulaq asa-asa, yaşadığı hansısa ovqata köklənərək yüksək səmimiyyətlə qələmə alıb. İnsan həyatının son qütbü-ölüm haqqında yazıları belə, oxucunu bədbinliyə, pessimizmə aparmaq niyyəti güdmür (hərçənd ki, belə məzmuna malik şeirlərin bəzisi bizə heç vaxt məlum olmayacaq hisslərin həyəcanından, güclü təsirindən yaranıb), əksinə, həyat haqqında düşünməyə sövq edir. Belə demək mümkünsə, ömrün müvəqqətiliyi, ölümün qaçılmazlığı insanın bəsirət gözünü açan, bu dünyaya nəyə görə gəldiyini anladan həqiqətlərdir və bu reallıq gəncindən tutmuş yaşlısınadək hamının düşüncəsinə hakimdir. Yaradıcı şəxslər isə bu həqiqəti sadəcə olaraq bədiiyyatla ifadə edirlər.
...Nobel mükafatı laureatı İosif Brodskinin “Poeziya-ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, dilin ali mövcudluq formasıdır” fikri ilə, geniş mənada düşünsək, razılaşmaq olar, çünki, həqiqətən də, dil öz yüksək məqamını-cilalanıb büllurlaşmış ədəbi dil səviyyəsini, əsasən, bədii sənət və elm adamlarının yaradıcılığında tapır. Dilin möhtəşəmliyi isə lüğət tərkibinin zənginliyi, sözlərin məna çalarlarının rəngarəngliyi, sinonimlər bolluğu, dərin fikirləri, hissiyyat aləmini kamillik səviyyəsində dolğun ifadə edə bilmək tutumu ilə ölçülür. Dil bir qaladırsa, sözlər onun müqəddəsliyini, mənəvi dəyərlərini, özünəməxsus ruhunu, təmizliyini, gözəllik və şirinliyini, yad elementlərə qarşı mübarizliyini qoruyan “müsəlləh əsgər”lərdir. Həqiqətən, “Söz Allahdan gələn və Allaha ismarlanan bir varlıqdır” (Ənvər Abbasov-tədqiqatçı dilçi-alim).
...Ramiz Rövşənin fəlsəfəsində söz təmiz vicdanların, azadlıq aşiqlərinin, mənəvi idealların, saf əqidələrin, insan ləyaqətinin, qəlbləri bürüyən sevincli-iztirablı anların səsi olaraq ilahi məqam səviyyəsinə yüksəldilir. Aşağıdakı misraları“ şair işləyən”lərə yox, daim “şairlik halında” olanlara məhz əbədi çağırış kimi səslənir:
Aldanma heç kimə, satma heç kimə. satsan, öz ömrünü sən Allaha sat!.. Amma Allaha da satma sözünü, demə ki, satdığın varaqda sözdü. Allah necə alsın özü-özünü Allahın Canı yox, Allah da Sözdü... Allahı dünyayla barışdırmısan, qıraqda gəzməsin gözün Allahı. Dünyanı Allahla bölüşdürmüsən; Allahın qulusan, Sözün Allahı...
Böyük alman filosofu İ.Kantın belə bir mülahizəsi var ki, “Dahillik olmayan yerdə poeziya ola bilməz”. Bu fikirlə, bəlkə, mübahisə etmək də olar. Amma dünyanın ən önəmli təfəkkür sahiblərindən biri olan Kant bu fikri irəli sürərkən, çox güman, hər cür poeziyanı yox, məhz əbədiyaşar poeziyanı nəzərdə tutub. Mövsümi poeziyaların, onların “şair işləyən” nümayəndələrinin heç vaxt əbədiyyat qazana bilməməsini sübuta yetirməyə isə ehtiyac yoxdur.
Ramiz Rövşən poeziyası, ədalətlə desək, əbədiyaşarlıq zirvəsinə artıq çoxdan yüksəlib, bu poeziya qeydsiz-şərtsiz əsl poeziya hesab edilirsə, demək, dahiliyin mövcudluğu şəraitində yaranıb. Görkəmli ədəbiyyatşünas - alim, filosof Asif Əfəndiyev (Asif ata) vaxtilə televiziyadakı çıxışında belə bir fikir işlətmişdi ki, “Dahilik-zəmanənin dərd-qəmini, əzab-əziyyət yükünü öz çiyinlərində daşımaqdır”. Ramiz Rövşən də yazır ki:
Yük altında göynəyir kürəyimin qabarı, Yük altında təngiyir hər addımda nəfəsim. Nə atmağa qıyıram, nə gücüm var aparım Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi.
...Düşünmək olar ki, o yük şairin Tanrı qarşısında öhdəliyinin yüküdür, tale yüküdür və bu yükü şairə qismət edən onu daim pənahında saxlayır. Şair özü gözəl deyib:
Haqq sözə nökərik nökər, Biz çəkən yükü kim çəkər?! Qanımız halaldı, əgər Köynəyimiz bayraq olsa!
Sənət aləmində “ardıcıllar”, “...məktəbinin davamçıları” ifadələrini həmişə eşitmişik...
Bu mənada, düşünürəm ki, görəsən, Ramiz Rövşəni hansı şairin (şairlərin) ardıcılları, hansı məktəbin davamçıları siyahısına daxil etmək olar?! Hərçənd ki, onun yaradıcılığında ulu şair Rəsul Rza məktəbinin təsiri hiss olunur, bununla belə, mövzu aktuallığı, dünyəvi olaylara fəlsəfi münasibət, təfəkkür çevikliyi, adidə qeyri-adini duyma, görmə bacarığı, deyim və təsvir tərzi, sözdən, sözün məna çalarlarından ustalıqla istifadə baxımından yenilik, novatorluq ruhu inkarolunmazdır və belə olan halda Ramiz Rövşən yaradıcılığı özü möhkəm özül üzərində qurulmuş bir məktəbdir.
...Bu yazını lap əvvəl virtual müsahibə formasında hazırlamağı nəzərdə tutmuşdum, sonra fikirləşdim ki, özünü şəxsən tanımadığım üçün bəzi suallara cavabda onu qane etməyən məqamlara toxuna bilərəm, yaxşı alınmaz. Amma bənzərsiz şeiriyyatına ürəkdən bağlandığım bu böyük şairlə nə vaxtsa yaşadığımız şəhərdə görüşmək fikri məni tərk etmir. Axı “ayrıca şəhərimiz yox”dur.
Yazını bu yerdə bitirmək də olardı (əslində, Ramiz Rövşənin ədəbi yaradıcılığına belə adi bir məqalə yox, ciddi tədqiqat əsərləri yazılmalıdır), lakin çoxdandı ürəyimdə gizlənən bir arzu da vardı, görəsən, şeir qoşmaq məndə alınar, ya yox?! Çünki aqillərdən biri deyib ki, “bütün insanlar ürəklərində şairdirlər”. Fikirləşdim ki, məqamdır, düşünüb bir forma da tapdım: misraları şairin adı və soyadının birinci hərfləri ilə başlanmaqla onun dilindən söylənən öz aləmimdə bir şeir əmələ gətirməyə çalışdım:
Rəbbim verdi bu taleyi, mənə sevinc bəxş eylədi, Azadlıq biçdi ruhuma, məni qanadlı eylədi. Mənli-mənsiz bu dünya da elə həmənki dünyadı, İçimdən keçdi ağrısı, ürəyim qubar eylədi. Zalımların adətidi, daim zəhər püskürərlər, Rahatlıq nədi bilməzlər, ancaq ədavət səpəllər. Ölüm haqdı, gələn gedər, gedən gəlməz, Var-dövlətdən bərk yapışma, ömrün bir anına dəyməz. Şairin, şeirin, sənətin qiymətini “arif olan sərraf” bilər, Əlində hökm olana dastan da yazsan, umma ki, qədrin bilər. Nələr keçdi ömrümüzdən, kimlər ötdü yanımızdan, Niyyətim, əqidəm, məsləkim heç enmədi ucalıqdan.
...Hər bir şair arzulayır ki, oxucuları, pərəstişkarları çox olsun, yazdıqları rəğbətlə qarşılansın, şeirləri dillər əzbəri olsun.
Ramiz Rövşən o xoşbəxt şairlərdəndir ki, yaradıcılığa başlayandan ta bugünümüzə qədər həmişə oxucu bolluğu ilə əhatə olunub, şeirləri minlərlə insanın dilinin əzbəridir, istər yaşlı, istərsə də gənc nəsil tərəfindən ona xüsusi məhəbbət bəslənilir, kitabları bir göz qırpımında alınır, əldən-ələ gəzir.
Hərdən düşünürəm ki, Ramiz Rövşən şair olmasaydı, görəsən, hansı peşənin sahibi ola bilərdi?! Onun böyük şairlərimizə həsr etdiyi esselərini oxuyandan sonra bu qənaətə gəlirsən ki, şair olmasaydı Ramiz Rövşən, yəqin ki, sanballı, mahir ədəbiyyat tədqiqatçısı kimi məşhurlaşardı. Amma bizim ədəbiyyatımızın xoşbəxtliyidir ki, tale ona möhtəşəm şairlik istedadı bəxş edib və təxminən minillik tarixi olan poeziya xəzinəmiz artıq qırx ilə yaxındır ki, onun da poetik inciləri ilə zənginləşir və hələ bundan sonra da zənginləşməkdə davam edəcəkdir.
Aydın ƏHMƏDOV, Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, Əməkdar müəllim
|
|
05.08.2022 | 15:24 | |
|
|
|